Şuşada kütləvi məzarlıq aşkarlandı: Meyitləri çirkab sular quyusuna atıblar (FOTO)

Şuşada kütləvi məzarlıq aşkarlandı: Meyitləri çirkab sular quyusuna atıblar (FOTO)
Şuşa şəhərində növbəti kütləvi məzarlıq aşkarlanıb.

Bu barədə "Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir.

Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və müvafiq qurumların əməkdaşları kütləvi məzarlığın aşkarlandığı ərazidədir.

Belə ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa türməsi ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Zaur İsmayılov bildirib ki, işgəncələr nəticəsində vəfat edən əsir və girovlarımız xaotik və nalayiq vəziyyətdə Şuşa həbsxanasının ərazisində çirkab sularının yığıldığı quyuya atılıb

O bildirib ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb:

"Həmin sümük qalıqlarından 11-i tam, 6-sı isə insan skeletinin müxtəlif frqamentləridir. İnsan qalıqlarının aşkarlandığı məzarlıq Şuşa həbsxanasının ərazisində çirkab sularının yığılması üçün quyu olub. İşgəncələr nəticəsində vəfat edən əsir və girovlarımız xaotik və nalayiq vəziyyətdə həmin quyuya atılıb”.

Qeyd edək ki, bundan əvvəl isə iyun ayında Şuşa şəhərində Şuşa türməsinin ərazisində kütləvi məzarlıq aşkar edilib. İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonunun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.
 

Xəbər lenti