İnnovativ islahatlar modeli: RƏQƏMSAL GƏLƏCƏYİN ASTANASINDA

İnnovativ islahatlar modeli: RƏQƏMSAL GƏLƏCƏYİN ASTANASINDA

Hər birimiz çox böyük, eyni zamanda, həssas tarixi hadisələrin şahidləriyik. 2019-cu ildən başlayan iqtisadi islahatların əsas hədəfi Azərbaycanı müasir və gələcəkdə inkişaf etmiş ölkəyə çevirmək, mövcud olan nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri gündəlikdən çıxarmaq, daha güclü, qüdrətli dövlət qurmaq, bir sözlə, ölkə daxilində sosial-iqtisadi inkişafı təmin etmək, milli-siyasi maraqlarımızı isə beynəlxalq aləmə "daşımaqdan” ibarətdir. Bu illər ərzində ölkəmiz çox böyük inkişaf yolu keçib, olduqca ciddi beynəlxalq, regional layihələrə ev sahibliyi edibdir. Məhz bunların nəticəsidir ki, dilimizdə anti-azərbaycan, ikili standart terminlərinə də intensiv rast gəlməyə başladıq. Bəli, 20 faiz torpaqları işğal olunan bir məmləkətin bu surətlə inkişafı, nümunəvi sabitliyə nail olması üçün sözün elə hər mənasında ciddi əzmkarlıq, iradə, səriştə, idarə və strategiya lazımdır.

Amma və lakin...

Bu gün belə bir sual da ortaya çıxır! Əgər dinamik inkişaf təmin edilibsə islahatlara nə gərək var idi? Məsələni biraz geniş formada təhlil etsək görərik ki, proses heç də göründüyü qədər sadə və anlaşılan deyil. Dünya son ildə fantastik sıçrayışların şahidi oldu. Söhbət təbii ki, rəqəmsal sıçrayışdan gedir. Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri cəmiyyət üçün strateji olan sahələrin az qala 80 faizini elektron dünyaya daşıyıblar. Rəqəmsal aləm isə özündə çevikliyi, dinamikliyi, qısa zamanda yüksək nəticəni ehtiva etdiyi üçün prosesi uğurla tətbiq edənlər birmənalı inkişaf faktorunu, bir növ, sığortalamış oldular. Biz isə bəzi prosesləri, xüsusən rəqəmsal iqtisadiyyatı ümumdünya prosesinə cəlb edə bilmədik, nəticədə "axsadıq”, bir çox məqamlarda isə sadəcə prosesdən geridə qaldıq. Bu isə ümumilikdə ölkə iqtisadiyyatını, xüsusən də istehsalat, brendləşmə, markalaşma mühitini "yadlaşdırdı”, cəmiyyətdən uzaqlaşdırdı. Məsələ burasındadır ki, bu axsama zəncirvari formada iqtisadi sahələrdən başqa, digər sahələri də virus kimi öz cənginə aldı.

Bunun da öz məntiqi səbəbi var: sistemizlik, vahid koordinasiyanın olmaması. Bəs xaotik durumdan çıxmağın hansı yolları var? Ümumiyətlə, indiki situasiyada yol varmı? Bu cür situasiyalarda dövlətlər beynəlxalq təcrübəni öyrənməli, onu ölkəmizin sosial, iqtisadi, mental durumuna inteqrə etməli və sonucda əyri-əskiklikləri saf-çürük edirlər. Mənimçün ən ideal model Yaponiya modelidir.

Təxminən 5 il öncə Azərbaycanda bütün sahələr üzrə beynəlxalq təcrübələri tədqiq, təhlil və tədbiq edəcək "BEYİN MƏRKƏZİ”nin (red.: bundan sonra MƏRKƏZ yazılacaq) yaradılması ilə bağlı təklif irəli sürmüşdüm.

Bir anlıq düşünün ki, ölkəmizdə belə bir mərkəz yaradılıb və bu mərkəzdə strateji - sosial, iqtisadi, mədəni və siyasi sahələr üzrə rəqəmsal texologiya əsasında proqnozlar hazırlanır və model kimi aidiyyatı qurumlara təqdim olunur.

Beyin Mərkəzi:

·İqtisadi sahə üzrə - bütün rəqəmsal yenilikləri tədqiq edir, onun ölkəmizdə tədbiqini sınaqdan keçirir və hazır modeli aidiyyatı qurumlara təklif edir. Beləliklə, yüksək texnoloji nəaliyyətlər əasında istehsalat mühiti, məhsulun keyfiyyəti, həcmi artır, islakçı ilə istehsalçı arasında çevik ünsiyyət modeli yaranır, brendləşmə beynəlxalq bazara daşınır;

·Siyasi sahə üzrə - bütün beynəlxalq, regional tədbirləri təhlil edilir, ölkəmizin uğurlu iştirakı, daha çevik və hazırlıqlı kadrların iştiakı təmin edilir;

·Mədəniyyət sahəsi üzrə - hazırlanan modeldə milli-mədəni irsimizin uğurlu təbliği həyata keçirilir, beynəlxalq mübadilə prosesi reallaşdırılır və tarixi irsimiz müasir dünyanın bir parçasına çevrilir;

·Sosial sahə üzrə mərkəzin mütəxəssisləri daima yeniləşən modelləri təqib edir, ölkəmiz uçun uğurlu elementlərinin tətbiqini təmin edir. Beləliklə təhsil, səhiyyə, sosial səhələr üzrə rəqəmsal gələcəyin quruluşu təmin edilmiş olur.

Bir sözlə, mərkəz bir növ sistemləşdirilmiş simulyator, inkubasiya və rəqəmsal baza rolunu oynayır. Nümunə kimi bir anlaşılmaz mexanizmi təqdim edirəm. Ölkədə bir təhsil nazirliyi var, birdə təhsilə aid 20-dən çox (fond, mərkəz və s) dövlətdən maliyyələş qurum. Eyni situasiyanı biz siyasi, iqtisadi, mədəniyyət sahələrində də görə bilərik. Ölkədə bir Nəqliyyat nazirliyi var, birdə nəqaliyyata aid bir neçə qurum. Bu qarışıq mühit səhiyyədə də var, sosial sahədə də. Sonucda isə ortada həm dövlətin pulu gedir, həm də problemin həlli üçün ciddi əngəllər formalaşır. Az qala hər gün media resurslarında, xüsusən də, sosial şəbəkələrdə bir insanın və ya təşkilatın qaldırdığı problemin əldən-ələ necə ötürüldüyünə şahidlik edirik. Sistemsizlik və səriştəzilik ucbatından problemi bir qurum digərinin üzərinə atır. Nəticə etibarı ilə biz ortada həm pul, həm inkişaf, həm zaman, həm də beynəlxalq mübadilə vərdişini itirmiş oluruq. MƏRKƏZ isə öz növbəsində həm də pronozlaşdırıcı funksiyası ilə qurumların attığı addımların dövlət, xalq üçün faydasını təhlil edə, müxtəlif tövsiyyələr irəli sürə bilər. Peşəkar, innovativ. Unikal kadrlardan ibarət mərkəz yaradılsa, qazancımız RƏQƏMSAL GƏLƏCƏK olacaqdır.

Qeyd: Yazı "SƏLİS Jurnalist” müsabiqəsində iştirak üçün yazılmışdır.

Səbuhi Abbasov

7NEWS.az saytının baş redaktoru

Xəbər lenti