Üçrəngli göy qurşağı - RAMİZ GÖYÜŞOV YAZIR

Üçrəngli göy qurşağı - RAMİZ GÖYÜŞOV YAZIR
Azərbaycanda dövlətçilik ənənələrinin və atributlarının bərpası, müsəlman şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədar olmuşdur. 1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra onun əsas dövlət atributlarından, simvollarından biri olan bayrağın necə olması mühüm əhəmiyyət kəsb edirdi. 

Azərbaycan Cümhuriyyəti ilk dəfə müstəqilliyini elan etdikdən sonra bayraq haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilmişdi. Həmin qərarda Azərbaycanın ilk dövlət bayrağı qırmızı rəngdə, orta hissəsində ağ aypara və səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edilmişdir. O zaman Əhməd Cavad bu bayrağı belə tərənnüm edirdi: 

  

Gül rəngində bir yarpağın, 

Ortasında bir hilal, 

Ey al bayraq, sənin rəngin 

Söylə neyçün böylə al?! 

  

Ey sevimli bayrağımın 

O dalğalı duruşu: 

Sandım salam rəsmi sənə 

Buludların yürüşü! 

  

Hakim olub bir torpağa, 

Ona etmək böylə naz? 

Səndən başqa bir gözələ, 

Söylə, neyçün yaramaz? 

Bu sətirlər Əhməd Cavadın Cümhuriyyətə, onun atributlarına, xüsusilə bayrağa ilahi bir sevgisindən irəli gəlirdi. 

Məncə, bu şeir ümumiyyətlə Azərbaycan bayrağına yazılmış ilk şeirdir. 

Azərbaycanın ictimai fikrinin ən görkəmli şəxsiyyətlərindən biri Əli bəy Hüseynzadənin redaktorluğu ilə nəşr edilən "Füyuzat” jurnalının və füyuzatçıların indiki üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi  qəbul edilməsində müstəsna xidmətləri olmuşdur. 

Əli bəy Hüseynzadə "Füyuzat” jurnalında dərc etdiyi məqalələrinin birində yazırdı: "Bizə fədai lazımdır! Türk hissiyatlı, islam etiqadlı, Avropa qiyafəli fədai.” Sonradan bu fikir təkmilləşdirilərək, aşağıdakı ifadə formasını aldı: "Türkləşmək, islamlaşmaq, müasirləşmək”. 

Əli bəy Hüseynzadənin bu ideyası Cümhuriyyəti quranların timsalında öz hərarətli tərəfdarlarını tapdı və Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağında Azərbaycan vətəndaşının ideya-mənəvi dəyəri kimi simvollaşdı.                     1918-ci il noyabr ayının 9-da  Azərbaycan Xalq Cümhuriyyətinin hökumət başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı dövlət bayrağı kimi təsdiq edildi və 1918-ci il dekabrın 7- də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin açılışı zamanı binanın üzərində dalğalanmağa başladı. Elə o vaxtdan da "üçrəngli göy qurşağımız” şeirimizin mövzusuna, şairlərimizin ilham mənbəyinə çevrildi. 

İstiqlal şairimiz Əhməd Cavad içindən, damarından, qanından, nəfəsindən gələn bayrağa məhəbbət hisslərini aşağıdakı nümunələrdə görün necə təsvir edir: 

  

İncilər tök gəl yoluna, 

Sırmalar düz sağ-soluna, 

Fırtınalar dursun yana, 

Salam türkün bayrağına. 

və ya: 

Köksümdə tufanlar gəldim irəli, 

Öpüm kölgən düşən mübarək yeri, 

Allahın yıldızı o gözəl pəri, 

Sığınmış qoynunda Aya, bayrağım!                      

Bayrağımız poeziyamızda özünün ən gözəl təcəssümünü növbəti dəfə böyük Azərbaycan dramaturqu, görkəmli ədəbiyyat adamı Cəfər Cabbarlının "Azərbaycan bayrağı” şeirində tapıb: 
  

Mələklərin qanadımı üzərimə kölgə salan? 

Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı! 

Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı? 

Xayır, xayır? Çiçək solur, otlar yerdə tapdanır. 

...Fəqət bizim bayrağımız ucaları pək seviyor, 

Yulduzlardan, hilaldan da yüksəklərdə fırlanıyor... 

Gövdəsində ay əyilib bir gözəli qucmaqda, 

Qucuşaraq sevdiyiylə yüksəklərə uçmaqda. 

