Qənirə Paşayeva Türkiyənin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb

Qənirə Paşayeva Türkiyənin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva iyunun 30-da Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
Görüşdə qardaş, dost və qonşu ölkələrimiz arasında hərtərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, dövlət böyüklərimiz Atatürk və Heydər Əliyevin "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, "Biz bir millət iki dövlətik” ulu kəlamlarının ruhuna, fəlsəfəsinə uyğun olaraq, Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlər bu gün ən yüksək səviyyəyə qalxıb. "Dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev cənablarının  mökəmləndirdiyi, "Şuşa Bəyannaməsi” ilə özünün zirvə məqamını nümayiş etdirmiş  dostluq və qardaşlığımız strateji müttəfiqlik səviyyəsi ilə örnək təşkil edir” – Q.Paşayeva qeyd edib.
Q.Paşayeva diqqətə çatdırıb ki, qardaş ölkələrimizin parlamentləri səviyyəsində də işbirliyi öz yüksək səviyyəsi ilə seçilir. Parlament sədrlərinin dəstəyi ilə qarşılıqlı maraq doğuran məsələlər müvafiq səviyyələrdə ardıcıl müzakirə olunur; o cümlədən mədəni əlaqələrin daha güclü davamı və inkişafı ilə bağlı ardıcıl işlər görülür. Srarteji müttəfiqliyimizi təsbit edən Bəyanat da məhz Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhərində imzalanıb və bu da özünəməxsus rəmzi məna daşıyır.
Hər iki ölkənin parlamentində əlaqələr üzrə geniş tərkibli işçi qruplarının fəaliyyət göstərdiyinin məmnuniyyətlə vurğulandığı görüşdə, o da bildirilib ki, deputatlarımız müxtəlif nüfuzlu beynəlxalq platformalarda bir-birini daim dəstəkləyir, əsasən eyni mövqedən çıxış edirlər.
Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəm tarixi əsaslara malik olduğunu vurğulayan səfir Cahit Bağçı, səmimi görüşə görə Komitə sədrinə təşəkkür edərək, Azərbaycanda çox tarixi bir dövrdə səfir kimi fəaliyyətə başlamasından böyük şərəf duyduğunu bildirib.
Q.Paşayeva səfirə dekorativ tətbiqi sənət nümunəsi – əl işi olan "Xarı bülbül” xatirə hədiyyəsi təqdim edib.
 

Xəbər lenti