Fransa dəyərlərin ən çox tapdandığı ölkələr sırasındadır - siyasi şərhçi

Fransa dəyərlərin ən çox tapdandığı ölkələr sırasındadır - siyasi şərhçi
Demokratiya, söz və fikir azadlığı, sərbəst toplaşmaq hüququ kimi dəyərlər Fransaya yalnız başqa dövlətlərə təzyiq etmək üçün lazımdır. Son illər bu ölkədə yaşananlar göstərir ki, əslində Fransa bu dəyərlərin ən çox tapdandığı ölkələr sırasındadır. Azərbaycan Dövlət Televiziyası əməkdaşlarına edilən hücum, onların kamerasının alınması və bu əməli törədənlərin hələ də aşkara çıxarılmaması faktı bunun daha bir konkret örnəyidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

O qeyd edib ki, bu hadisə Somalidə, Nigeriyada, lap elə Əfqanıstanın özündə baş versəydi, bunu hansısa formada izah etmək mümkün olardı. Çünki siyasi, iqtisadi, sosial böhran yaşayan bu tipli ölkələrdə belə hadisələrin baş verməsi az qala "normal” qarşılanır. Çünki, bu ölkələrin hakimiyyətləri ölkəyə nəzarət etməkdə, proseslərin idarə edilməsində çətinlik çəkirlər. Amma bura Fransadır: "Demokratiyanın beşiyi”, "bəşəri dəyərlərin çiçəkləndiyi”, "insan haqlarının gül açdığı” Fransa. Bəs nə baş verir orada? Küçələrə çıxıb haqq-ədalət tələb edən insanlara polis hücum edir, bir gənci vurub öldürür, minlərlə insanı həbs edir. Sonra da "naməlum şəxslər” hadisələri işıqlandıran jurnalistləri "tərksilah” edir, onlara xəsarət yetirir və hətta onları ölümlə hədələyirlər.

Bəs Emmanuel Makron haradadır? Bəs o nə deyir, hadisələrə necə baxır? Xəbəriniz olsun ki, həmin gün Makron Fransadakı erməni diasporasının rəhbərləri ilə görüşüb və onlara söz verib ki, nə qədər lazım olarsa Azərbaycana təzyiq edəcək və son nəfəsinə qədər ermənilərin maraqlarını müdafiə edəcək.

Burada deyiblər ki, "Özünə umac ova bilmir, başqasına əriştə kəsir”.

F.Şahbazlı vurğulayıb ki, azərbaycanlı jurnalistlərin hücuma məruz qalması faktına indiyədək nə Fransa hökumətinin, nə də ki, Makronun səsi çıxmayıb: "Fransanın Azərbaycandakı səfirinin dilucu bəyanatından başqa heç bir münasibət bildirilməyib. Belə olan halda isə bizə yalnız bunu demək düşər: Səsin gəlsin, Emmanuel Makron”.

Xəbər lenti