Gəncənin Kəpəz və Nizami rayon məhkəmələri ləğv edilib

Gəncənin Kəpəz və Nizami rayon məhkəmələri ləğv edilib
Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin təşkili haqqında Sərəncam imzalayıb.

Lobbi.Az xəbər verir ki, Sərəncama əsasən, Gəncə şəhərində Gəncə Şəhər Məhkəməsi təşkil edilib, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi və Gəncə şəhəri Nizami Rayon Məhkəməsi ləğv edilib.
Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib ki, Gəncə Şəhər Məhkəməsinin təşkili ilə əlaqədar məhkəmələrin ərazi yurisdiksiyasında müvafiq dəyişikliklər etsin; Gəncə Şəhər Məhkəməsinin hakimlərinin ştat sayını müəyyən etsin; Gəncə Şəhər Məhkəməsinin hakimlərinin təyin edilməsi ilə bağlı təkliflərini 2022-ci il iyunun 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Nazirlər Kabineti Gəncə Şəhər Məhkəməsinin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onun bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görməli, Gəncə Şəhər Məhkəməsinin fəaliyyətinin təşkili ilə bağlı xərclərin 2022-ci ilin dövlət büdcəsində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin saxlanılması üçün nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi və növbəti illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulması üçün tədbirlər görməli, Gəncə Şəhər Məhkəməsinin hakimləri təyin edilənədək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin fəaliyyətinin maliyyələşdirilməsini təmin etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Sərəncam iyulun 1-dən qüvvəyə minir.
 
Lobbi.Az

Xəbər lenti