Şu görünüş bir ananın şəfqətinə oxşayor. 

Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.


Şeiri oxuduqca şairin bayrağa olan məhəbbətinə, sevgisinə heyrət edirsən. Sanki şair sözlə bayrağımızın şəklini çəkir, oxucunu düşünməyə, fikrə dalmağa məcbur edir, xəyal səni uzaqlara aparır. Sanki müəllif bayrağa aid söz qoşmayıb, süjet yaradıb, bir film çəkib. 

Şairin poetik dühası qarşısında heyrətə gəlirsən. Belə bir şeir bayrağa, həm də təkcə bayrağa yox, Azərbaycana, onun dövlətinə, xalqına, dilinə, 
adət-ənənəsinə sonsuz məhəbbətdən yaranıb. 

Lakin min təəssüf ki, 1920-ci il aprelin 28-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildi və Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Azərbaycanın üçrəngli bayrağı da o zamandan yasaq edildi. Zaman keçdi... Xalq onu ən qiymətli bir nemət kimi qəlbinin ən dərin guşələrində əzizlədi, saxladı. O zaman bayrağımız təkcə qəlblərdə yaşamadı, həm də şeirlərimizdə, bayatılarımızda, mahnılarımızda yaşadı. 

Azərbaycanımızın böyük sənətkarı, təkrarsız səs və ifa tərzinə malik, həm şeir yazan, həm də musiqi bəstələyən, indi xatirələrə dönmüş Xan Şuşinskinin  (İsfəndiyar Aslan oğlu Cavanşirov) məşhur "Şuşanın dağları” mahnısı (sözləri də, musiqisi də onundur) bu qəbildən olan nəğmələrdəndir. Qırmızı Sovet İmperiyası dövründə xalqların milli-mənəvi dəyərlərini, milli dövlətçilik tarixini məhv etməyə yönəlmiş siyasət xalqa sırınanda  Xan Şuşinski dövlətçilik rəmzlərimizi mahnıda və şeirdə vəsf etdi. 

  

Şuşanın dağları başı dumanlı, 

Qırmızı qoftalı, yaşıl tumanlı. 

Xan necə məharət və ustalıqla Azərbaycanın üçrəngli milli sancağını Şuşanın dağları ilə, Şuşalı bir gözəlin timsalında vəsf etmişdir. Başı dumanlı dedikdə Xan bayrağımızın mavi rənginə, qırmızı qoftalı dedikdə qırmızı rənginə, yaşıl tumanlı dedikdə yaşıl rənginə işarə vururdu. Bəlkə də mahnının ikinci misrasındakı qaş-göz işarəsi ayparaya və ulduza, tel isə onun gözəlliyinə işarə idi: 

Ay qız, bu nə qaş-göz, bu nə tel, 

Ölərəm dərdindən onu bil, 

Bir danışmasan da, barı gül. 

Nəhayət 1991-ci il noyabrın 18-də Azərbaycan öz müstəqilliyininin bərpasını bəyan etdi və ikinci dəfə öz sevimli, üçrəngli bayrağına qovuşdu. 

Lakin bu tarixə hələ bir illik zaman kəsiyi qalmış bir vaxtda,  Qırmızı İmperiyanın qırmızı şalvar vaxtında, xalqların milli azadlıq hərəkatlarının qanla boğudulduğu bir dönəmdə xalqımızın böyük oğlu, misilsiz dövlət xadimi və xalq adamı, Ümummilli liderimiz Heydər Əliyev bir zamanlar xalqın mütərəqqi ziyalılarının arzu və istəyindən doğan, sonradan yasaq edilmiş üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi qəbul edilməsində misilsiz xidmət göstərdi. 1990-cı il noyabrın 17-də Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada üçrəngli, ay-ulduzlu bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilmiş və Azərbaycan Respublikasının Ali Məclisinə həmin bayrağın dövlət bayrağı kimi qəbul edilməsi tövsiyə edilmişdi. 

Azərbaycan bayrağı haqqında daha bir yaddaqalan əsəri Xalq şairi Bəxtiyar Vahabzadə yaratmışdır. 


Üçrəngli bayrağın kölgəsində mən, 

Qaraca torpağı vətən görmüşəm. 

Zəfər güllərini dövri-qədimdən, 

Bayraq işığında bitən görmüşəm. 

