Heyran Mustafa-Zadənin Praqada fərdi sərgisi keçirilib - FOTOLAR

Heyran Mustafa-Zadənin Praqada fərdi sərgisi keçirilib - FOTOLAR
7NEWS.az xəbər verir ki, Praqada azərbaycanlı rəssam Heyran Mustafa-Zadənin 7 aydır davam edən fərdi sərgisi başa çatır. Martın 30-da Praqadakı Randls qalereyasında açılmış "Visual Sensasiya” adlı sərgi rəssamın son beş ildə yaranan əsərlərinin bir hissəsini nümayiş etdirir. Layihə çərçivəsində rəssamın Vətəni haqda çex dilində müəllif təqdimatı baş tutub. Təqdimatda Azərbaycan mədəniyyəti, tarixi və adət-ənənələrinin Heyranın yaradıcılığının formalaşmasında şəksiz rolu vurğulanıb. "Azərbaycan incəsənət ölkəsidir” devizi altda keçirilən açılış mərasimi İsfar Sarabski və Etibar Əsədlinin muğam-caz kompozisiyalarının müşayiəti, milli şirniyyatlar, şəkərbura və paxlava, Azərbaycan çayı və nar şərabının təmsil olunduğu süfrə ilə qonaqları qarşılayıb. Çex tamaşaçısı Heyranın dünyasını, fikir və emosiyalarını kətan və kağızda əks olan abstrakt kompozisiyalar, portretlər və təbiət mənzərələrinin köməyi ilə tanıyıb. 
"Rəssam ümumi haqq, həqiqət haqqında heç nə bilmir, lakin o, öz fərdi, şəxsi həqiqətini danışa, bölüşə bilər. Biz bu sərgiyə mənim həqiqətimdən, mənim doğrularımdan bəhs edən əsərləri seçmişik. Çoxusu abstraksiyadır. Ümid edirəm ki, hər kəs orada öz həqiqətini görəcək, özünə aid duyğuları kəşf edəcək”, - deyə rəssam çıxışında qeyd edib. Sərginin kuratoru Sara Davis Heyranın rəsmlərindəki milli kimlik xüsusiyyətlərinə diqqət çəkərək, bu əsərlərdə milli buta ornamentini başlanğıc nöqtəsi kimi gördüyünü vurğulayıb. Təşkilatçılar Pavel Randls və Lucie Horjeyşi Heyranın özünəməxsus üslubundan, özünü-ifadənin yeni formasından, neo-ekspressionizmindən danışıblar.
Yeddi aylıq layihə çərçivəsində müəllifin müşaiyəti ilə ekskursiyalar da keçirilib, burada qonaqlar onları maraqlandıran sualları rəssamla birbaşa müzakirə edə, əsərlərin ideyası və yaranma tarixi ilə tanış ola biliblər. 
Rəssamın HEYRANAM brendi altında təqdim olunan əsərlərinin satışından əldə olunan gəlirin bir hissəsi əlilliyi olan insanlara dəstək niyyətilə xeyriyyə fonduna bağışlanıb.
Qeyd edək ki, Heyran Mustafa-Zadə son on il Praqada yaşayıb-yaradır. İşində müxtəlif texniki və medial təcrübələr aparır. Praqa İncəsənət və Dizayn İnstitutunun rəssamlıq və qrafika studiyasının məzunu olan Heyran müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirak edir. Bu sərgi rəssamın ikinci fərdi sərgisidir.

WEB:www.heyranam.com
IG: mustaphazadeh
 
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

Xəbər lenti