Ermənisayağı “iqtisadi sıçrayış”

Ermənisayağı “iqtisadi sıçrayış”
Ermənistan iqtisadiyyatında 2023-cü ildə nəzərə çarpan fantastik sıçrayışın əsas səbəbinin Rusiyaya və Rusiyadan təkrar ixrac-idxal əməliyyatlarının hesabına baş verdiyini dəfələrlə yazmışam. Məsələnin maraqlı tərəfi ondadır ki, dünyanın dörd bir yanında "Rusiyanın sanksiyalardan yayınmasına dəstək verənlər”in axtarışına çıxan Qərb, nədənsə Ermənistanın bu prosesin əsas iştirakçılarından biri olduğunu gömək istəmir. 
Faktlara müraciət edək:
2023-cü ilin dekabr ayında Ermənistanda ümumi dəyəri 82 milyard dram (203 milyon ABŞ dolları) olan təxminən 22 580 kq zərgərlik məmulatı istehsal edilib. 2022-ci ilin dekabr ayı ilə müqayisədə bu 9,4 dəfə artım deməkdir.
Təsəvvür edin, 2021-ci ilin dekabrında yaradılan İrəvan Zərgərlik Fabriki MMC 2023-cü ilin sonunda rekord sayda zərgərlik məmulatı istehsal edib...
Eyni zamanda, 2023-cü ilin dördüncü rübündə əvvəlki ilin eyni rübü ilə müqayisədə Ermənistandan zərgərlik məmulatlarının ixracı 7 dəfə artıb. Bu, əslində Rusiyadan gətirilən, daha sonra isə "Ermənistan istehsalı” kimi zərgərlik məmulatı və ya külçə şəklində xaricə çıxarılan qızıldır. 
Zərgərlik sektorunda nəzərə çarpan bu qeyri-adi sıçrayış  2023-cü ilin sonunda Ermənistanın bütün sənayesinə, eləcə də iqtisadi artım göstəricilərinə ciddi təsir göstərib.
Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, təkcə 2023-cü ilin son üç ayı, oktyabr-dekabr aylarında Ermənitandan ümumi dəyəri 419 milyon ABŞ dollarına yaxın olan 9591 kq zərgərlik məmulatı (qiymətli metallardan hazırlanmış, qiymətli metallarla üzlənmiş və ya üzlənməmiş) ixrac edilib. Və bu, cəmi üç aydır. Lakin onun böyük hissəsi noyabr və dekabr aylarında ixrac edilib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin eyni dövründə Ermənistandan cəmi 1290 kq zərgərlik məmulatı ixrac edilib ki, onun da ümumi dəyəri təxminən 24 milyon dollardır. Belə ki, 2023-cü ilin dördüncü rübündə əvvəlki ilin eyni rübü ilə müqayisədə Ermənistandan ixrac edilən zərgərlik məmulatlarının həcmi 7 dəfə, dəyəri isə təxminən 18 dəfə artıb.
2023-cü ilin dördüncü rübündə Rusiyadan 13 284 kq zərgərlik məmulatı idxal edilib ki, onların ümumi dəyəri cəmi 1,3 milyon, yəni qızılın 1 kq üçün 1 dollar təşkil edib.
Ermənistanda baş verən "sıçrayışın” səbəblərini araşdıran iqtisadçı ekspert Suren Parsyanın qənaətinə görə, Ermənistanın bir ay ərzində bu qədər zərgərlik məmulatı istehsal etmək üçün təkcə texniki resursları, avadanlıqları deyil, həm də insan resursu yoxdur: "Bir ayda hasilat həcmini 14 dəfə artırmaq üçün kifayət qədər resurslarımız yoxdur. Əslində Ermənistanda bu qədər də zinət əşyası istehsal olunmayıb, xaricdən gətirilən qızıl külçələri "zərgərlik məmulatı” adı ilə, sadəcə əzilərək təkrar ixrac edilib. Qızılın külçə halında təkrar ixrac olunmamasının səbəbi isə Rusiyaya tətbiq olunan sanksiyalardır. Rusiya qızılı Qərb sanksiyaları altındadır və onun alıcıları da, şübhəsiz ki, sanksiyalar altında düşə bilərlər. Amma zərgərlik məmulatlarının ixracı sanksiyalar altında deyil”.
Göründüyü kimi, Ermənistan hakimiyyəti, təkcə ölkədə fəaliyyət göstərən şirkətlərin qanunsuz əməllərinə, Rusiyanın sanksiyalardan yayınması prosesində iştirak etmələrinə göz yummur, yaxud yardım göstərmir, heç bir əsası olmayan "iqtisadi artım”dan iqtisadi göstəricilərini artırmaq üçün faydalanır, həm ölkə əhalisini, həm kreditorları, həm də reytinq şirkətlərini aldadır. 

Xəbər lenti