“O qüvvələr bizi daxildən parçalamaq istəyir” – Deputat

“O qüvvələr bizi daxildən parçalamaq istəyir” – Deputat

"Ermənistana xidmət edən qüvvələr fəallaşıb. Onlar sosial şəbəkələrdə ordu haqqında qarayaxma kampaniyasına başlayıblar".
Bunu  açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O bildirib ki, bu gün əsas məsələ cəmiyyət arasında təşvişə səbəb olan yalan məlumatların qarşısını almaqdır, çünki bunun özü də informasiya müharibəsidir:

"Bu gün antimilli qüvvələr Azərbaycan Ordusunun gücünü görüb onu zəiflətmək üçün müxtəlif üsullardan istifadə edirlər. Xalqın orduya və hakimiyyətə olan inamına kölgə salmaq üçün ordu rəhbərliyi hədəf götürülür. Onlar Avropa ölkələrində oturub ağızlarına gələni danışaraq, orduya inamsızlıq yaratmaq istəyirlər. Bu qüvvələr Ermənistana xidmət edirlər".

Deputatın sözlərinə görə, belə antimilli qüvvələrin nümayəndələri müəyyənləşdirilməli və barələrində müvafiq inzibati tədbirlər görülməlidir:

"Həmin şəxslər Azərbaycan Qanunlarının tələbinə uyğun olaraq cəzalandırılmalıdır. Heç kim böhtan xarakterli xəbərlər paylaşmamalıdır. O qüvvələr bizi daxildən parçalamaq istəyirlər. Lakin xalq-ordu birliyi möhkəmdir və buna heç bir qarayaxma kampaniyası mane ola bilməz. Ona görə belə milli təhlükəsizlik məsələlərində hər birimiz yekdil və qətiyyətli olmalıyıq".

Xəbər lenti