"Bu gün Azərbaycan dünyada öz sözünü deyən, müstəqil iqtisadi siyasət yürüdən ölkədir" - DEPUTAT


"Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır".

Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. 

Məsələyə münasibət bildirən millət vəkili Vüqar İskəndərov 7NEWS.az-a  açıqlamasında yeni siyasi reallıqlar fonunda ölkəmizin uğurlu siyasət yürütdüyünü deyib: "Dünyada yeni siyasi arxitektura formalaşdırılır və hər bir dövlət öz mövqeyini möhkəmləndirir. 44 günlük Vətən Savaşından sonra həm siyasi, həm iqtisadi, həm də hərbi mövqeyini möhkəmləndirdi. Eyni zamanda ölkəmizin beynəlxalq aləmdə imici möhkəmləndi. Bu gün Azərbaycan dünyada öz sözünü deyən, müstəqil iqtisadi siyasət yürüdən ölkədir. Çox çətin bir mərhələni keçirik. Demək olar ki, 3-cü dünya müharibəsinin müəyyən elementlərini görürük. Belə bir dönəmdə stabillik adası qurmaq, müstəqil siyasət yürütmək bir çox dövlətlərin arzusudur. Azərbaycan Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə bu dönəmi çox uğurla keçirməkdədir. Prezidentin müsahibəsi olduqca səmimi, sadə dildə idi. Bu həm də xalqa münasibətin bariz nümunəsi idi."

Xəbər lenti