Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)

Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
                                                

          Harada yaşamağımızdan, necə qidalanmağımızdan, vəzifəmizdən,
       tutduğumuz mövqedən asılı olmayaraq hamımız eyni havanı uduruq

      2023-cü il dekabrın 12-də Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən Qlobal İqlim Dəyişiklikləri üzrə Konfransda Şərqi Avropa ölkələrinin dəstəyi ilə növbəti Tərəflər Konfransı-COP29-un 2024-cü ilin noyabrin 11-dən 24-dək  Azərbaycanın paytaxtı Bakıda keçirilməsi qərara alındı. Sual yarana bilər. Niyə bəs bu miqyasına görə dünyada ən böyük tədbirlərdən biri hesab edilən Tərəflər Konfransına ev sahibliyini öz üzərinə götürməsinə razılıq verdi? Sözsüz ki, COP29 Paris Razılaşmasında qarşıya qoyulmuş tağşırıqların icrası  və müəyyən edilmiş  məqsədlərə nail olmaq baxmından keçirilən növəti çox mühüm və tarixi görüş hesab olunur.  Azərbaycan bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etməyə razılıq verəndə bu tədbirin miqyasınıi və məsuliyyətini gözəl bilirdi.
      2023-cü il dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Cənab Prezident demişdir: "Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır, COP29 beynəlxalq konfransı Azərbaycanda, Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı”. Düşünürəm ki, yuxarıda verilən sualın ən lakonik və aydın cavabını Cənap İlham Əliyev vermişdir.
     Təbii ki, Azərbaycan bu mühüm tədbirə ev sahibliyi etmək üçün öz namizədliyini verəndə və dünya ölkələri onun namizədliyini dəstəkləyəndə  nəzərə alınmışdı ki:
     Azərbaycan Respublikası 24 oktyabr 2011-ci ildə 155 dövlətin dəstəyi ilə iki illiyə (2012–2013) BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş və 2012-ci ilin may ayında BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdi;
    Azərbaycan 4 il müddətində, BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan , 120  ölkənin təmsil olunduğu Qoşulmama Hərəkətına uğurla və müvəffəqiyyətlə sədrlik etmişdir. Ötən bu 4 ildə Bakıda Qoşulmama Hərəkatına üzv olan dövlətlərin müxtəlif ranqlı təmçilçilərinin iştirakı ilə çoxsaylı tədbirlər həyata keçirmişdir;
     2013-cü ildən başlayaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Bakı Qlobal Forumu artıq ənənəvi xarakter almış və indiyədək sayca 11 forum keçirilmişdir;
     2015-ci ildə ilk dəfə olaraq Bakıda I Avropa Oyunları uğurla  keçirilmiş, tədbirdə iştirakçılar və onları müşayət edənlərlə birlikdə 10 minə yaxın qonaq iştirak etmişdi;
      2012-ci ildə Azərbaycan Avropanın ən böyük musiqi yarışması olan Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə həmin ilin may ayında  paytaxt Bakı şəhərində, Bakı Kristal Zalında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2012-ci ilin 22 və 24 may, final isə 26 may tarixində baş tutmuşdur. Yarışmada 42 ölkədən nümayəndələr, eyni zamanda musabiqəyə tamaşa etmək üçün minlərlə qonaq  Bakı şəhərinin qonaqları olmuşlar. Musiqi yarışması uğurla başa çatmışdır;
      2023-cü il 2-6 oktyabrda Bakıda  74-cü Beynəlxalq Astronavtika Konqresi uğurla keçirilmiş, Konqresdə 132 ölkədən 5,5  min nəfər qonaq iştirak etmişdir. Bütün sadaladıqlarım və qeyd etmədiklərim irimiqyaslı beynəlxalq tədbirlər deməyə imkan verir ki, Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin iri miqyaslı beynəlxalq və kütləvi xarakter daşıyan tədbirlərin təşkili və keçirilməsi üçün təcrübəsi kifayət qədərdir.
      Eyni zamanda artıq on il ərzində ölkəmizdə formlaşmış könüllülər ordusu bu tipli kütləvi tədbirlərin idarə olunmasında mühüm rol oynayır.
     Bakının mövcud infrastrukturu, mehmanxana şəbəkləri, müasir tələblərə cavab verən, ən son texnoloji nailiyətlərlə təchiz olunmuş zalları, konqres mərkəzləri, əyləncə və görməli yerləri, həm milli , həm də müxtəlif xalqların və millətlərin mətbəxlərindən milli xörəkləri
təqdim edən mövcud restoran və yeməkxana şəbəkələri bu tədbirlərin yüksək səviyyədə keçirilməsinə imkan  yaradır.
      Həm də düşünürəm ki, Azərbaycan Beynəlxalq birliyin ən etibarlı tərəfdaşlarından biri, dünyada öz yeri, öz dəsti-xətti, öz nüfuzu, sözü də imzası qədər keçərli  olan bir dövlət olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının qərar və razılaşmalırına öz töhfəsini verməyə həmişə hazır olmuşdur. Qeyd ounanlara misal olaraq Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” üzərində xüsusilə dayanmaq istərdim. Növbəti onillikdə Azərbycanda dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək, əhalinin rifah halını durmadan yaxşılaşdırmaq, ölkəni  təhlükəsizliyini və müdafiə qüdrətini möhkəmləndirmək, dünya birliyində nüfuzunu daha da artırmaq məqsədilə özündə çox mühüm parametrləri cəmləşdirən Millin Prioritetlərdə vurğulanır ki: "Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir...   Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir”.
    Qeyd etmək zəruridir ki, Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası baxımından da  xüsusi əhəmiyyət kəsb edir.    Növbəti onillikdə özündə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioriteti müəyyənləşdirən və reallaşdırılmağı qarşıya məqsəd qoyan Azərbaycan hökümətinin bu Prioritetlərindən biri də "Təmiz ətraf mühit və "yaşıl artım” ölkəsi yaratmaqdan ibarətdir.

