Azərbaycanı gözləyən “Zəfər” seçkisi

Azərbaycanı gözləyən “Zəfər” seçkisi
2003-cü ildə Azərbaycanın ictimai-siyasi həyatında böyük bir hadisə baş verdi. Həmin il oktyabrın 1-də Prezident seçkilərində öz namizədliyini geri götürdüyünü bildirən Ulu Öndər Heydər Əliyev xalqımızı Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırdı. O, həm İlham Əliyevin, həm də Yeni Azərbaycan Partiyasının bundan sonra da Azərbaycan dövlətinin inkişafı və xalqımızın rifahı yolunda böyük işlər görəcəyinə inanırdı.

Bu fikirlər Milli Məclisin deputatı Məzahir Əfəndiyevin "Azərbaycanı gözləyən "Zəfər” seçkisi” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir:

"İyirmi il əvvəl oktyabrın 15-i Azərbaycan üçün xüsusi günlərdən biri kimi tarixə düşdü. Həmin gün keçirilmiş Prezident seçkilərində Azərbaycan xalqı öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsi və ölkədə sabitliyin qorunmasına verdi. Məhz həmin vaxtdan başlayaraq keçən müddət ərzində Ümummilli Liderin "Mən ona özüm qədər inanıram” sözlərini əməlləri ilə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni bir dövrün, eranın başlanğıcının əsasını qoydu, Ulu Öndərin yaratdığı möhkəm təməl əsasında dövlətimizi strateji hədəflərə doğru uğurla apardı.

2018-ci ildə Azərbaycan Respublikasında keçirilən növbəti Prezident seçkilərində İlham Əliyev yenidən namizədliyini irəli sürdü və Yeni Azərbaycan Partiyası ilə yanaşı, ölkədəki siyasi qüvvələrin əsas namizədi kimi Azərbaycan xalqına müraciət edərək ölkəmiz üçün yeni mərhələnin başlayacağını bəyan etdi, yolumuzu yalnız davamlı inkişafla addımlayacağımızı bildirdi.

Ümumiyyətlə, son 20 il müddətində Prezident İlham Əliyev tərəfindən verilən bütün vədlər uğurlar yerinə yetirilib, xüsusilə Azərbaycan xalqının qəlbində yara bağlayan Qarabağ problemi nəhayət ki, kökündən həll edildi, torpaqlarımızın azad olunması istiqamətində əməli fəaliyyət göstərildi. Belə ki, 2020-ci ildə müzəffər Azərbaycan Ordusunun qəhrəman övladları Ali Baş Komandanın əmrini ləyaqətlə yerinə yetirərək hər birimizə canı qədər doğma olan üçrəngli Bayrağımızın mədəniyyət incimiz Şuşa şəhərində dalğalanmasını təmin etdilər.

Bu il "Heydər Əliyev İli”ndə isə Azərbaycan Prezidenti oktyabrın 15-də Azərbaycan Bayrağını Xankəndi şəhərinin mərkəzi meydanında ucaltdı və noyabrın 8-də rəşadətli Azərbaycan Ordusunun hərbi paradını qəbul etdi.
 
 
Prezident İlham Əliyevin "Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi” sözləri 20 il bundan əvvəl Azərbaycan xalqının nə dərəcədə müdrik qərar verdiyini bir daha nümayiş etdirdi. Beləliklə, Azərbaycan regionda, eləcə də dünyanın transformasiyası dövründə qlobal siyasətdə tamamilə yeni bir istiqamət, siyasi model ortaya qoydu. Bir tərəfdən Azərbaycanın qəhrəman övladlarının şücaəti bütün dünyaya nümayiş etdirildi, digər bir tərəfdən 200 illik dövlətçilik tarixinə malik olan Azərbaycanın itirilmiş əraziləri geri qaytarıldı, suverenliyi və ərazi bütövlüyü təmin edildi. Prezident İlham Əliyev sübut etdi ki, onun Azərbaycan xalqı qarşısında xidmətləri, həyata keçirdiyi mükəmməl idarəçilik və Azərbaycan xalqının azərbaycançılıq ideologiyasına sədaqəti, eləcə də Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi-iqtisadi yol davamlı olaraq inkişaf etdirilib. Baxmayaraq ki, müəyyən siyasi dairələr Azərbaycanı hər zaman qaralamağa, uğurlarımıza kölgə salmağa çalışırdılar, bu gün artıq bütün dünya əldə etdiyimiz nailiyyətlərin qarşısında əsassız iddialar səsləndirə bilmir.

Bu gün Azərbaycan Respublikası Cənubi Qafqazın lokomotivi, yeni bir güc mərkəzi olaraq artıq yaşamaqda olduğumuz transformasiya, müasir siyasi arxitekturanın yaranması dövründə növbəti yola çıxır və bu yolda əlbəttə ki, yeni yanaşmalar ortaya qoyulmalıdır. Bu baxımdan, dövlətimizin başçısının Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı Fərmanı tam olaraq mövcud reallığı əks etdirir, eyni zamanda, dünyaya Azərbaycan xalqının öz Prezidenti, dövlətçilik ənənələri, ideologiyası ətrafında necə səfərbər olduğunu nümayiş etdirir.

Fərmanın digər bir əlamətdarlığı müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilərin bütün ölkə ərazisində keçiriləcəyi ilə bağlıdır. Təsadüfi deyil ki, "Zəfər” seçkisi kimi tarixə düşəcək növbədənkənar seçkilər ərazi bütövlüyümüz və suverenliyimizin tam təmin olunduğunun bariz göstəricisidir.

Qeyd edim ki, əldə olunan nailiyyətləri qoruyub saxlamaq, habelə Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi bu gün xüsusi strateji əhəmiyyət kəsb edir. Hələ 2020-ci ildə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan, ölkə tarixində ilk dəfə olaraq növbədənkənar parlament seçkilərinin keçirilməsi, "Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun qəbul və təsdiq olunması ölkədə daha sağlam siyasi mühitin formalaşmasına şərait yaratdı.

Növbədənkənar Prezident seçkilərinin keçirilməsinə dair qərar isə ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin əyani sübutudur.

Keçdiyimiz keşməkeşli yolda Prezident İlham Əliyev müstəqilliyimizin simvolu, Azərbaycanın dünyadakı səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantına çevrildi.

Əminəm ki, "Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə yanında olacaq, xarici və daxili siyasətini, ölkənin davamlı inkişafını, o cümlədən doğma Qarabağımızın cənnətə çevrilməsi prosesini və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək.

Xəbər lenti