Azərbaycan diasporu yeni inkişaf mərhələsində

Azərbaycan diasporu yeni inkişaf mərhələsində

Görülən və görüləcək işlər; "Hələ yolun başlanğıcındayıq...”

"Diaspor” bir xalqın, bir millətin dünyaya səpələnməsi deməkdir. Ancaq hər hansı bir xalqın deyil, məhz dövlət qurmağı bacaran bir xalqın... Diaspor qürbətdə vətən deməkdir, "dövlət baba”nın hər zaman əlini çiynində hiss etməkdir. Dünyanın harasında olmasından asılı olmayaraq, qəlbin vətənlə döyünməsi, milli kimliyini unutmamaqdır. Bu mənada dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hüquqlarını qorumaq, problemlərini vaxtında həll etmək, o cümlədən onların ölkəmiz üçün faydalı işlər görməsini, dövlət maraqlarını qorumasını təmin etmək üçün diaspor fəaliyyətinin təşkili mühüm şərtdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. Ötən illər ərzində də diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

Xatırladaq ki, 2002-ci ilin 5 iyulunda prezident Heydər Əliyev  tərəfindən "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzalandı. Daha sonra 2008-ci ildə bu komitə əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradıldı. Hazırda  dünyanın 50 ölkəsində  Azərbaycanın 556 diaspor təşkilatı var. Bu təşkilatların fəaliyyəti, xaricdə fəaliyyət göstərən diaspora nümayəndələrinin gördüyü işlər, qarşılaşdıqları problemlərlə bağlı apardığımız araşdırma da göstərdi ki, son vaxtlar dövlətin bu sahəyə diqqəti artıb.

Avropadakı Azərbaycan diasporası erməni lobbisinə qarşı...

Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini öyrənmək üçün hazırda İspaniyada yaşayan Azərbaycan-İspaniya Ticarət və Mədəniyyət Assosiasiyasının Fransa nümayəndəliyinin rəhbəri Saleh Qəhrəmanlı (ACAE) ilə əlaqə saxladıq. O, bizə bildirdi ki, Avropada diaspora fəaliyyəti əvvəllər çox zəif idi, yeni rəhbərlik dəyişikliyindən sonra bir canlanma hiss olunur, Avropa ölkələrində, əsasən də Fransa, Almaniya, Hollandiya və İspaniyada son aylarda çoxsaylı görüşlər keçirilir: "Diaspora Komitəsi, Avropada yaşayan bütün azərbaycanlılarla geniş  və əhatəli əlaqələr qurmaq istəyir və siyasi mənsubiyyətindən asılı olmayaraq hər birini qəbul edir. Həmçinin Avropada yaşayan azərbaycanlılar  arasında yeni bir Koordinasiya Şurası yaradılır. Avropada yaşayan azərbaycanlılar arasında bu şuranın əsas məqsədi geniş və səmərəli fəaliyyət qurmaqdır”. 

S.Qəhrəmanlı onu da qeyd etdi ki, Qarabağ məsələsində də  daha səmərəli və vacib işləri görmək üçün mütləq  olaraq Avropada yaşayan azərbaycanlıların təşkilatlanmasına ehtiyac var: "Demək olar ki, hər bir şəhərdə dərnəklər və cəmiyyətlər var, amma təklikdə bu cəmiyyətlərin fəaliyyəti yetərli deyil. Diasporla İş üzrə Dövlət Komitəsi yalnız Avropanın böyük şəhərlərində deyil, həm də başqa region şəhərlərində fəaliyyət əhatəsini genişləndirməlidir. Bir ay öncə komitə sədri Fuad Muradovun rəhbərliyi ilə İspaniyanın paytaxtı Madriddə belə bir görüş keçirildi. Çox güman ki, digər ölkələrdə də  belə görüşlər keçiriləcək. Ümumi olaraq, kimliyindən, siyasi fəaliyyətindən asılı olmayaraq hər kəs Qarabağ məsələsində birlikdə fəaliyyət göstərməlidir, mən də bu istiqamətdə fəaliyyətimi daim davam etdirirəm və hər kəsi bir olmağa, güclü olmağa çağırıram”.