  Milli Prioritetlərdə nəzərdə tutlur ki, "qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz və bərpaolunan enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməli, bunun üçün ciddi tədbirlər görülməlidir. Ölkədə istilik effekti yaradan qaz emissiyasını beynəlxalq sazişlər və razılaşmalarla müəyyən edilmiş normalara uyğun səviyyədə saxlanılması istiqamətində,  ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir”. Bu məqsədlə yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı yaradılması üçün tədbirlər nəzərdə tutulur. 
Belə ki, iqtisadi artımla ekoloji mühit tarazlı olmalı, yararsız torpaq sahələri dövriyyəyə cəlb edilməklə mövcud resurslardam səmərəli istifadə edilməlidir. Ölkənin keyfiyyətli suya tələbatı su resurslarından səmərəli istifadə etməklə ödənilməlidir. Qeyd edildiyi kimi. COP28-in qərarlarında nəzərdə tutlur ki, 2030-cu ilə qədərki dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaqdır. Bunu nəzərə alaraq, bizim ölkədə də enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan "yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir. Elmi-texniki nailiyyətlərə əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payını artırılmaqla və iqlim dəyişikliklərinə təsiri azaldılmalıdır. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcəkdir.
     Əgər Milli Prioritetlərdə nəzərdə tutlan tədbirlərə diqqət yetirsək görərik ki, prioritetlərin təsdiqindən ötən 3 il ərzində, qeyri 4 prioriteti kənara qoysaq, təkcə yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı yaradılması istiqamətində görülən işləri sadalamaqla bitməz. Təkcə 44 günlük Vətən müharibəsindəki qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə bu istiqamətdə görülən işlər, Azərbaycan hökümətinin qarşıya qoyduğu vəzifələrə münasibətinin göstəricisi kimi dəyərləndirilməlidir. Azərbaycan Respubliksaının Prezidenti İlham Əliyev İşğaldan azad edilmiş əraziləri "yaşıl enerji” və "yaşıl zona” elan etmişdir. Vətən müharibəsindən az sonra  2022-ci ilin may ayında Şərqi Zəngəzurun Zəngilan rayonunda dünyada ən müasir standartlara uygun "ağıllı kınd” olan Ağalı kəndi istifadəyə verilmiş və kənd sakinləri öz doğma yurdlarına qayıtmışlar.
       2022-ci il oktyabrın 5-də BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri” və "Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda birinci Azərbaycan Milli Şəhərsalma Forumu keçirilmişdir.
      2023-cü il sentyabrın 29-da BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən "Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun keçirilmişdir. 
     Bu gün İşğaldan azad edilmiş ərazilərdə  işğaldan əvvəl mövcud olmuş və yenidənqurulması nəzərdə tutlan bütün şəhər və kəndlərin baş planları işlənib hazırlanmış və onların yenidənqurulmasına başlanmışdır. Hazırda inşasına başlanmış bütün yaşayış məskənləri onların təbiətə inteqrasiyası və park yaşayış məskəninə çevrilməsi baxışı ilə inşa edilir.
Hədəf Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı "yaşıl”şəhər və "yaşıl”kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.
