Yeni qanun mediada çox şeyi dəyişəcək...

Yeni qanun mediada çox şeyi dəyişəcək...

"Media haqqında" qanunla jurnalist artıq kim olduğunu, sosial müdafiəsini, təhlükəsizliyini, medianın mahiyyətini, media subyektlərinin səlahiyyət və öhdəliklərini, məhz dövlətin onun yanında olduğunu tam dərk edəcək.

 

Bunu Modern.az-a "Media haqqında" yeni qanunun əhəmiyyətindən danışan deputat Arzu Nağıyev deyib.

 

Deputatın fikrincə, media sahəsinin tənzimlənməsi ciddi mətbuat orqanlarının inkişafına dəstək verəcək:

 

"Hazırda Azərbaycan reallığını dünyaya çatdırmaq üçün bir neçə dildə fəaliyyəti təmin etmək, xarici media qurumlarının bizə istinad etməsinə nail olmaq, dünyaya inteqrasiya baxımından medianın inkişafına təkan vermək önəmli məsələdir. Ona görə də düşünürəm ki, yeni qanun layihəsindən irəli gələn tələblər informasiya sahəsində beynəlxalq əlaqələrin gücləndirilməsinə müsbət təsir edəcək.

 

Media nümayəndələrini narahat edən bir neçə məqama da toxunmaq istərdim. Qanun internet saytların və ya internet TV-lərin xüsusi lisenziya almasını, eynilə dövlət strukturlarının çap və ya onlayn nəşrlərinin yenidən qeydiyyatdan keçməsini məcbur etmir. Əsas məqsəd burada KİV-lərin peşəkar səviyyəsini qaldırmaqdır və cəmiyyət ilə jurnalist arasında neqativ münasibətlərin aradan qaldırılması, qarşılıqlı inamın yaradılmasıdır”.

 

 

Sözügedən qanunun müəllif hüquqları ilə bağlı önəmli olduğunu vurğulayan deputat qeyd edib ki, bir çox media qurumları özləri məlumat istehsal etmir və həmkarlarının kontentlərini istinad belə etmədən çap edib tirajlayırdı:

 

"Məhz buna görə də Media Reyestrin, yəni bütün KİV-lərin də daxil olacağı peşəkar bazanın yaradılması tənzimlənəcək və media subyektləri aydın görünəcəkdir, bu isə qeyd etdiyim kimi müəllif hüquqlarını qoruya bilməklə yanaşı sui-istifadələrin qarşısını alacaqdır. Təbii ki, qanun qəbul edildikdən sonra da bu məsələləri ictimaiyyətə çatdırmaq üçün maarifləndirmə işləri aparılmalıdır”.

 

Qeyd edək ki, ötən gün  Prezident İlham Əliyev "Media haqqında” qanunu təsdiqləyib. Yeni qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

 

7News.Az

Xəbər lenti