Qeyd edək ki, bu ilin mart ayının 31-də Avropada yaşayan azərbaycanlılar İspaniyanın Barselona şəhərində ermənilərə qarşı mitinq keçirmişdilər. 31 Mart azərbaycanlıların soyqırım günündə ermənilərin Barselonada qondarma respublika elan etdikləri "Artsax” adında konsert keçirməsinə etiraz edən həmyerlilərimiz  şəhərin mərkəzində əllərində Azərbaycan bayraqları və şüarlarla aksiya təşkil etdilər. Elə həmin mitinqdə də ermənilərin təxribatı ilə üzləşən soydaşlarımız onların planlarına mane olmağı bacarıblar. Ermənilərin şikayəti əsasında aksiyaya müdaxilə edən polislərə mitinqin əsas məqsəd və məramı izah edildikdən sonra onlar nəinki buna son qoymayıb, əksinə, dəstək olaraq aksiyanın sona qədər dinc şəkildə davam etməsinə şərait yaradıblar. Həmçinin həmyerlilərimizin şikayəti əsasında ermənilərin qondarma "Artsax” respublikasının bayrağını açmasına da imkan verilməyib.

Təkcə bu hadisə  onu deməyə əsas verir ki, diaspor fəaliyyəti xaricdə yaşayan həmyerlilərimizin birliyi, onların vahid ideya ətrafında toplanaraq  dövlət və milli maraqları qoruması nə qədər əhəmiyyətlidir.

"Son illər Azərbaycanda diaspor fəaliyyətinə diqqət artıb”

Azərbaycan-İspaniya Mədəniyyət və Ticarət Assosiasiyasının rəhbəri  (ACAE) Fərid Mustafayev də qeyd etdi ki, Avropada Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi ilə bağlı son dövrlər mühüm addımlar atılır: "Bizim assosiasiya 2015-ci ildə rəsmi qeydiyyatdan keçib və fəaliyyət göstərir. Bu illər ərzində bizim mütəmadi olaraq İspaniyanın dövlət rəsmiləri ilə görüşlərimiz olur. Bu görüşlərdə onlara Azərbaycan haqqında ümumi məlumatlar verir,  həmyerlilərimizin problemlərindən, turizm imkanlarımızdan danışırıq. Əsas məqsədimiz Azərbaycan diasporasının bir yerə toplanmasıdır. ACAE-nin İspaniyanın 9 bölgəsində, Fransanın isə 1 bölgəsində nümayəndəlikləri var. Onların da öz təşkilatları var və həmin bölgə üzrə ACAE-nin fəaliyyətinə rəhbərlik edirlər. Biz diaspora olaraq çox uğurla işləyirik, dövlətin dəstəyini də hər zaman hiss edirik. Diasporla İş üzrə Dövlət Komitəsi ilə güclü əlaqələrimiz var, onların dəstəyini də hər zaman hiss edirik. Son illər Azərbaycanda diaspora fəaliyyətinə diqqət artıb və bu istiqamətdə işlər görülür. Hər hansı problemimiz olanda komitə rəhbəri Fuad Muradov başda olmaqla, bizə dərhal dəstək verilir. Fuad Muradov diaspora heyəti ilə İspaniyaya son gəlişində bu ölkədəki bütün azərbaycanlıların bir araya gətirilməsi ilə bağlı bizə çox böyük  kömək etdi. Bizim bu problemimizi aradan götürdülər və bizi birləşdirdilər, o səfərdən sonra bizim fəaliyyətimiz daha da böyüdü. Artıq təkcə ACAE-nin üzvləri yox, İspaniyada yaşayan bütün azərbaycanlılar bir arada fəaliyyət göstərir. Biz bunu Diasporla İş üzrə Dövlət Komitəsinə borcluyuq”.

Mustafayev bildirdi ki, diaspor təşkilatı olaraq bir çox istiqamətdə layihələr həyata keçirirlər: "İdman layihələrinə çox böyük maraq var, ACAE İspaniyada yeniyetmələr arasında futbol üzrə yarış keçirəcək. Bu böyük bir tədbir olacaq. İspaniyada kikboksinq üzrə çempionat keçirəcəyik və Azərbaycan yığma komandası ilə İspaniya komandasının görüşü olacaq. Azərbaycan incəsənət adamlarının burada konsertlərinin təşkilini həyata keçiririk. Həmçinin Azərbaycan turizminin inkişafı ilə bağlı ACAE olaraq ciddi işlər aparır, təbliğatını həyata keçiririk. İspaniyada hər hansı azərbaycanlı problemlə üzləşərsə, diaspora komitəsinə və ya ACAE-yə müraciət edirlər, biz dərhal onun həlli üçün addım atırıq”.

