Millət vəkili: "Ramiz Mehdiyevin son sərsəm açıqlaması qəbuledilməzdir"

Millət vəkili:
7NEWS.az xəbər verir ki, bu sözləri millət vəkili Ramil Həsən AMEA prezidenti Ramiz Mehdiyev son açıqlamalarına münasibət bildirərkən deyib: "Son günlər Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının prezidenti, akademik elmi dərəcəsini daşıyan, amma əslində nə akademikliyə, nə də yaşına, başına yaraşmayan açıqlamalarla Azərbaycan ictimaiyyətinin gündəmində və yaddaşında mənfi obrazı ilə silinməz iz buraxmış Ramiz Mehdiyev yeni bir ikrah doğuracaq açıqlama ilə meydana çıxmışdır. 

Çox böyük təəssüf hissi ilə qeyd edirəm ki, post-müharibə dönəmində Ramiz Mehdiyevin bu açıqlaması ictimai-siyasi mühitin daha da çirkləndirilməsinə hesablanıb. Partiyasından, siyasi mənsubiyyətindən asılı olmayaraq Azərbaycan parlamentində təmsil olunan bütün deputatlar 44 günlük Vətən savaşı zamanı Ali Baş Komandanın, eyni zamanda, milli, vahid ideologiya ətrafında sıx birləşdilər. Bizim gücümüzə güc qatan, qələbəmizi labüt edən elə bizim siyasi, mədəni birliyimiz oldu. Bütün bunlara əsaslanaraq qeyd etmək istəyirəm ki, Ramiz Mehdiyevin son sərsəm açıqlaması qəbuledilməzdir və cəmiyyətdə ikrah hissi oyadır. Məhz bu səbəbdən Azərbaycan  Milli Məclisinin deputatı olaraq, bir daha Milli Məclisdə təmsil olunan həmkarlarımla həmrəyliyimi nümayiş etdirərək bildirmək istəyirəm ki, siyasi mənsubiyyətindən, dünyagörüşündən asılı olmayaraq fikirləri və düşüncələri ilə ölkəmizin milli birliyi və bərabərliyi, dövlətimizin daha da güclənməsi və qüvvətlənməsi, dövlətimizin daha da irəliyə doğru getməsi, islahatlar və reform siyasəti istiqamətində atılan hər addımlarda öz sözünü çəkinmədən, öz sözünü hər hansı bir çətinliklərdən çəkinmədən deyərək ortada olan bütün şəxslər, o cümlədən, millət vəkilləri ilə həmrəyliyimi nümayiş etdirirəm və əminəm ki, Ramiz Mehdiyevin reallıqdan uzaq açıqlaması sadəcə açıqlama olaraq qalacaq." 

Xəbər lenti