Regionların sosial-iqtisadi inkişafının əsas istiqamətləri – TƏHLİL

Regionların sosial-iqtisadi inkişafının əsas istiqamətləri – TƏHLİL

Bu günlərdə prezident kimi fəaliyyətinin 18-ci ilini qeyd edən İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra özünün əsasə siyasi prioritetləri arasında regionların sosial iqtisadi inkişafını xüsusi vurğulamışdı.

Elə də oldu. Artıq 2004-cü ildən etibarən regionların inkişafı məsələsinə proqram kimi yanaşıldı və görüləcək işlər əvvəlcədən planlı şəkildə həyata keçirilməyə başladı. Demək olar ki, hər dörd ildən bir regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan proqramlar qəbul olunur və və bu proqramların icrası üçün hər il büdcədən tələb olunan vəsait ayrılır. Bundan başqa, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafını nəzərdə tutan ayrıca inkişaf proqramları da qəbul olunur ki, bu da son nəticədə regionların sosial iqtisadi inkişafına hesablanıb. "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018 – 2022-ci illər üçün Dövlət Proqramı”, "Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018 – 2025-ci illər üçün Dövlət Proqramı”, "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018 – 2025-ci illər üçün Dövlət Proqramı”, "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018 – 2027-ci illər üçün Dövlət Proqramı” qəbul olunub.

Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş dövlət proqramlarında kənd təsərrüfatının xüsusi yer alması, aqrar sektorun inkişafının hədəf seçilməsi təsadüfi deyildir. Bu ilk növbədə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsini hədəfləyirsə, digər tərəfdən əhalinin məşğulluğunun təmin edilməsinə hesablanıb. Dövlət proqramlarının həyata keçirilməsinin nəticəsidir ki, aqrar sektorun dinamik inkişafı üçün münbit zəmin yarandı. Bu sahədə köklü dəyişikliklər baş verdi, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşdı. Eyni zamanda, normativ hüquqi baza getdikcə təkmilləşdirilir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməklə yanaşı, aqrar sektora dövlət dəstəyinin gücləndirilməsi, müvafiq institusional dəyişikliklər, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyən edilməsi sayəsində keyfiyyətcə yeni mərhələyə keçidin əsasını qoydu.

Regionların sosial-iqtisadi inkişafına nail olmaq üçün nəzərdə tutulan əsas istiqamətlərdən biri də turizm sahəsinin inkişafıdır. Turizmin inkişafı ilk növbədə yol infrastrukturunun yenidən qurulmasını nəzərdə tuturdu. Bu səbəbdən yol infrastrukturunun yenidən qurulması, müasir dünya standartlarına cavab verən yolların çəkilməsi hər zaman dövlətin prioritet inkişaf istiqamətlərindən biri olub. Turizm sahəsinin inkişafı paralel olaraq kompleks şəkildə iqtisadiyyatın buna bağlı olan bir çox sahələrinin inkişafına təkan verdi. Bu səbəbdən, inkişaf proqramlarında bu sahəyə xüssusi yer ayrılmışdır.

İlk növbədə turizm nəqliyyat-loqistika sahəsinin inkişafına təsir göstərir və buraya demək olar ki, sərnişindaşımanın bütün növlərini aid etmək olar. Digər vacib məqam isə əhalinin məşğulluğunun təmin edilməsi, eyni zamanda kiçik və orta sahibkarlığın inkişafıdır ki, turizmin sürətli inkişafı bu sahələrə təsirsiz ötüşmür. Kənd yerlərində insanların öz evlərini turistlərə kirayə verməsi, onlara xidmətlərin göstərilməsi əhalinin də maddi durumuna müsbət təsir edir. Azərbaycan iqtisadiyyatının turizmin inkişafından əldə etdiyi səmərə, ölkəyə əlavə vəsaitlərin daxil olması, əhalinin güzəranının yaxşılaşması və ölkənin makro iqtisadiyyatı göstəricilərinin yüksəlməsində əhəmiyyətli rol oynadı. Ümumilikdə, bu sahə Azərbaycanın dünya miqyasında geniş tanınmasına şərait yaradır, investisiyaların axınını şərtləndirir. Regionlarda bu sahənin inkişaf istiqamətlərindən biri də turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü layihələrin həyata keçirilməsidir. Turizm layihələrinin təşkili ölkənin bütün regionlarında turizm fəaliyyətinin stimullaşdırılması və bu sahəyə investisiyaların cəlb edilməsi məqsədilə müasir informasiya və kommunikasiya texnologiyaları vasitəsilə təşviq işinin genişləndirilməsinə geniş yol açmışdır. Regionlarda, turizm zonalarında müvafiq infrastrukturun yaradılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, yeni turizm marşrutlarının yaradılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı mühüm göstəricilər əldə olunsa da proqramın icrası zamanı yol verilən nöqsanlar nəzərdə tutulan hədəflərin tam mənasıyla əldə olunmasına imkan vermir. Bu mənada xüsusilə vacib məqam kimi bəzi hallarda proqramda nəzərdə tutulan tədbirlərin ayrı-ayrı regionlarda faktiki tam icra olunmaması, lakin hesabatlarda icra olunmuş kimi göstərilməsidir. Nəticədə növbəti proqramlarda həmin tədbirin yer almamsı bəzi regionlarda işlərin yarımçıq qalmasına səbəb olur.

Digər mühüm amil isə bölgələrdə bir sıra hallarda məhkəmələrin tam olaraq müstəqilləşməməsi və müyyən təsir altına düşməsi ilə bağlıdır. Nəticədə bölgələrdə azad sahibkarlığın fəaliyyətində yerli strukturlarla yaranmış mübahisələrin baxilması zamanı ədalət prinsiplərinə riayət olunmur. Bu da öz növbəsində regionlara investisiya axımının qarşısını alır.


Tofiq Vahid

 

7NEWS.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İstiqamətin kodu 6.3.11

 

 

 

 

 

 

 

Xəbər lenti