Həmyerlilərimizin əsas fəaliyyət istiqamətlərindən biri də Dağlıq Qarabağ məsələsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasıdır: "ACAE-nin birinci öhdəliklərindən biri də odur ki, həm sadə insanlara, həm də dövlət qurumlarına Dağlıq Qarabağ problemi  haqqında yetərli məlumat versin, Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu dünya ictimaiyyətinə çatdırsın. Biz həmçinin Xocalı faciəsinin və işğal olunmuş torpaqlarımızın anım günlərini qeyd edirik. Bu istiqamətdə ən çox iş aparan, Qarabağ həqiqətlərini təbliğ edən Vahid İmanovdur. O, bu məsələləri dərhal nəzarətə götürür və qalan heyəti də toplayır, etiraz aksiyalarını təşkil edir. Bu, çox önəmli məsələdir, çünki erməni diasporası burada çox güclüdür, onların maliyyə dəstəyi də böyükdür. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinə də məlumat verilib. Ermənilər burada maliyyə  fondu yaradıblar və hər bir erməni vətəndaşı o maliyyə fonduna aylıq əmək haqqından pul köçürür. O pulla anti-Azərbaycan kampaniyalarını keçirirlər. Təəssüf ki, bizim diasporumuzda belə bir fəaliyyət yoxdur. Bizim maliyyə dəstəyimiz öz imkanlarımızdan asılıdır. Ermənilər güclü işləsələr də, biz onların qarşısında susmuruq”.

Asim Mollazadə ile ilgili görsel sonucu

Azərbaycan diasporunun fəaliyyətini təhlil edən Milli Məclisin Beynəlxalq Münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə isə bildirdi ki, xaricdə yaşayan azərbaycanlılar ilk növbədə təşkilatlanmağı öyrənməlidirlər: "Onlar yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni sistemlərinə inteqrasiya etməli və həmin dövlətlərin siyasi qərarlarına təsir imkanları əldə etməlidirlər. Bu çox çətin prosesdir və hazırda yeni nəsil azərbaycanlıların, gənclərin bu istiqamətdə maarifləndirilməsi, onların vətənlə əlaqələrini gücləndirmək, onlarda azərbaycançılıq ideologiyasını formalaşdırmaq çox önəmlidir. Biz hazırda bu yolun başlanğıcındayıq. Azərbaycanlıların bir xüsusiyyəti də odur ki, əksəriyyəti öz vətənində yaşamağı üstün tutur və bu səbəbdən bizim böyük bir diasporumuz yoxdur. Ancaq hansı ölkələrdə həmyerlilərimiz yaşayırsa, onları azərbaycançılıq ideyası ətrafında birləşdirərək, təşkilatlanmasına dəstək vermək lazımdır. Diasporla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə koordinasiya fəaliyyətini həyata keçirə bilər. Ancaq təkcə bu komitə deyil, Azərbaycanın digər ictimai və siyasi təşkilatları və media fəal olmalıdır. Biz hələ bu yolun başlanğıcındayıq”.

Azərbaycan diasporası ile ilgili görsel sonucu

Diasporla İş üzrə Dövlət Komitəsindən isə son dövrlər aparılan işlərlə bağlı sorğumuza cavab olaraq bildirildi ki, xaricdəki soydaşlarımızın komitənin informasiya resurslarına çıxışını asanlaşdırmaq üçün bir çox addımlar atılıb:"Komitənin 3 dildə fəaliyyət göstərən saytı yaradılıb, rəsmi sosial şəbəkə  səhifələri yaradılıb. Həmçinin infoqrafik diaspor xəritəsi yaradılıb, komitənin internet televiziyası Diaspor TV fəaliyyət göstərir.  O cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin ”Strateji Yol Xəritəsi" işlənib hazırlanıb və icrası istiqamətində addımlar atılır. Diaspor təşkilatları arasında birliyin təmin edilməsi, soydaşlarımızın vahid məqsəd ətrafında birgə fəaliyyətinə nail olunması məqsədilə Almaniyada, Fransada İsveçrədə, Belçika, Hollandiya və Skandinaviyada, İspaniyada, İtaliyada, Estoniya, Latviya və Litvada Komitənin nümayəndə heyətinin iştirakı ilə Azərbaycanlıların Koordinasiya Şuraları yaradılıb, o cümlədən Amerika Birləşmiş Ştatları və Türkiyədə şuraların təsis edilməsi məqsədilə işçi qrupu yaradılıb və bu işlər "Strateji Yol Xəritəsi”nə uyğun şəkildə davam etdirilir. Ukraynada yaşayan soydaşlarımızın birliyi və təşkilatlanması istiqamətində ciddi addımlar atılmış, diaspor təşkilatları arasında uzun müddət davam edən fikir ayrılıqları və ziddiyyətlər aradan qaldırılıb. Soydaşlarımızın birliyinin daha da möhkəmləndirilməsi və birgə fəaliyyətə nail olunması məqsədilə Ukrayna Azərbaycanlılarının Qurultayı keçirilib və qurultayda Ukrayna Azərbaycanlıları Radası təsis edilib. Dövlət Komitəsinin strukturu yenidən qurularaq, çevik fəaliyyət mexanizmi formalaşndırılıb".

Qeyd:  Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

LOBBİ.Az

Xəbər lenti