Ermənistan 1 milyondan çox insanın hüquqlarını pozduğuna görə beynəlxalq tribunalarda cavab verəcəkdir - TƏHLİL

Ermənistan 1 milyondan çox insanın hüquqlarını pozduğuna görə beynəlxalq tribunalarda cavab verəcəkdir - TƏHLİL

XX əsrin sonu, XXI əsrin əvvəllərində qloballaşma sözün həqiqi mənasında aparıcı anlayışa çevrilmişdir. Qloballaşma termini etimoloji cəhətdən latın termini olan "qlobus” - yəni Yer kürəsi sözü ilə əlaqədardır.Bu və ya digər proseslərin ümumi-planetar xarakter daşıdığını ifadə etdiyini göstərir. Elmi ədəbiyyatlarda XX əsrin ikinci yarısından sonra dünya miqyasında baş verən fundamental prosesləri izah etmək üçün "qloballaşma" terminindən ilk dəfə 1967-ci ildə istifadə edildiyi bildirilir.Müasir anlamda termin kimi isə "qloballaşma" 1980-ci illərin ortalarında dövriyyəyə buraxılmış və intellektual elita tərəfindən qəbul olunmuşdur.

Qloballaşmanın qlobal cəmiyyətlərin yaranmasının müxtəlif mərhələlərini müxtəlif şəkildə izah edən alimlər var. Həm Avropa, həm Amerika, həm də rus alimləri bu baxımdan bir-birindən fərqlənən nəzəriyyələr yaratmışdır. Qloballaşmanın tarixi mərhələrini araşdıran alimlərdən K.Marks, Ullerstayn, Robertson,Giddens,Perlmutterin adını çəkmək olar. Qloballaşmanın neolit inqilabından başlanan və yaxud dünya imperiyalannın yaradılması ilə əlaqələndirən, eləcə də böyük coğrafi kəşflərlə bağlayan və yaxud XIX-XX əsrin elmi-texniki inqilabının nailiyyətləri ilə əlaqələndirən alimlər var. Bəzi alimlər isə, qloballaşmanı XX əsr hadisəsi hesab edir, onun mərhələlərini I əsr dövründəki mərhələlərə bölür və müxtəlif arqumentlərlə öz fikirlərini əsaslandırmağa cəhd edirlər.

Məhz yaşadığımız dünyanın qloballaşması, həm də insan hüquq və azadlıqlarının ön plana keçməsinə münbit şərait yaratmış oldu. İnsan hüquq və azalıqları deyəndə nə başa düşürük, hansı meyarları əsas götürməliyik? İlk öncə bu suallara cavab tapmağa çalışacağıq. İnsan hüquqları müasir dünyanın ən aktual problemlərindən biridir. İnsan hüquqlarının anlayışı və təbiəti haqqında danışmazdan əvvəl bu ideyanın tarixi inkişafını nəzərdən keçirmək lazımdır.İnsan hüquqları ideyasının tarixi kökü təxminən e.ə.VI-V-ci əsrlərə gedib çıxır.Belə ki, hələ o dövrdə Afina və Romada bu ideyalar meydana gəlməyə başlamışdır. Doğrudur, bu fikirlər o zaman insan hüquqları adlanmasa da, onlar öz mahiyyəti etibarilə indiki insan hüquqlarının ilk rüşeymləri idi. Buna misal olaraq, ilk demokratlardan olmuş Afinalı Periklin xalqın xeyrinə həyata keçirdiyi islahatları və ya Qədim Romada plebeylerlə patrisilər arasında gedən mübarizəni göstərə bilərik.Lakin o dövrdə insan hüquqları dedikdə yalnız quldurlara məxsus hüquqlar göstərilirdi və qulların heç bir hüququ yox idi. Cəmiyyət inkişaf etdikcə insanlar öz hüquqları uğrunda daha mütəşəkkil mübarizə aparmağa başladılar. Elə bunun məntiqi nəticəsi olaraq, 1215-ci ildə İngiltərədə dünya tarixində insan hüquqlarına dair ilk sənəd olan "Böyük Azadlıqlar Xartiyası (Magna Carta)” qəbul olundu ki, bu sənəd indi də öz əhəmiyyətini qoruyur.Bu sənədin əhəmiyyəti ondan ibarətdir ki, dünya tarixində ilk dəfə olaraq, kral öz hakimiyyətini feodalların xeyrinə məhdudlaşdırırdı.Bundan sonra İngiltərədə insan hüquqları uğrunda mübarizə daha da gücləndi və 1689-cu ildə Hüquqlar haqqında Bill qəbul olundu ki, bu da insan hüquları sahəsində bəşəriyyətin daha bir nailiyyəti idi.

