“O rəqsi, bəlkə də, hamı Aqil Abbasdan daha gözəl oynayar”

“O rəqsi, bəlkə də, hamı Aqil Abbasdan daha gözəl oynayar”
24 ildir dostluq edirəm onunla. Srağagün qərarlaşmışıq ki, ənənəvi görüş yerimizdə çay içək. Gəlib. Oturmuşuq. Baxıram, üzü gülür. Öz də qəribə gülür. Sifətindəki qırışlar açılıb. Üstəlik, nəsə demək istəyir və sanki haradan başlayacağını dəqiqləşdirir. Sükutu isə mən pozuram.

- Qardaş, nəsə sözlü adama oxşayırsan, danış ürəyimi üzmə…

- Ağdama getmişdim. Kəndimizə. Keşdazlıya.

- Vəssalam. Aydındır.

Dostum düz 30 il öz kəndinin həsrəti ilə yaşayıb və mən bütün münasibətimiz boyunca onu bir dəfə də olsun Ağdamsız tam xoşbəxt görməmişəm. Üzündə, gözündə, təbəssümündə həmişə nəsə çatmayıb. Ağdam ümumiyyətlə mənim üçün bir Aqil Abbas, bir də dostumla assosiasiya olub. Hər zaman. Bu insanları tanıdığım gündən Ağdama onların gözləri ilə baxmışam....

- Hə qaqa, evimizə qədər getdim. Heç kim inanmırdı ki, vəhşi erməninin düzəngaha çevirdiyi yerdə ata yurdumu taparam. Amma tapdım. Uşaqlığım keçən baxçada gəzdim. Bircə ağaclar həmin ağaclar idi. Qalan hər şey dəyişmişdi. Sonra gedib yalnız sütunu qalan otağımın qarşısında dayandım. Çarpayımın yerini dəqiqləşdirdim. Gözüm bir anlıq gəzdi ki, bəlkə, nənəmin köhnə sandığı qala. Qala ki, xatirələri yığım özümlə aparım...( bir anlıq duruxur və davam edir) Hələ sənə bir şey də deyim. Düz 30 ildir atamla mərc gəlmişik ki, mənim üçün tökdürdüyü evin bünövrəsinin eni və uzunu nə qədər olub. Mən deyirdim 15-in 16-ya, atam deyirdi 12-nin 15-ə...

- Və?

- Mən deyənmiş. 15-16. Atamı mərcdə udmuşam.

- Qəbiristanlığa getdinmi qardaş?

- Getdim. Amma içəri girməyə imkan vermədilər. Demək bu ermənilər neyləyibmişlər? Qəbir daşlarını əyib, altında mina basdırıblar. Ki, ora gələn, öz doğmasının baş daşını yıxılmış vəziyyətdə görən adam instinktiv olaraq onu qaldırmağa çalışacaq axı. Bax, qaldıran kimi qəbirlə bərabər partlasın. Bu səbəbdən qəbiristanlıqda mina yoxlamaları ikiqat diqqətlə aparılır. Çünki ən böyük təhlükə oradadır. Amma....babamın qəbrini uzaqdan gördüm. Gördüm və qışqırdım. Biz gəlmişik deyə. Məncə eşitdi. Əsas eşitdi.

Haşiyə: Qəbiristanlıq dedim, yadıma düşdü. Olan söhbətdi. Zəngilandan qaçqın düşən 7 yaşlı Nərmin 1-ci Qarabağ savaşında itirdiyi və qəbrinə belə həsrət qaldığı anasını yad etmək üçün Bakıda məscidə gəlir. Və əlini göyə qaldırıb sakit bir tərzlə deyir: "Ana can, istədim sənə dua edim, amma duaların heç birini axıra qədər bilmirəm. "Yasin” oxutmaq istədim – dayım həmişə deyirdi ki, onu pulla oxuyurlar – ona görə bundan da vaz keçdim. Amma bir şeir var. "Uşaq və buz.” Əvvəldən axıra qədər əzbər bilirəm. Gəl onu söyləyim. İnan, elə deyəcəm ki, bütün dualardan daha tez çatacaq sənə. ...”

- Qaqa, bir şey soruşum..

- Buyur.
Ətraflı

- Yaxşı hədiyyə bağlayan yer tanıyırsanmı?

-  Aha, tanıyıram. Amma xeyir ola?

-  Ağdamda evimizin "padval”ına düşdüm. Ermənilər hər şeyi daşımışdılar. Bircə bilirsənmi nə qalmışdı? Anamın mis qazanı. Mənə uşaqlıqda südlü aş bişirdiyi mis qazan. Həmin qazanı özümlə götürmüşəm. İki gün sonra anama ad günündə hədiyyə edəcəm. Ona görə soruşdum hədiyyə bağlanan yeri...

-  Mən o mənzərəni indidən təsəvvür edirəm...

-  Qaqa, mən təsəvvür belə etmirəm. Edə bilmirəm. Edəndə vahimələnirəm. (deyir, kövrəlir...)

Füzuliyə, Laçına qayıdış edən yaşlı nəslin nümayəndələrinin fotolarına baxmısızmı heç? Baxmamısınızsa, baxın. Diqqətlə baxın. Əsas da gözlərinin içinə. Bir baxışda min hiss var. Həsrətlə xoşbəxtliyin, nisgillə sevincin əl-ələ tutumu var. Eyni anda ağlamaq və gülmək istəyi var. Uşaqlıq var, gənclik var. Bircə yaşlılıq yox idi...İndi o da var!

Qarabağın yolu mənim üçün bax o gözlərin içindən keçir...

Siz "Qarabağ” futbol klubu ilə bərabər getdiyi səfərdə Aqil Abbasın Ağdamdakı rəqsini görmüsünüzmü? Görməmisinizsə axtarın, tapın və baxın. Mütləq baxın. Tərz sakitdir. Və, bəlkə də, həmin rəqsi sırf rəqs olaraq hamı Aqil Abbasdan daha gözəl oynayar. Amma kimsə Aqil Abbasın gözləri və baxışı ilə oynaya bilməz. Ağdam yükünü biləyindən topuğuna qədər bütün əzalarında daşıyıb oynaya bilməz. Dağınıq saçlarını, üzündəki qırışları, hətta sağa doğru əyilmiş qalstukunu belə bir rəqsə bu qədər uyğunlaşdırıb, improvizə edib oynaya bilməz...Bilməz ki, bilməz.

- Qardaş, "mama”nı mənim adımdan da təbrik edərsən. Amma mis qazanı vermədən öncə...

- Niyə?

- Çünki qazanı verəndən sonra o heç kimin təbrik hayında olmayacaq...

Elşən Musayev,

Milli Məclisin deputatı
 
 

 

 
 

Xəbər lenti