Bayraq mənliyimdir, bayraq kimliyim, 

Bayraq-öz yurduma öz hakimliyim. 

... Daim ucalasan! Savaş günündə, 

Əsgər silahıyla səni tən görüm. 

Yalnız zəfər çalmış şəhid önündə, 

Səni alqış üçün əyilən görüm. 

Son zamanlar bayrağımıza həsr edilmiş, ən çox populyarlıq qazanan şeirlərdən biri Ramiz Qusarçaylının "Azərbaycanın bayrağı”  şeiridir. 

Çağdaş Azərbaycan poeziyasının dəyərli nümayəndələrindən biri, müxtəlif mövzularda insanı düşünməyə vadar edən, dərin məna yüklü şeirlər yaradan Ramiz Qusarçaylının bayrağımızın məna və məzmununu açmağa, onu vəsf etməyə qüdrəti çatıb. Özü də necə
  

Şənini vəsf eləməyə yetər, qüdrətim yetər, 

Ulduzunu, ayını göydə mələklər ötər, 

Hər rəngində "ya qazi, ya şəhid” bir mən bitər, 

Sən ey İstiqlalımın əbədiyyət sancağı, – 

Azərbaycan bayrağı! Azərbaycan bayrağı! 

  

Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm, 

Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm, 

Şuşada sən qonduğun daşa pir deyəcəyəm, 

Çəkəcəyəm gözümə kölgən düşən torpağı 

Azərbaycan bayrağı! Azərbaycan bayrağı!


Mənim qənaətimcə Azərbaycan bayrağına həsr olunmuş, onu tərənnüm edən sonuncu maraqlı və məzmunlu şeir Dayandur Sevginin "Azərbaycan bayrağı” şeiridir. 

Dayandur Sevginin bayraq sevgisi öz möhtəşəmliyi ilə sələflərinin ənənəsini təkrar etməklə, həm də bütünlüklə orijinaldır. Bayrağa həsr olunmuş şeirlər içərisində Azərbaycan poeziyasının bu yazıda adı çəkilən beş nümayəndəsinin bayrağa həsr olunmuş şeirlərini xüsusi qeyd etməklə, onların sırasında Dayandur Sevginin də yerini məmnuniyyətlə qeyd edirəm. 

Əslində bütün rənglərinin mənası ölkənin hər bir vətəndaşına kifayət qədər məlum olan, nəhəng ədəbiyyat adamlarının adlarını qeyd etdiyim nümayəndələri fonunda yeni nə söz demək olardı deyə düşünürsən.  Dayandur Sevgin bayrağı necə vəsf etməliydi ki, o, Əhməd Cavad, Cəfər Cabbarlı, Bəxtiyar Vahabzadə səviyyəsinə yüksələ bilsin. 

Ancaq Dayandur Sevgin bunu bacardı. Özü də necə: 

Millətimin fəxridi, haqqa gedən yoludu,
Koroğlumun qılıncı, Babəkimin qoludu, 
Müstəqillik günəşi, Azadlıq simvoludu,
Seyr elə, igid əsgər, dalğalanan bayrağı,
Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı! 

...Tanrıdan səda gələ, yazdığın haqqa yaza,
Mələklər səcdə edə, bu aya, bu ulduza,
İgid oğlanlarımız, sevdiyi gözəl qıza,
Atsın zərif çiyninə, versin nişan bayrağı.
Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı! 

          Bu yazıda şeirlərindən nümunə gətirilən şairlərin hamısı bayrağımızın rənglərini, aypara və ulduzunu öz əsərlərində tərənnüm etmişlər. Bu da təsadüfi deyil. Çünki həm rənglər, həm də aypara və ulduz mənalar daşıyır. 

       Bayrağımızda rənglərin düzülüşü, onların mənası, aypara və səkkizguşəli ulduzun izahı kifayət qədər şərh edilmişdir. 

          Aypara və səkkizguşəli ulduzun bayrağımızda yer almasının mənası daha dərindir. 

      Ümumiyyətlə, insanlar yarandığı gündən göy cisimlərini müqəddəsləşdirmişlər, ətraf mühitdə baş verən hadisələri Günəşin, Ayın, ulduzların düzülüşü ilə müəyyənləşdirmişlər. 

