Təranə Paşayeva: “Baş verən hadisə cəmiyyət üçün xəbərdarlıq siqnalı kimi dəyərləndirilməlidir”

Təranə Paşayeva: “Baş verən hadisə cəmiyyət üçün xəbərdarlıq siqnalı kimi dəyərləndirilməlidir”

Cəmiyyət olaraq son günlərdə yeniyetmə və gənclər arasında baş verən münaqişələr, o cümlədən bu xoşagəlməz hadisələrin nəticələri hər birimizi narahat etməyə bilməz. Xüsusilə bir neçə gün öncə idman yarışlarından birində 20 yaşlı gənc və 16 yaşlı yeniyetmə arasında baş verən hadisədən hər birimiz xəbərdarıq. Kiçik bir mövzuda söz davası ilə başlayan münaqişə daha da böyüyərək sonda 16 yaşlı yeniyetmənin bıçaqlanması və qətli ilə nəticələndi. Bu hadisə ictimaiyyət arasında böyük ajiotaj yaratdı və hər birimizin üzüntüsünə səbəb oldu. Bununla yanaşı ötən gün Gəncə şəhərində iki ali təhsil müəssisəsinin tələbələri arasında oyun zamanı baş verən kütləvi dava da sosial şəbəkələr və media orqanlarında sürətli şəkildə yayılmağa başladı. Doğrudur, bu hadisədə ölüm və ya ciddi xəsarət olmasa da, baş verən bucür hadisələr əslində xəbərdarlıq siqnalı oldu.

Bir psixoloq kimi qeyd etməliyəm ki, yeniyetmə və gənclik dövrü digər yaş dövrləri ilə müqayisədə daha mürəkkəb və diqqət edilməli məqamdır. Digər tərəfdən bu dövrlərdə insan psixologiyasında ciddi dəyişikliklər müşahidə olunur, hətta psixi xəstəliklər belə ortaya çıxır. Keçid dövründə həmin şəxslərdə davranışlar gözlənilmədən dəyişə bilir, hər zaman sakit olan insanlarda aqressiv, depressiv hallar ortaya çıxır, başqa sözlə həmin şəxslərdə tamamilə dəyişkənliklər müşahidə edilir. Davranışların gözlənilməz istiqamətdə dəyişməsi, aqressivliyin həddən artıq artması, dərs müvəffəqiyyətinin çox düşməsi, zərərli vərdişlərə meyilliyin yaranması yeniyetmələrin ailələri, mühiti xəbərdarlıq siqnalı daşımaqdadır.

Simptomlar ağırlaşdıqda insanın düşüncələrindən biri də özünə zərər vermək, intihara meyilliyin yaranmasıdır. Təbii ki bu proses heç bir zaman anidən özünü göstərmir. Qarşısı zamanında alınmadıqda və lazımi müdaxilələr edilmədikdə, həmin şəxslər həm özünə, həm də ətrafdakılara zərər verə bilirlər.

Təəssüf ki, məktəbi bitirən, universitetdə və ya kollecdə təhsil alan tələbələr bir çox ailələr sərbəstlik, azadlıq verir və öz ayaqları üzərində dura biləcəklərinə arxayın olurlar. Əlbəttə ki, gənclərə sərbəstlik vermək təqdirəlayiqdir, lakin hər zaman sıx ailə və valideyn nəzarətində olan  bir gəncin birbaşa həyata atılması onun sonunun yaxşı olacağına qarant vermir. Nəzərə alsaq ki, bugün ölkəmizdə daha çox  ali təhsil müəssisələri Bakı şəhərində yerləşir və təhsil alan tələbə gənclərin böyük bir hissəsi region gəncləridir, onlar üçün adaptasiya daha da çətin olur. Bu da bəzi hallarda sonda heç kimə arzu etmədiyimiz hallarla nəticələ bilir.

Yenidən qayıtsaq bir neçə gün öncəki qətl hadisəsinə, öldürən gəncin atasının münasibətini diqqətlə analiz etsək, əslində hadisəyə qədər həmin gəncin mühitini təsəvvür etmək o qədər çətin. Əməkdar məşqçi fikirlərində övladını idmançı kimi formalaşdırsa da, onu cəmiyyətə tam hazırlamamağının, nəticədə ölən yeniyetmənin və öz ailəsinin çırağının sönməsinin acısını, peşmançılığını çəkdiyini görə bilərik.

Hadisə zamanı ən çox verilən sullardan biri də yeniyetməni öldürən gəncdə bıçaq olması məsələdi oldu. Çox təəssüf ki, bugün yeniyetmə və gənclərin heçdə az olmayan qismində "soyuq silah” kimi bildiyimiz vasitələr vardır və onlar bu alətləri üzərlərində gəzdirirlər.

Aparılan araşdırmalar zamanı onların əksəriyyəti bunu özlərini müdafiə etmək və ya öz güclərini göstərmək, qarşı tərəfi qorxutmaq məqsədilə gəzdirdiklərini bildirərək özlərinə haqq qazandırırlar. Amma nə deyilməsi və ya necə olmasından asılı olmayaraq, "soyuq silah”ın üzərində olması hər hansı baş verən münaqişənin sonunda xoşagəlməz hadisənin baş verməyəcəyini sübut etmir. Nəzərə almalıyıq ki, bu tip xoşagəlməz hadisələr hər birimizin başına gələ bilər və cəmiyyət olaraq narahatlığımızı ifadə etməliyik.

Təbii ki, bu cür mənfi hadisələrin qısa zamanda birbaşa qarşısını almaq qeyri-mümkündür. Lakin planlı və uzunmüddətli fəaliyyətlərlə müsbət nəticələrə nail olmaq olar. Bu fəaliyyətdə isə hər birimiz yaxındaş iştirak etməliyik. Bugün aidiyatı qurumlar müəyyən tədbirlər həyata keçirirlər, digər tərəfdən ictimai birliklər, bu sahədə fəaliyyət göstərən təşkilatlar və cəmiyyət olaraq hər birimiz bu məsələ fəal olmalı, öz dəstəyimizi göstərməliyik.

Təranə Paşayeva

"Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri

"Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri

Psixologiya üzrə fəlsəfə doktoru

Xəbər lenti