“Ədliyyə Nazirliyi Dehlidəki Sanca Kumara deyil, partiya siyahısındakı Möhləddinə zəng edir...”

“Ədliyyə Nazirliyi Dehlidəki Sanca Kumara deyil, partiya siyahısındakı Möhləddinə zəng edir...”
"Wikileaks”i yəqin çoxları xatırlayır. "Dərin dövlət konseyi”nin periodik münaqişəsi zəminində meydana çıxmış, 5 gün ərzində 52 dövlətin 10 illik yazışmasını 457 cilddə tirajlamaqla bomba effekti yarada bilmiş və ən sonda elə alışdığı sürətlə də sönmüşdü. Amma onların tarix üçün mühüm bir xidməti yəqin ki, heç bir zaman unudulmayacaq. "Wikileaks” həmin qısa müddətdə az qala bütün planetə son dərəcə vacib mesajları çatdıra bildi:

1) Gördüyünüzlə baş verənlər arasında dərin əlaqə axtarmayın.2) Əksər beynəlxalq təşkilatların səmimiyyətinə inanmayın. 3) Dünya 10-luğunun diplomatik korpusu ilə maksimum ehtiyatlı (diqqətli) davranın.

***

O gün mediadan Hikmət Hacıyevin açıqlamasını oxudum. NATO-nun keçmiş Baş Katibini ifşa etmişdi. Konkret faktlarla. Kəskin bir formada. Ən çox ritorika ləzzət elədi və nə gizlədim, bir az da qəribə hisslərə qapıldım. Çünki, siyasi konfiqurasiya dəyişikliyinə qədər belə məqamlara çox az şahidlik edirdik və uzun illər boyunca dövlətin diplomatik sahəyə cavabdeh şəxslərinin əksəriyyəti düşünürdü ki, kritik kazuslarda cavab maksimum ehtiyatlı olmalıdır. Xeyr! Cavab elə bax bu cür olmalıdır. Sarkazmı ciddiliyə, ciddiliyi konkretliyə, konkretliyi kəsərə qataraq! Nala-mıxa vurmadan. Ki, siz busuz! Yoxsa bir çox xarici diplomatlar özlərinə "avto pilot” komfortu tapan kimi anidən siyasətçiyə çevirilirlər, siyasi ekspert havasına girirlər, özlərini Siyasi Partiya rəhbəri kimi aparırlar.   

Rino Harnişi xatırlayın, yetər.

Və unutmadan bir məqama toxunum. 2 gün öncə xarici dövlətin müvəqqəti işlər vəkilinin dəvəti ilə təşkil edilən görüş də mənə çox maraqlı gəldi. O baxımdan ki, görəsən mövzu nə olub? Hə, aydındır, artıq bu barədə açıqlama verilib və hər kəsin öz səlahiyyət çərçivəsi daxilində müzakirə apardığı xüsusi vurğu ilə qeyd olunub. Amma, lütfən biriləri mənə izah etsin: Müvəqqəti işlər vəkilinin istintaq altında olan şəxslə bağlı informasiya almaq səlahiyyəti hansı çərçivənin içindədir? Diplomatik protokolunmu, bəlli bir əsasnaməninmi, yoxsa konkret Konvensiyanınmı?

Biz - istintaq sirrini sorğulamağın istintaq sirrini yaymaq qədər (yumşaq desəm) düzgün iş olmadığını çıxıb mətbuat konfransındamı deyək? Şüar formasındamı çatdıraq? Bir-bir hamıya yazılı müraciətləmi ünvanlayaq?       

Müharibə bitib. Bölgənin təməlli sabitliyə ehtiyacı var. Sülh müqaviləsi təcili şəkildə imzalanmalıdır. Amma beynəlxalq güclər və təşkilatlar bu əsas prioriteti müzakirə, həll etmək əvəzinə "Vaşinqton Post”a, "BBC”- yə yazı sifarişi verirlər, əleyhimizə yönəltmək üçün parlamentari axtarışına çıxırlar, beynəlxalq məhkəmələrdə lobbiçilik edirlər, Ermənistana "NATO-ya daxil ol" tipli şirnikləndirici təkliflər göndərirlər, Rusiyanı bir də Qafqazda qızışdırmağa çalışırlar, dünyanın az qala 1 nömrəli humanitar təşkilatının maşınlarında ərzaq, tibb ləvazimatları əvəzinə silah daşıyırlar.

Sonra deyirlər, Laçına niyə post qoydunuz? Neyləyək bəs? Xalça sərək? Erməni terrorçuların pişvazına gül düzək?

Hələ bir Venesiya Komissiyası var. Avropa Şurasının nəzdində. Neqativ rəy vermək üzrə mütəxəssisdirlər.  Bütün fəaliyyətləri boyunca da xoş sözlə, təqdirlə işləri olmayıb. Ancaq "ağsaqqal məsləhəti” veriblər, səhv tutublar, qüsur axtarıblar. Öz də insafsızcasına! Sadə bir misal deyim: Bu yaxınlarda "Siyasi Partiyalar haqqında” qanun qəbul olundu və həmin qanunun qəbuluna qədər ölkədə 58 Partiya fəaliyyət göstərirdi. Demək təsəvvür edin, həmin 58 Partiyanın böyük əksəriyyəti yeni müddəaların və dəyişikliklərin mütərəqqiliyi, vacibatı, siyasi sistemə faydalılığı haqda danışır. Amma 1-2 Partiya həmin çoxluqla razı deyil, ümumi fikrin əleyhinədir, hər yerə donos yazır, dövləti şantaj edir və…nəhayətində Venesiya Komissiyası təxminən 55 təşkilatın iradəsini qoyur bir kənara, azlıqda qalanların mövqeyindən çıxış edir. Hərgah, adama sual verərlər: Niyə? Səbəb? Axı ortalıqda zərrə qədər problem yoxdur. Qanun yetərincə mükəmməldir. Beynəlxalq təcrübəyə tam uyğundur. Yoxlama, aydınlatma prosesinə cavabdeh olan Ədliyyə Nazirliyinin təmsilçiləri də işini ən yüksək peşəkarlıqla görür və reyestr dəqiqləşdirmək üçün  Dehlidəki Sanca Kumara deyil, partiya siyahısında adı keçən ixtiyari bir insana, məsələn Möhləddinə zəng edir, sadə suallar verir, nəticə ilə bağlı məktub yazır + yazdığı məktubda göstərir ki, qaranlıq qalan məqam varsa, gəlin bərabər müzakirə edək, araşdıraq, yoxlayaq, hesablayaq. Başqa nə desinlər? Nə etsinlər? Alternativiniz, təklifiniz nədir? Bu ölkənin rəsmi  qurumundan cavab gəlməmiş xarici qucaqlara atlanmağın, yüyürməyin məqsədi, məramı nədir? Nəticə bilinmədən qabaqdangəlmişlik eləməyin adı nədir?

Xəyanətin buynuzu olmur ki…

Elşən Musayev, Milli Məclisin deputatı

Xəbər lenti