"Ölkə büdcəsinin əsaslı hissəsi sosial müdafiə xərclərinə sərf edilir" - DEPUTAT


"Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik".

Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

Dövlət başçısı söyləyib ki, İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Yəni, biz öz sağlamlığını itirmiş soydaşlarımıza maksimum dərəcədə kömək göstərməyə çalışırıq. Əlbəttə ki, bu, yüksək texnologiyalı protezlər olduğu üçün onlar vaxtaşırı dəyişdirilməlidir. Bütün bu proqramlar da gündəlikdədir.

Sosial sahənin çoxşaxəli olduğunu qeyd edən dövlət başçısı deyib ki, buraya özünüməşğulluq proqramını da əlavə etmək olar.

Məsələ ilə bağlı 7NEWS.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev qeyd edib ki, ölkə başçısı üçün sosial sahə hər zaman prioritet olub: "Cənab Prezident hər zaman sosial sahəyə böyük diqqət ayırıb. Məsul qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkə başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq bu sahədə ciddi işlər görür. Ümumi statistikaya baxsaq görərik ki, yüz mindən çox şəxsə iki yüz qırx mindən çox müxtəlif xidmət göstərilib, həssas təbəqədən olan insanlar xüsusi nəzarətdə saxlanılıb. 3036 şəhidin ailəsinə, eyni zamanda, 86 nəfər şəhidlik zirvəsinə ucalan mülki vətəndaşımızın ailəsinə 16 min manat birdəfəlik müavinət ödənilib. Bundan başqa qazilərimizin, müharibədə zərər görək mülki şəxslərin ehtiyacları qarşılanıb. Altı mindən çox mənzil şəhid ailələrinə veriləcək, eybi zamanda, dörd minə yaxın mənzil artıq həm şəhid, həm qazi ailələrinə, həm də bu kimi həssas qrupdan olan ailələrə verilib. Bundan başqa bu qrupdan olan şəxslərə bu günə qədər üç yüzə yaxın avtomobil verilib. Birmənalı şəkildə deyə bilərik ölkə büdcəsinin əsaslı hissəsi sosial müdafiə xərclərinə sərf edilir. Cənab Prezident də jurnalistlərə verdiyi müsahibədə bunu xüsusi olaraq vurğulayıb"

Xəbər lenti