“Gender bərabərliyi birbaşa qadının fikir sahibi olması və onun ictimai aktivliyi ilə yaranır” - ARAŞDIRMA

“Gender bərabərliyi birbaşa qadının fikir sahibi olması və onun ictimai aktivliyi ilə yaranır” - ARAŞDIRMA

 

Hazırda dünyanın bütün dövlətlərinin həll etməyə çalışdığı çoxsaylı problemlərdən biri də gender, ailə və demoqrafiya problemidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə mövcud olan digər sahələrlə yanaşı, gender, ailə və demoqrafiya sahəsində mövcud olan problemlərin həll edilməsinə həmişə diqqət yetirib.

Azərbaycan demokratik inkişaf yolu seçərək, dünyanın inkişaf etmiş ölkələrinin nail olduğu uğurları fəth etməyə toparlanıb. 1918-ci ildə Şərqdə yaradılan ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyəti həm də Şərqdə, islam aləmində qadına seçmək və seçilmək hüququ verən ilk respublika kimi tarixə düşüb. Cümhuriyyət dövründə hüquqi təməli qoyulmuş gender bərabərliyi prinsipi Sovet dövrü ərzində həm hüquqi, həm də real baxımdan əksər hallarda həyata keçirilib. Qadının kişilərlə bərabər azadlığı, hüququ, imkanı, qadın təhsili problemi həlini tapıb. Amma o dövrün ideologiyası istər-istəməz qadınların tam olaraq potensialının üzə çıxmasına müəyyən qədər mane olub. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən, xüsusilə də 1994-cü ildən başlayaraq ölkədə sabitliyin bərqərar olması qadınların da ictimai-siyasi həyatda fəaliyyətinin artmasına yol açıb. Bununla bağlı ölkədə dövlət səviyyəsində bir sıra qanun və qərarlar qəbul edilib. Azərbaycanın konstitusiyası da kişilərə və qadınlara eyni hüquqları verib. Həmçinin Azərbaycan gender bərabərliyinin təmini üçün mühüm beynəlxalq konvensiyalara qoşulub. Azərbaycan 1995-ci ildə BMT-nin "Qadınlara Qarşı Ayrı-Seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” Konvensiyanı ratifikasiya edib. 1979-cu ildə qəbul edilən, iki il sonra qüvvəyə minən konvensiyanın digərlərindən fərqi ondadır ki, burada sadəcə cinsə görə fərqli yanaşmanın yox, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi nəzərdə tutulub. Başqa sözlə, gender neytrallığı tələbinin əvəzinə, konvensiya qadınların bərabərsizliyinin saxlanılmasına xidmət edən hər hansı fəaliyyətə qadağa qoyub. 2001-ci ildə Azərbaycan ona aid Fakültətiv Protokolu ratifikasiya edib. 1998-ci ildə Ümummilli lider Heydər Əliyev təşəbbüsü ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin – indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncamlar imzalayıb. 2000-ci ildə isə ulu öndər "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman verib. Fərman bütün dövlət strukturlarında qadınların təmsil olunma faizinin yüksəldilməsini nəzərdə tutub. Nazirlik və idarələrdə gender siyasətinə məsul koordinatorlar-fokal mərkəzlər fəaliyyət göstərib. Eyni zamanda 16 rayonun icra hakimiyyəti orqanlarının tərkibində gender problemləri üzrə şöbələr yaradılıb. 2006-cı ölkədə "Gender bərabərliyinin təminatları haqqında” qanun qəbul edilib. Bu qanun Azərbaycanda cinsi mənsubiyyətə görə hər cür ayrıseçkiliyi qadağan edib və ölkənin hüquq təcrübəsində ilk dəfə olaraq bu qanunda ayrı-seçkilik anlayışı tətbiq olunub. Görünən odur ki, dövlət bu istiqamətdə demokratik mühitin yaradılması üçün hüquqi baza formalaşdıra bilib. Ancaq bir çox klassik və strateji problemlər qalmaqdadır. İndiki dönəmdə bu sahədə vəziyyət nə yerdədir? Ümumiyyətlə, hansı işlər görülüb və gələcəkdə hansı işlər görülməlidir?