XXI yüzillik dünyaya qloballaşma əsri kimi daxil olmuşdur. Yaşadığımız hazırkı dövr dünya ölkələri üçün radikal sosial, iqtisadi, siyasi, mədəni və mənəvi dəyişikliklərlə səciyyələnir. Dövlətlər arasındakı sərhədlərin şəffaflaşması, müxtəlif xalqların bir-birinə inteqrasiya etməsi, ikitərəfli münasibətlərin genişlənməsi və dərinləşməsi müasir dövrümüzün xarakterik cəhətlərindəndir. Çağdaş dünyanın inkişafı prosesində indiki tarixi mərhələnin başlıca meyilləri qloballaşma və iqtisadi, mədəni inteqrasiyadır. Müstəqil Azərbaycan Respublikası da ümumdünya inteqrasiya və qloballaşma cərəyanlarından kənarda qalmamışdır. Ötən əsrin axırlarında Azərbaycan müstəqillik qazandıqdan sonra ölkə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə getməyə, dünya ölkələrinə inteqrasiya olunmağa, qloballaşma prosesində fəal iştirak etməyə başladı. Lakin təəssüf ki, gənc müstəqil Azərbaycan dövlətinin istiqlalının elə ilk illərində ona "başçılıq” edən səriştəsiz rəhbərlərin "xidmətləri” sayəsində ölkəmizi bir dövlət kimi məhv olmaq təhlükəsi təhdid edirdi. Daxili və xarici düşmənlərin birgə fəaliyyəti nəticəsində Azərbaycan Respublikası idarəolunmaz vəziyyətə düşmüş, respublikanın ayrı-ayrı hissələrə parçalanması məqsədilə separat hərəkatlar genişlənmiş, cəbhədə Azərbaycan əraziləri bir-birinin ardınca itirilməyə başlanmışdı.

1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gələrək ölkəni dünyanın siyasi xəritəsindən silinməkdən, bir dövlət olaraq parçalanmaqdan xilas etdi. Dövlətimizin bütün sahələrində əsaslı islahatlara qədəm qoyuldu və inkişafın əhəmiyyətli 94 faktorlarından biri - daxili ictimai-siyasi sabitlik bərqərar oldu. Dahi rəhbər Heydər Əliyevin çağdaş tariximizə Milli qurtuluş günü kimi daxil olmuş 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilməsi ilə respublikada demokratiyanın, qanunçuluğun, hüquqi dövlət quruculuğunun bünövrəsi qoyuldu. Heydər Əliyevin parlamentə sədr seçilməsindən sonra Milli Məclisdə verdiyi bəyanatda müstəqil dövlətçiliyin inkişaf konsepsiyası və yolları sistemli şəkildə açıqlandı. Bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlandı. Böyük öndər Heydər Əliyevin 1993-cü ilin iyun-oktyabr ayları və sonrakı dövrdə müstəqil Azərbaycan dövlətinin qorunması və möhkəmləndirilməsi uğrunda mübarizəsi strateji məqsəd daşıyırdı. Ulu öndər Heydər Əliyevin ən böyük xidməti ondan ibarətdir ki, o, Azərbaycan dövlətçiliyini qoruyub saxladı. Dövlətçiliyimizin qorunub saxlanılması isə müstəqilliyimizin, azadlığımızın möhkəmlənməsi deməkdir.

Bu gün Prezident İlham Əliyev əsası Ulu Öndər tərəfindən qoyulan siyasəti yeni dünya düzəninə adekvat şəkildə tətbiq etməkdədir. Qalib ölkənin Ali Baş Komandanı bütün dünyaya sübut etdi ki, 30 ildən çoxdur ki, Azərbaycan xalqının 1 milyondan çox hissəsinin şəxsi, əqli, mülki, mədəni, sözün bütün mənalarında hüquqları tarimar edilibdir. BMT daxil olmaqla bir neçə nüfuzlu beynəlxalq təşkilatların vərəq üzərində olan qətnamalərinin Şanlı Ordumuz tərəfindən icra edilməsi, eyni zamanda, insan hüquqları kontekstində əhalinin hüquqlarının bərpa edilməsi ölkəmizin bu sahəyə verdiyi önəmdən xəbər verir. Ancaq mübarizə qarşıdadır, işğalçı Ermənistan 1 milyondan çox insanın hüquqlarını pozduğuna görə beynəlxalq tribunalarda cavab verəcəkdir.

Mənsur Mustafayev

7NEWS.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.3

 

Xəbər lenti