Kərəm Həsənovun “Hacıkənd əməliyyatı” – Bu dəfə onu əfv edəcəklərmi?

Kərəm Həsənovun “Hacıkənd əməliyyatı” – Bu dəfə onu əfv edəcəklərmi?

Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Kərəm Həsənov yenidən gündəmə gəlib.
Kərəm Həsənov bir müddət əvvəl azərbaycanlı "qanuni oğru”, kriminal dünyada "Lotu Quli” kimi tanınan Nadir Səlifovun qətl hadisəsinin fonunda gündəmə gəlmişdi. Mediada yayılan xəbərlərdə bildirilirdi ki, Lotu Qulinin qətlə yetirildiyi "Alva Donna Exclusive Hotel Spa” adlı otel əvvəllər Habil Nadiroğlu adlı iş adamına məxsus olan "Alva Donna Qrup” 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən "Vertex İnvestment Limited” şirkətinə satılıb. Adıçəkilən şirkət daha sonra Alva Donna Group şirkətlərinin idarə heyətinin sədri olaraq Sərxan Babayev adlı şəxsə səlahiyyət verib. Bu şəxs həm də "DetAl Holdinq”in baş direktoru olub. Adıçəkilən holdinq isə əsasən Gəncə Alüminium Zavodunun idarə edilməsi ilə bağlı məşhurlaşıb. Sərxan Babayevin Kərəm Həsənovun yaxın adamı olduğu bildirilir. Bu faktdan çıxış edərək belə iddalar səsləndirilir ki, əslində otel də Kərəm Həsənova məxsusdur.

Bu dəfə isə Kərəm Həsənov qudası, keçmiş icra başçısı Elmar Vəliyevlə yol verdiyi qanunsuz əməllərə görə gündəmə gəlib. Cavad Xan Tarix Mədəniyyət Qoruğunun vitse-prezidenti Müzadil Həsənov mediaya açıqlamasında bildirib ki, Kərəm Həsənov qudası ilə birgə Hacıkənd qəsəbəsini demək olar ki, zəbt edib. "Elmar Vəliyev vaxtı ilə Gəncədə geniş miqyaslı abadlıq, quruculuq işləri” adı altında Gəncənin ən məşhur tarixi yay istirahət məkanı olan Hacıkənd, 150-160 il yaşı olan bu qəsəbə bütün tarixi binaları ilə birlikdə ekskavatorun qabağına verilib dağıtdırdıldı. Sonra da bu yerləri qudası Kərəm Həsənovla birlikdə qeyri-qanuni yollarla özəlləşdirdi. İndi isə illərdir viran qalmış bu əraziləri artıq satışa çıxarıblar”, – deyə Müzadil Həsənov vurğulayıb.

Kərəm Həsənov vəzifə sahibləri arasında ən çox tənqidə tuş gələn məmurlar kateqoriyasına daxildir. O Əmlak Məsələləri Komitəsinin rəhbəri olanda müxtəlif ittihamlarla zəngin olan materiallar mətbuat səhifələrini bəzəyirdi. Ona görə də gözlənilirdi ki, o elə islahatların ilk dalğasında vəzifəsini itirəcək. Hətta Kərəm Həsənovun məsuliyyətə cəlb olunacağı barədə də ehtimallar irəli sürülürdü. Amma gözləntilərin əksi baş verdi. Kərəm Həsənov məsuliyyətə cəlb olunmadı, Əmlak Məsələləri Komitsənin sədri vəzifəsini itirsə də, işsiz qalmadı. Lakin bununla belə, onun da istefaya göndəriləcəyi barədə iddiaların ardı-arası kəsilmir.

Bu arada qeyd edək ki, Kərəm Həsənovun adı "MTN işi”ndə də hallandırılırdı. Həmin vaxt bildirilirdi ki, Eldar Mahmudov və dəstəsinin ayrı-ayrı sahibkarldan aldığı əmlakın özünükünləşdirilməsi prosesi Kərəm Həsənovun əlilə olub. Hələ o zaman deyilirdi ki, bu məsələ onun sonunu yaxınlaşdıra bilər.

Amma hakimiyyət bu məsələdə Kərəm Həsənovu əfv etdi. Bəs cəmiyyətdə narazılığın artdığı, geosiyasi oyunların gərgin fazaya qədəm qoyduğu və Azərbaycan üçün kifayət qədər həssas olan bir dövrdə hakimiyyət üçün arzuolunmaz addımlar atan Kərəm Həsənov bu dəfə əfv ediləcəkmi?

LOBBI.Az

Xəbər lenti