      Vətən müharibəsindən dərhal sonra işğal zamanı tamailə məhv edilmiş vəhşi təbiətin bərpasına başlanmışdır. 2021-ci ildə qəbul edilmiş Azərbaycan-Türkiyə/Qarabağ Tədbirlər Planına uyğun olaraq bir sıra ikitərəfli tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu tədbirlər çərçivəsində, həmçinin "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, "Ağıllı Tingçilik” və "Dostluq Meşəsi” Kompleksinin yaradılması layihəsi uğurla həyata keçirilməkdədir.
    "Ağıllı Tingçilik”də qabaqcıl texnologiyalar əsasında istixanalar, toxum saxlama mərkəzi, qapalı kök sistemli ting istehsal sahələri, köçürmə sahələri, kölgələndirmə, soyuducu, qablaşdırma və gübrə anbarları, ting tədarük mərkəzi, təlim zonası, maşın və traktor təlim parkları inşa ediləcəkdir. Burada il ərzində yerli iqlim şəraitinə uyğunlaşdırılmış 2 milyon müxtəlif ting yetişdirilərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının meşə fondu torpaqlarında meşələrin salınmasında və yaşıllaşdırma işlərində istifadə olunacaqdır.
     Layihənin 2024-cü il iyulun 1-də tam yekunlaşdırmaqla istismara verilməsi nəzərdə tutulur. Elə ilk gündən Zəngilan rayonunda  mövcud olmuş dünyaca məşhur olan Bəsitçay çinar meşələrinin bərpasına başlanmışdır.    
      Qarabağ və Şərq Zəngəzur iqtisadi rayonunda əvvəllər mövcud olmuş , sonradan məhv edilmiş, flora və fauna növlərinin bərpası və qorunması üçün layihələr həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə fauna növlərinin-ceyran, bezoar keçisi, Dağıstan turu və nəcib maralın, o cümlədən balıq və yırtıcı quş növlərinin 2022-2023-cü illər ərzində öz tarixi areallarına yenidən qaytarılması nəzərdə tutulub.
       Azad olunmuş ərazilərdə balıq növlərinin populyasiyasının bərpası üçün də davamlı işlər görülür. İki il ərzində Bəsitçay, Həkəri və Bərgüşad çaylarının hövzələrinə balıq körpələrinin buraxılışı təşkil olunub və bu işlər növbəti illərdə də həyata keçiriləcək.
       Yuxarıda qeyr edildiyi kimi Qarabağ və Çərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikası "yaşıl enerji” zonası elan edilmişdir. Bununla əlaqədar işlənmiş tədbirlər planına uyğun olaraq, 2050-ci ilədək bu ərazilərin sıfır emissiy zonasına çevrilməsi nəzərdə tutulur. Hazırda dövlətin  aidiyyatı stukturları üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialını fəal şəkildə inkişaf etdirməkdədir. Artıq Qarabağda və Şərqi Zəngəzurda su elektrik stansiyalarının istismara verilməsi nəticəsində  burada bərpa olunan enerji müəssisəlırinin gücü 2023-cü ilin sonuna 270 meqavata çatdırılmışdır. İki-üç ildən sonra su elektrik stansiyalarının gücü 500 meqavat olacaq ki, bu da yaşıl enerjiyə keçid prosesinə  mühüm bir töhfə olacaqdır.
                                                         (Davamı var)

                                                                                                        Ramiz  Göyüş
                                                                                                    Müstəqil araşdırıcı

Xəbər lenti