"Sudan səmərəli istifadə etmək üçün bütün imkanları səfərbər etmək lazımdır" - TƏHLİL

"Diqqətinizə çatdırmaq istəyirəm ki, 16.04.2023 tarixdə Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisində  sağ yamacını dağıdaraq öz güzərgahından çıxaraq böyük bir ərazinin su altında qalması  məni  heç  də təəcübləndirmədi."
7NEWS.az xəbər verir ki, bu sözləri mühəndis,
E.C.Məmmədov deyib: "Çünki son 30 il müddətində bu kanalın nə cari, nə orta, nə əsaslı təmiri büdcədə nəzərdə tutulduğu kimi yerinə yetilməmişdir. Keçən əsrin 50-ci illərində istismara verilmiş bu kanal bu günə qədər Azərbaycanda kənd təsərrüfatının inkişafında müstəsna rol oynasa da, eyni zamanda kanalın güzərgahı keçən bölgələrimizdə münbit  torpaqların zaman zaman yararsız hala düşməsinə səbəb olmuşdur. Beləki uzunluğu 170 km-dən çox  olan bu kanal torpaqdan inşa olunduğu üçün demək olar ki, hər il içindən axıtmış olduğu suyun miqdarından  çox  suyu torpağa hopdurur və nəticədə ətraf bölgələrdə yeraltı suların torpağın səthinə qalxaraq şoranlaşma prosesini sürətləndirmiş olur. Mingəçevir İstilik Elektrik Stansiyasının soyutma su təminatını ödəmək üçün kanaldan mütəmadi olaraq  təxminən 50 m3/san – yə yaxın suyun axıdılmasını irad tutan kanal idarəsi kanalın lildən və çöküntülərdən, habelə soyutma prosesindən sonra temperaturu  nisbətən artmış olan suda əmələ gələn bitki örtüyündən təmizlənməsini vaxtlı vaxtında vicdanla yrinə yetirməməsi üzündən bu kimi dağılma halları  intensivləşəcəkdir. Təmizləmə işləri qaydalara uyğun aparılmadığı üçün  kanalın dibində yığılan çöküntü səbəbindən kiçilmiş olan en kəsik  kanala buraxılan suyun nominal həcmini ötürə bilmədiyi üçün, dağılmalar da qaçılmaz olur. Dağılmaların digər bir səbəbi də, gözdən pərdə asmaq üçün aparılan təmizləmə işləri zamanı, kanalın daxili  yamaclarının təhlükəli həddə qədər zədələnməsidir. Belə ki, kanalın orta hissəsini təmizləmək  çətin və çoxlu xərc tələb etdiyinə görə, çoxbilmiş kanal idarəsi kanalın inşaatı dönəmindən qalmış ekskovator ilə daxili yamacları şaquli vəziyyətdə qazaraq en kəsiyi artırmaq hesabına suyun nisbətən çox keçməsinə təşəbbüs ediblər. Buna görə də əvvələr 120 m3/san – dən çox su ötürmə gücündə olan kanal bu gün nominal gücünün çox altında belə dözmür və dağılır. Çox bəsit və gülünc bir səbəb göstərilir ki, su heyvanlarının açmış olduğu oyuqlara görə kanal dağılıb. Bəs ölkəmiz milyon ton pambıq istehsal edən dönəmlərdə də bu kanal gecə gündüz dolu axırdı və həmin hevanlar da bu kanalda mövcud idilər. Belə gülünc bəhanələrin heç yeri yoxdur. Artıq həqiqəti demək lazımdır. Uzun illər bu işlər üçün ayrılmış vəsaitlər haraya sərf olunmuşdur ki, bu gün belə hallar ilə rastlaşırıq. Bu cür davam edərsə yaxın gələcəkdə kanal demək olar ki, tam qəzalı vəziyyətə düşəcəkdir.  Bu yaxınlarda eşitdim ki, Mingəçevirdə ikinci İstilik Elektrik stansiyasının inşası planlaşdırılır. Əgər bu stansiya da soyutma suyunu Yuxarı Qarabağ kanalı vasitəsi ilə təmin etsə, o zaman kanalın vəziyyəti daha acınacaqlı olacaqdır.
Son zamanlar dünyada su qıtlığı aktual problemə çevrilmişdir. Bu problem bizim ölkəmiz üçün də mövcuddur. Çünki ölkəmizin su ehtiyacları əsasən kənardan gələn sular hesabına qarşılanır. Buna görə sudan səmərəli istifadə etmək və su ehtiyatlarını artırmaq üçün bütün imkanları səfərbər etmək lazımdır. Bir müddət bundan öncə, su itkisinin qarşısını almaq məqsədi ilə həm Yuxarı Qarabağ, həm də Yuxarı Şirvan kanalının suyunu dayandırmadan tam beton üzlüyə alınmasını aidyyəti qurumlara çatdırmağa çalışsaq da müsbət nəticə əldə edə bilmədik.  Baha başa gəlməsini irad tutaraq müsbət rəy bildirmədilər. Halbuki illərlə büdcədən bu kanalların istismarına ayrılmış vəsait  az deyil. Həmin vəsaiti təmir işləri adı altında mənimsəmək daha rahat və sərfəli olması cavabdeh qurumların daha çox işinə yarayırdı. Ölkəmizdə suvarma suyuna olan ehtiyac hər zaman aktual olaraq qalmaqdadır. Bu problemin həlli istiqamətində  " Şahinoğlu " M M C olaraq yuxarıda qeyd etdiyim kimi, ölkəmizin iki ən böyük su kanalının  tam beton üzlüyə alınması və dağ ətəyi bölgələrdə sel sularının depolanaraq əkinçilik üçün səmərəli qaydada istifadə olunması işlərinin həyata keçirilməsi üçün aidiyyatı qurumlara təklifimizi bird daha bildiririk. Mühəndis, E.C.Məmmədov"
 
 











Xəbər lenti