          Ona görə də Günəş də, Ay da, ulduzlar da insanlar üçün müqəddəsləşib, mifləşib. Bu səbəbdən onlar Ayı, Günəşi, ulduzu öz yazılarında, daş kitabələrdə, abidələrdə, qəbir daşlarında, pul kisələrində və nəhayət bayraqlarında əks etdirmişlər. Bu baxımdan Azərbaycanda mövcud olmuş dövlətlərin bayraqlarında Ay, ulduz və Günəşə rast gəlinir. 

Maraqlıdır ki, xristianlarda aypara həm də Müqəddəs Məryəmin simvolu kimi qəbul olunur. 

Türklərdə ayparanın simvollaşması Osmanlı İmperiyasının banisi Osman Qazinin yuxusu və qələbəsi ilə bağlıdır. 

Aypara və səkkizguşəli ulduzun islamdan çox qədimlərə getməsinə baxmayaraq, indi bu simvolları daha çox islamla bağlayırlar. 

Ayparanın İslamda müqəddəsləşməsi Məhəmməd Peyğəmbər tərəfindən edilən "Şəqqül-Qəmər” möcüzəsi ilə bağlıdır. Aya baxanda salavat çevrilməsi Peyğəmbərin ruhunu şad etmək və onun çöhrəsini gözəllik simvolu kimi bədirlənmiş Aya bənzətməklə bağlıdır. 

Deyilənlərdən belə nəticəyə gəlmək olur ki, bayrağımızdakı Ay və səkkizguşəli ulduz təsvirləri türkçülük və islamçılıqla əlaqədardır və bu simvollar bir də bayrağımızla birlikdə bir daha müqəddəsləşmişdir. 

Müstəqil Azərbaycanımızın üçrəngli, ay-ulduzlu bayrağının keşməkeşli tarixinin bugünkü möhtəşəm səhifəsini Prezidentimiz İlham Əliyev yazır.  Prezidentimiz öz əməli fəaliyyəti və qələbələri ilə hər sahədə olduğu kimi, dövlətçilik sahəsində də, dövlət rəmzlərimizə, bayrağımıza münasibətdə də yeni tarix yaradır.Bu gün Cənab prezidentimiz İlham Əliyevin apardığı üğurlu ciyasət nəticəsində hər bir Azərbaycan vətəndasında, xüsusilə gənclər arasında byrağa heç vaxt olmayan bir sevgi və məhəbbət formalaşmışdır. 

İndi ölkəmizin elə bir bölgəsi, rayonu yoxdur ki, orada Azərbaycanın Dövlət Bayrağı əzəmətlə və vüqarla dalğalanmasın. 

Ulu Öndərimiz Heydər Əliyev deyirdi: "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.” Bayrağımızın vüqarla dalğalanması Ümummilli liderimizin bu kəlamlarının göstəricisidir. 

Prezidentimiz İlham Əliyev deyir: "Azərbaycan tarixin müxtəlif dönəmlərində heç zaman indiki kimi qüdrətli və güclü olmamışdır.” 

Azərbaycan güclü olduqca, onun dövlət bayrağı daha möhkəm dayaqlar üzərində dayanaraq, daha yüksəklərə, Aya, ulduzlara, Günəşə yüksələcəkdir. 

Onu Azərbaycan Prezidenti  İlham Əliyev daha yüksəklərə qaldıracaqdır. 

Necə ki, Azərbaycan bayrağı dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının binası üzərində, dünyanın 150-dək çox ölkəsindəki Azərbaycan səfirliklərinin və nümayəndəliklərinin binası  üzərində qürurla dalğalanır, idmançılarımız dünyanın məşhur idman meydanlarında, Azərbaycanın Dövlət Himninin sədaları altında ən yüksək zirvəyə qalxmaqla bərabər yüz minlərlə insanı özü ilə bərabər ayağa qaldırır, Azərbaycanın kosmik fəzadakı süni peykləri ilə birlikdə dövrə vurur! 

Və nəhayət Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi artıq üçrəngli bayrağımız 30 il həsrətlə gözlədiyimiz işğaldan azad edilmiş şəhər və kəndlərimizdə - Şuşada, Füzulidə, Cərayılda, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında, Hadrutda, Suqovuşanda, 200-dən çox yaşayış məntəqəsində dalğalanır. Əminik ki, bayrağımızın Cənab Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusunun  Xankəndində və Xocalıda dalğlandıracağı gün də uzaqda deyil. 

Prezidentimiz İlham Əliyevin sözləri yada düşür: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, qanımızdır.” 

Ramiz GÖYÜŞOV 

Xəbər lenti