 


7NEWS.az olaraq Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi rəhbəri Sevinc Fədai ilə müzakirə etdik: "Düşünürəm ki, Azərbaycanda demoqrafik gərginlik, xüsusi olaraq nəzərə çarpacaq demoqrafik problem yoxdur. Ancaq məsələ bundadır ki, əhalinin artmıyla yanaşı, onun keyfiyyət məsələsinə də diqqət yetirmək lazımdır. Çünki ölkə üçün daha çox fiziki, əqli, psixoloji cəhətdən sağlam, təhsilli əhali, vətəndaş lazımdır. Bunun əksi problem deməkdir.

Həmçinin, əhalinin artımı baş verirsə, iş yerlərinin də artırılması, ərzaq, mənzil, yol məsələlərinin də bu artıma uyğunlaşdırılması gərəkdir. Bu istiqamətdə tədbirlər planı həyata keçirilməlidir. Son vaxtlar müxtəlif ərazilərdə yaşayan əhalinin belə bir şikayəti ilə qarşılaşıram. Ərazidə hündürmərtəbəli yeni binalar tikilir, vətəndaşlar binaya köçürülür, yaşam qurulur. Ancaq həmin ərazidəki sakinlərin sayına uyğun olaraq məktəb, parklanma və s. olmur, şəhərsalmada bu kimi məqamlar diqqətə alınmır. Nəticədə sakinlər, məktəbli uşaqlar əziyyət çəkir, nəqliyyat problemləri ilə qarşılaşırlar.

Ölkəmizdəki demoqrafik məsələlər sırasında qız uşaqlarının selektiv abortları, hələ də ailədə oğlan uşaqlarının doğulmasına üstünlük verilməsi dayanır. Ancaq kişilərin gənc yaşda işsizlik problemi ilə bağlı ölkədən köç etməsi, eləcə də müharibə zamanı həlak olmaları bu məsələni bir qədər balanslaşdırır. Elə bir demoqrafik problem yaşanmır. Ancaq yenə də qız uşaqlarının abort edilməsinin qarşısını almaq üçün maarifləndirmə işləri, fəlaiyyətlər davam etdirilməlidir.

Azərbaycanda gender bərabərliyi tam olaraq təmin olunmasa da, bu istiqamətdə işlər, bərabərsizliyə qarşı mübarizə heç vaxt dayandırılmır. İstər dövlət siyasətinin tərkib hissəsi, istərsə də fərdi şəkildə qadın haqlarının qorunması istiqamətində mübarizə aparılır. Amma hələ də bu problemin mövcud olması onu göstərir ki, onun qarşısını alan təməl prinsiplər ciddi araşdırılaraq aradan qaldırılmayıb. Sırf bu prinsiplər hədəf alınmalıdır.
Gender bərabərsizliyinə qarşı mübarizədə qanunvericiliyin təkmilləşdirilməsi, eyni zamanda, sənəd üzərində qalmayaraq tətbiqinə ciddi yanaşılması bizim fəaliyyətimizə yol açmış olur. Qeyd edim ki, biz həmişə istər dövlət işlərində, istərsə də özəl sektorlarda işlə təminolunmada gender bərabərsizliyindən narahat olmuşuq. Ancaq son zamanlar, məncə, bu istiqamətdə də stereotiplər dağıdılır, gənc, peşəkar, bacarıqlı xanımlar faydalı olmaq üçün imkanlar, statuslar əldə etməyə başlayıblar. Biz isə ən elementar məqamlardan başlayaraq, qadınların aktivliyini artıraraq müsbət dəyişiklik əldə etmək istəyirik. Yəni qadın ictimai rolunu dərk etməli, bir fərd kimi təkcə öz ailəsinin, böyütdüyü övladın məsuliyyətini daşımamalı, bir vətəndaş olaraq cəmiyyətə də öz töhfəsini verməlidir. Müəllim, həkim, jurnalist, hüquqşünas, polis, mühəndis və digər peşələrin sahibi kimi fəaliyyətini, həm də qadının beyninin gücünü ortaya qoymalıdır. Hələ ki, bu istiqamətdə maarifləndirmə işləri aparmaqla, qadınları öz haqlarını tələb edəcək, gücünə inanacaq mərhələyə gətirməklə cəmiyyətə inteqrasiyasını təmin etmək yolundayıq. Bu mənada daha çox bölgələrə üz tutaraq orada yaşayan xanımlarla, eləcə də onların həyat yoldaşları ilə görüşlər, söhbətlər təşkil etmək, mikromühitlərdə fikirləri dəyişməkdən başlamaq istəyirik. Onların bilik və bacarığını inkişaf etdirmək üçün təlimlər, kurslar təşkil etməyi düşünürük.Qadınlar üçün özünüinkişaf proqramları tətbiq etmək və məsləhətçi qruplar yaradaraq sağlam düşüncə formalaşdırmaq, insanların həyat tərzinə, ailə münasibətlərinə, ünsiyyətinə problem yaradan səbəblərdən xilas etmək kimi planlarımız var.

