Qeyri-sabit hava şəraitinin təsərrüfatlara vurduğu zərərlə bağlı Aqrar Sığorta Fonduna 92 müraciət daxil olub

Qeyri-sabit hava şəraitinin təsərrüfatlara vurduğu zərərlə bağlı Aqrar Sığorta Fonduna 92 müraciət daxil olub
Son günlər ölkədə hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar bəzi bölgələrimizdə leysan yağışları, sel, subasma, külək, dolu və digər təbiət hadisələri baş verib. 
Bu hadisələr nəticəsində bölgələrdə bəzi meyvə bağlarına, əkin sahələrinə zərər dəyib. Təsərrüfatlarını sığorta etdirmiş fermerlər dəymiş zərərin müəyyən edilməsi üçün Aqrar Sığorta Fonduna müraciət edirlər. Son üç gündə Fondun 1651 saylı Çağrı Mərkəzinə fermerlər tərəfindən 92 müraciət daxil olub. Müraciətlər daha çox Goranboy, Tərtər, Zaqatala, İsmayıllı, Cəlilabad, Şəki rayonlarında baş vermiş güclü yağışlar, dolu, sel və digər sığorta hadisələri ilə əlaqədardır.  
Fermerlərin müraciətləri dərhal qeydə alınır, dəymiş zərərin müəyyənləşdirilməsi üçün aqrar sığorta ekspertləri bölgələrə ezam olunurlar. Sığortalanmış təsərrüfatlara dəymiş zərər müəyyən olunduqdan sonra fermerlərə sığorta müqaviləsi əsasında ödənişlərə başlanacaq. 
Qeyd edək ki, fermerlərlə imzalanmış aqrar sığorta müqaviləsinə əsasən, təsərrüfatını sığortalatmış şəxs müqavilə üzrə baş vermiş sığorta hadisələri barədə hadisə baş verəndən 10 gün ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir. 
Bitkiçilik üzrə sığorta müqavilələrində dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri kimi sığorta hadisələri üzrə fermerlərə dəymiş zərərin ödənilməsi nəzərdə tutulur. 
Aqrar Sığorta Fondu indiyədək dövlət dəstəkli aqrar sığorta mexanizmindən istifadə etməyən fermerləri öz təsərrüfatlarını sığortalamağa dəvət edir.

Xəbər lenti