“Heydər Əliyev və Azərbaycan” mövzusunda konfrans keçirilib - UCARDA

“Heydər Əliyev və Azərbaycan” mövzusunda konfrans keçirilib - UCARDA
7NEWS.az xəbər verir ki, YAP Ucar rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə "Heydər Əliyev və Azərbaycan” mövzusunda konfrans keçirilib
 
3 may 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə "Heydər Əliyev və Azərbaycan” mövzusunda konfrans keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində abidəsi önünə tər çiçək dəstələri qoydular, əziz xatirəsi ehtiramla anıldı.
Ucar rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında davam edən tədbirin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirə giriş sözü ilə başlayan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, Azərbaycanın  yeni tarixinin bütöv bir dövrü XX əsrin nəhəng dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Yüksək liderlik keyfiyyətlərinə malik olan Ulu Öndər Heydər Əliyev qısa zaman kəsiyində ölkədə sabitliyi təmin etdi, müstəqilliyimizə və suverenliyimizə qarşı yönəlmiş mövcud və potensial təhlükələri aradan qaldırdı. Məhz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası ölkənin bütün istiqamətlərdə - siyasi, iqtisadi, hərbi, informasiya-potensialını formalaşdırıraq və davamlı olaraq gücləndirərək ərazi bütövlüyünün təmin olunmasına imkan verdi.
Rayonun Qarabörk kənd tam orta məktəbinin tarix müəllimi, Vətən müharibəsi iştirakçısı Qəhrəman Abdullayev "Ümummilli lider Heydər Əliyev”, Yaqub Məmmədov adına Ramal kənd ümumi orta məktəbinin direktoru, Ramal kənd Ərazi Partiya Təşkilatının sədri Züleyxa Qurbanova "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, Əziz Əliyev adına Qazyan kənd 2 nömrəli tam orta məktəbin direktoru Firadə Ələkbərova "Azərbaycan Diplomatiyasında Heydər Əliyevin rolu” mövzularda məruzələr etdilər.
Məruzələrdə qeyd olundu ki, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir ki, Onun fəaliyyəti yalnız mənsub olduğu xalqa və özünün qurduğu müstəqil dövlətimizə məxsus deyil. 1993-cü il iyunun 4-də Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalanda AXC-Müsavat hakimiyyəti həm xalqımızın israrlı tələbini, həm də özünün acınacaqlı aqibətini nəzərə alaraq Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qaldı. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilən Heydər Əliyev həmin gün parlamentin iclasındakı çıxışında qarşısında dayanan vəzifələri – dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi, cəmiyyətdə demokratik prinsiplərin və qanunçuluğun təmin olunması, bazar iqtisadiyyatının formalaşdırılmasını və s. göstərməklə yanaşı, həm də vətəndaş həmrəyliyinin zəruriliyini bildirdi. Heydər Əliyevin parlamentin Sədri, sonralar isə Azərbaycan Respublikasının Prezidenti kimi ümummilli vəzifələri yerinə yetirməsində daim vətəndaş həmrəyliyinə arxalanması mühüm rol oynamışdır ki, bu da müstəqil dövlət quruculuğu proseslərinin uğurla getməsini, cəmiyyətdə demokratik dəyərlərin özünə mühüm yer tutmasını, bazar iqtisadiyyatının inkişafını şərtləndirmişdir. Heydər Əliyevin apardığı müdrik siyasət ölkəmizin üzləşdiyi çətinliklərdən xilas olması yolunda milli həmrəylik simvoluna çevrildi.
Heydər Əliyevin ümummilli məqsədlər naminə geniş xalq kütlələrini öz arxasınca aparmağı bacarması onun zəngin həyat yolunun parlaq və unudulmaz səhifələrini təşkil edir. Ümummilli Lider xalqımızın taleyində böyük dəyişikliklər yaradan tarixi missiyanı yerinə yetirməsi, mürəkkəb vəziyyətlərdə doğru qərarlar qəbul etmək bacarığı, başqalarının fikirlərinə hörmətlə yanaşması və yüksək işgüzarlığı ilə insanların dərin rəğbətini qazanmışdır.
Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz dünyada fərqli dini sivilizasiyaların qovuşduğu tolerant məkan, milli birlik şəraitində yaşayan dövlət kimi tanınır. Bunun nəticəsidir ki, transmilli enerji-nəqliyyat layihələrinin birgə həyata keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərə dünyanın müxtəlif dövlətləri fəal şəkildə qoşulur.
Doğma Vətənini sevən hər bir azərbaycanlı Prezident İlham Əliyevin xalqımızın maraqlarına söykənən siyasətini dəstəkləyir və ona həmrəy olduğunu bildirir. Görkəmli dövlət xadiminin əldə etdiyi tarixi nailiyyətlər Azərbaycanın gələcək inkişafının təməlində dayanmışdır. 44 günlük Vətən müharibəsinin başlanması və tarixi Zəfərlə yekunlaşması hər şeydən əvvəl Azərbaycan Respublikasının siyasi rəhbərliyinin və Azərbaycan xalqının tükənməz Vətən sevgisi və sıx birliyilə əlaqədardır. Məhz bu iki amil Vətən müharibəsinin başlanmasını və cəmi 44 gün ərzində düşmənin diz çökərək məğlub olduğunu etiraf etməsini zəruri etdi. Rəşadətli ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistanın 30 ilə yaxın bir müddətdə işğalda saxladığı ərazilərimizi azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirdikdən sonra bölgədə yeni reallıqlar yarandı.

Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən konfransda geniş çıxış etmişdir. Çıxışında Ulu Öndər Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolundan, həyat və fəaliyyətindən danışıb.  Ümummilli liderin respublikaya rəhbərliyi dövründə ölkə iqtisadiyyatını hərtərəfli inkişaf etdirdiyini, Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin iqtisadi, siyasi və hüquqi əsaslarını yaratdığını vurğulayıb. Ölkədə həyata keçirdiyi islahatlar, dünyanın ən böyük neft şirkətləri ilə bağladığı müqavilələr, apardığı diplomatik siyasəti sahəsində Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrildiyini qeyd edib. Bildirib ki, Ümummilli liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla və qətiyyətlə addımlayan müasir Azərbaycan dövləti tarixinin ən qüdrətli dövrünü yaşayır, ölkəmizin müasir mənzərəsi, dünyanın siyasi sistemində yeri və rolu xalqımızda böyük ruh yüksəkliyi, gələcəyə böyük inam yaradır. Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı unikal dövlətçilik modelini yeni çalarla zənginləşdirən, onu müasir dünyanın gerçəkliklərinə uyğun inamla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında ölkəmiz bütün sahələrdə böyük uğurlara nail olur, xalqımızın rifah halı, həyat səviyyəsi daha da yüksəlir.
Əziz dostlar, əziz Ucarlılar biz artıq 3-cü ilə keçir ki, birlikdə və bərabər addımlayırıq. Nə xoşbəxt insanlarıq ki, bizim seçkilərimizdən bir neçə ay sonra Azərbaycan 27 sentyabr tarixli Vətən torpaqlarımızı düşmən tapdağından azad etməyə başladı və biz hər birimiz Qarabağ torpaqlarımızın 30 illik həsrətinin sona çatması ilə bağlı həyata keçirilən tarixi bir prosesin canlı şahidi olduq, Zəfəri daddıq. Ümidlərin tükənmiş olduğu bir vaxtda cənab Prezident Ali Baş Komandan İlham Əliyevin komandanlığında, onun öndərliyində qəhrəman Azərbaycan əsgərinin,  müzəffər Azərbaycan ordusunun igidliyi ilə və şəhidlərimizin qanı ilə qələbə qazanaraq biz bu tarixi anları yaşaya bildik. Bu onu göstərir ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirməsi 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanılmaqla sübuta yetirmişdir fikirlərini diqqətə çatdırmışdır.
 
Sonda rayon təşkilatının həyatında fəal iştirak edən bir qrup partiya üzvlərinə Fəxri Fərman və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqəsi təqdim olundu.
 
 










 

Xəbər lenti