Azərbaycan qadını cəmiyyətə, dövlətə fayda verə biləcək, öz övladıyla bərabər bir qrup uşağı, gənci yetişdirəcək ağıla, mənəvi gücə, intellektə, sevgiyə sahibdir. Bütün bunlara qadınlarımızı inandırmaq lazımdır. Yəni mənə görə, əslində kiçik görünən təməl prinsiplərdən başlamaq gərəkdir. Gender bərabərliyi birbaşa qadının fikir sahibi olması və onun ictimai aktivliyi ilə yaranır.

Azərbaycanda geniş yayılmış gender problemi məişət zorakılığıdır ki, fikrimcə, bununla tək və bir təşkilat olaraq deyil, əlaqədar təşkilatların birgə əməkdaşlığı, bütöv bir cəmiyyət olaraq mübarizə aparmalıyıq. Bu zaman hər hansı bir nəticə əldə edə bilərik.

Xüsusilə dövlətin məişət zorakılığının qarşısının alınmasına maraq göstərməsi, sosial islahatlar həyata keçirməsi önəmlidir. Məişət zorakılığının ailədaxili, şəxsi məsələ olduğu düşünülməməlidir və nəhayət, dövlət baş verən bu kimi zorakılıq hadisələrində məsuliyyət hiss etməli, məsələyə müdaxilə etməlidir. Məsələn, əgər zorakılıq qurbanı olan qadın polisin zorakılığı dayandıracağı və ya zorakı şəxsin törətdiyi əməllərə görə layiqincə cəzasını alacağına ümid edərək polisə şikayətə gəlibsə və polis onu şikayət etmək haqqından yayındırırsa, onu yenidən həyati təhlükəsi olan evə yola salırsa, bu, artıq qanunların işləmə mexanizimində problemin olması deməkdir. Məişət zəminində baş verən qətllərə belə gətirib çıxarır. Buna görə də dövlət bilavasitə hüquq mühafizə sisteminin işinin yaxşılaşdırılması, onların məişət zorakılığı və onun qarşısının alınmasındakı rolları haqqında təlimatlandırmalıdır. Məişət zorakılığında zərər şəkmiş şəxslərə dəstək üçün lazımi sosial işin təşkili üzrə dövlət səviyyəsində tapşırıqlar olmalıdır. Dövlət dəstəyi və qeyri-hökumət təşkilatlarının təşəbbüs və təşkilatçılığı ilə ölkədə qadın sığınacaqlarının sayı artırılmalıdır. Qeyri-hökümət təşkilatları, sığınacaqlar, hüquq mühafizə orqanları, psixoloji və hüquqi mərkəzlər bu məsələ ilə bağlı əlaqədə olmalıdır. Bu bütövlüyü və əməkdaşlığı təmin edəcək proqramların yaradılmasında və onların icrasına nəzarətdə dövlətin iştirakı və ya bunun üçün şərait yaratması problemin həllinə kömək etmiş olardı.

Bütün bunlarla yanaşı, dayanmadan durmadan cəmiyyətdə sağlam düşüncə formalaşdıracaq maarifləndirmə işləri plan-proqramlı, sistemli şəkildə davam etdirilməlidir. Çünki qanunlar, onların icra mexanizmləri dəyişsə belə, düşüncə, gender stereotipləri dəyişməsə, tam olaraq müsbət nəticə əldə etmək mümkün olmayacaq.

 

 

7NEWS.az

Amil Qurbanov


Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.18


Xəbər lenti