Deputatdan “Azərsu”ya çağırış: “Kəndlər susuz qalıb...”

Deputatdan “Azərsu”ya çağırış: “Kəndlər susuz qalıb...”
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elşən Musayev "Azərsu” ASC-yə müraciətindən danışıb.

Deputat bildirib ki, onun çağırışları nəticəsiz qalıb:

"Mən də, rayon icra hakimiyyətinin başçısı da dəfələrlə "Azərsu”-ya müraciət etmişik ki, haqqında danışdığımız kəndlərin su təchizatı nəhayət, kənd bələdiyyələrinin balansından alınıb "Azərsu”ya verilsin. Çünki bələdiyyə bu yükü qaldıra bilmir. Amma təəssüf ki, hələ də nəticə yoxdur və beləcə, insanlar əziyyət çəkirlər, insanlar kilometrlərlə uzaqlardan su gətirirlər, su daşıyırlar. Kənddə hamı su dərdi çəkir. Parlamentdə son çıxışımdan sonra "Azərsu” rəhbərliyi mənimlə əlaqə saxladı, fikirlərimə çox, lap çox diqqətlə yanaşıldı, hətta rayonda qısa müddətdə kifayət qədər işlər də görüldü. Onlara bu görülən işlərə görə sonsuz təşəkkürümü bildirirəm, sağ ol deyirəm.

Fəqət, bununla bərabər onu da demək istəyirəm ki, Zaqatalanın hazırda əsas su problemi məhz Tala kəndləri ilə bağlıdır. Xüsusən də Aşağı Talada vəziyyət olduqca kritikdir. Bilirsiniz, bəlkə də qaz olmayanda elektrik sobası yandırmaq olar, işıq olmayanda şam, lampa yandırmaq olar. Bəs su? Suyun alternativi, əvəzedicisi varmı? Yoxdur. Ona görə də hörmətli "Azərsu” rəhbərliyindən, müvafiq qurumlardan artıq dərəcədə xahiş edirəm ki, bu dəyərli insanların dərdinə çarə tapsınlar, onların su problemini həll etsinlər. İnsanlar çox əziyyət çəkirlər”.

Spiker ona cavab olaraq bildirdi ki, həqiqətən də su problemi narahatlıq doğurur.

Xəbər lenti