“Siyasət və “kolbasa” – Elşən Musayevin yazısı...

“Siyasət və “kolbasa” – Elşən Musayevin yazısı...
 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

İllərin söhbətidir. Demək, bir gün gömrüklə bağlı iş adamı şikayət vermişdi ki, xaricdən gətirdiyim "kolbasa”ları ölkəyə buraxmırlar. Media da bu məsələni babat işıqlandırmışdı. Və mətbuatda gedən şablon şikayət belə bir cümlə ilə tamamlanırdı: "Partiya sədri qeyd edib ki, mallarının ölkəyə girişi üçün bütün mübarizə üsullarından istifadə edəcək.”

***

Zaman keçdi. Siyasi konfiqurasiya dəyişdi və elə bir dövr yetişdi ki, Partiyaların üzünə qapı açılanda, onların sədrləri ciddi siyasi müzakirələrə cəlb olunanda, müxalif siyasətçilərlə dialoq qurulanda avtomatik olaraq normal və dünyagörüşlü siyasətçilərlə bərabər "kolbasa satan” Partiya sədrləri də masa arxasında oturmalı oldu. Və həmin anda, belələri ilə üzbəüz oturarkən hakimiyyətin aidiyyatlı qurumlarının, şəxslərinin öz içində hansı  mənəvi "iztirab” və "İşgəncə”lərlə baş-başa qaldığını təsəvvür eləməkdə belə çətinlik çəkirəm....

Qapının açılmasından danışdım. Amma bir məqamı unutmayaq: bəzi insanlar qapının açılma bucağında  qeyri-taraz dayanırlar. Belə olan halda isə məntiq etibarilə qapı çölə yox, içəri açılır və 30 ildir üzərləri toz basmış siyasi "itkin”lər, "bitkin”lər məsələni, mövzunu kəllə-mayallaq anlayırlar + ilk öncə onların üzünə qapı açanları hədəf alırlar, onlara həmin 30 illik tozu unutduranların adını çəkirlər, onlara həyatları boyu kimsənin qoymadığı hörməti qoyanların üzərlərinə gedirlər...

Nə isə.   

***

Bir Partiya sədri var. Bədrəddin Quliyev. "Kanal13” adlanan internet televiziyasına müsahibə verib. Təbii, ona müsahibə demək mümkünsə. Çün, başdan-ayağa ittiham, böhtan və iftiradır.

Bir-iki məqama toxunacam.

Bəy deyib ki, bizə ən yüksək səviyyədə heç kim tapşırıq vermir ki, neyləyək, hansı istiqamətdə iş görək və s. (Ardınca isə müstəqillikdən və müxalifətçilikdən danışıb)

Cavabım: Siyasi Partiya zavod və müəssisə deyil. Siyasi Partiya təyinatlı qurum da deyil. Siyasi Partiyaya kimsə məsləhət, tapşırıq, göstəriş vermir. Siyasi Partiyalarla ən yaxşı halda ümumi müzakirələr aparılır və həmin müzakirələrdə ümummilli və digər daxili məsələlər mövzu predmeti olur. Vəssalam.

Bəy deyib ki, Siyasi Partiyalar sifarişlə, göstərişlə ləğv edilir.

Cavabım: Sübut göstər! Varmı? - Yoxdur! Ola bilməz! Niyə ola bilməz? Çünki belə hal mövcud deyil. Əgər olsaydı, öz fəaliyyətini dayandıran 30-a yaxın Partiyalardan biri etiraz bəyanatı yayardı, kimisə ittiham edərdi, mətbuat konfransı keçirərdi və s. Yaxşı bəs, azalmanın, Partiyaların kütləvi şəkildə buraxılmasının səbəbi nədir? – Yeni qanunvericiliyə uyğunlaşma! Yalnız və yalnız! Və məlum qanunun əsas tələblərindən biri olan 5 min üzv sayı sıradan bir rəqəm deyil. Üstəlik, hamının adından nahaq və lazımsız bir şəkildə danışanların, cırnayanların da əsas məqsədi, məramı 5 min üzv sayı torlaya bilməyəcəklərinə əmin olduqları üçün əvvəldən aranı qatmaq, suyu bulandırmaq və məsələyə başqa don geyindirmək cəhdidir. Başqa heç nə!

Bəy deyir, bizim işimiz elə Şuşaya, Ağdama gəzməyə getməkdən ibarətdir. Amma heç gəzə də bilmirik. Şəkil çəkdirib qayıdırıq. Ardınca da "gül vurub”: "Yaxşı ki, iqtidar "avtobus müxalifəti”ni yolda məhv etməyib.”

CavabımBirincisi....Özünü "avtobus müxalifəti” sayırsansa, həmin avtobusda nə işin var? Zorlamı mindiriblər səni ora? İkincisi...Biz Şuşaya gəzməyə yox, konfransa getmişdik. Fotonu isə hamı könüllü çəkdirib və səninlə şəkil çəkdirmək üçün də biləsən ki, heç kimin ürəyi "atmır”. Nəhayət üçüncüsü....Təfəkkürün eynən Əli Kərimlinin təfəkkürüdür! Beyninizdə ancaq dağıtmaq, məhv etmək və yox etməkdir. Üstəlik, fərqində deyilsən ki, konkret olaraq səni - həmin avtobusa minənə qədər heç pərdə asmağa da çağıran yox idi. Nəinki, siyasi konfranslara....

 

Elşən Musayev, Milli Məclisin deputatı.

Xəbər lenti