Əli Hüseynli: Azərbaycan dövləti bölgədə sülh və əmin-amanlığın təmin edilməsində müstəsna rola və siyasi iradəyə malikdir

Əli Hüseynli: Azərbaycan dövləti bölgədə sülh və əmin-amanlığın təmin edilməsində müstəsna rola və siyasi iradəyə malikdir
Əli  Hüseynli

Milli Məclisin deputatı

"Tarixi Zəfər və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə başa çatmış 44 günluk Vətən müharibəsindən sonra yaranmiş yeni reallıqlar Cənubi Qafqazın yeni inkişaf perspektivlərini müəyyənləşdirən ən önəmli amillərdən biridir. Lakin aydındır ki, bölgədə dayanıqlı sülh və əmin-amanlıq mühiti təmin olunmazsa, qarşıya qoyulmuş hədəflərə nail olmaq yolunda ciddi problemlər ortaya çıxa bilər. Bu həqiqəti bölgədəki bütün digər qonşu dövlətlər kimi Ermənistan da dərk etməlidir.

Təbii və məntiqlidir ki, biz qalib ölkə olduğumuz üçün sülhə daha çox maraqlıyıq, həm də milli mahiyyətimizdən irəli gələn əmin-amanlığa, humanizmə hər zaman sadiq olduğumuzu nümayiş etdirmişik. Bununla belə, işgalçı üzərində qazanılmış qələbə arxayınçılığa yol açmamalıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə "Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı açıq şəkildə bu məsələlərə münasibətini ifadə etmişdir. O, rəsmi Bakının hər zaman – istər danışıqlar müstəvisində, istərsə də müharıbə şəraitində sözlə əməlinin bir olduğunu və bütün məsələlərdə xalqın iradəsini əks etdirdiyini vurğulamışdır: "Bütün hazırlıq işlərinin aparılmasında əsas amil xalq-iqtidar birliyi olmuşdur. Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bizim siyasətimizə böyük inam var. Müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı bizə Azərbaycan xalqı bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da etmişik. Biz "nəyi nə vaxt, necə etmək lazımdır bilirik” deyəndə, məhz bunu nəzərdə tuturduq”.

Cənab İlham Əliyev Azərbaycanın hər zaman bölgədə qarşılıqlı inam və etimad əsasında dinc birgəyaşayış tərəfdarı olduğunu bütün səviyyələrdə dəfələrlə bəyan etdiyini dilə gətirərək yeni quruculuq dövrünün imkanlarını düzgün dəyərləndirilməsinin vacibliyi ilə bağlı  dünya ictimaiyyətinə çağırış etmişdir: "Biz müharibə istəmirdik və bu gün də istəmirik. Hesab edirəm ki, müharibə riskini sıfra endirmək üçün bölgəmizdə, Cənubi Qafqazda müxtəlif təşəbbüslər irəli sürülməlidir. Biz buna hazırıq. Bizə müharibə lazım deyil. Biz istədiyimizə nail olmuşuq və bizim üçün indi yeni dövr - quruculuq dövrü, torpaqlarımızın bərpası dövrü başlanmışdır”.

Ermənistanın isə əsassız iddialarından əl çəkərək yeni formatda ona ayrılacaq yerin və mövqeyin əhəmiyyətini anlamağa çalışmalıdır. Çünki onun artıq başqa çıxış yolu yoxdur , çünki ordusu darmadağın olmuş, iqtisadi tənəzzülün daha sürətlə davam etdiyi, daxili  sabitliyin tam pozulduğu, beynəlxalq dəstəkdən məhrum olmuş Ermənistan sülh yolu ilə inkişaf yolundan imtina edərək bu şansını dəyərləndirməsə, bir dövlət kimi tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaq. Hərbiçilərlə görüşündəki nitqində Azərbaycan Prezidenti bu məsələyə xüsusi diqqət ayırıb: "Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir”.

Lakin, cənab İlham Əliyevin dediyi kimi, biz heç nəyi unutmamışıq, biz şəhidlərimizi, Xocalı faciəsini, erməni varvarları təfindən dağıdılmış şəhərlərimizi, kəndlərimizi unutmamalıyıq:

"Çünki onlar əsrlər boyu gənc nəsli düşmənçilik ruhunda böyütmüşlər. Düşmənçilik, nifrət toxumları səpmişlər və bu da onların iflasına gətirib çıxardı. Ona görə biz heç nəyi unutmayacağıq”. Müzəffər Ali Baş Komandanımız daha sonra Ermənistanda təxribatçı və revanşist mövqe nümayiş etdirənbəzi siyasi dairələvə onların havadarlarına növbəti dəfə xəbərdarlıq etmişdir: ”Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir”.

Postmüharibə dövründə Azərbaycan iqtisadiyyatı yeni intibah dövrünə qədəm qoymuş və bununla paralel olaraq ordu quruculuğu və hərbi sənayenin inkişafi da dövlətin  proritet istiqamətləri kimi öz mövqeyini qoruyub saxıamaqda davam edir. Ordumuzun Türkiyə modeli əsasında NATO standartlarına uyğunlaşdırılması istiqamətində mühüm addımların atıldığı barədə açıqlama verən Prezident İlham Əliyev öz çıxışında bu məsələyə əhəmiyyətli yer ayıraraq Silahlı Qüvvələrimizin struktur islahatlarının təsdiqləndiyini və ordumuzun say tərkibinin artırılmasi barədə də siyasi qərarını bəyan etmişdir: "Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq”.

Bu, Azərbaycan Silahlı Qüvvələrinin dünya çapında ən güçlü ordular sırasında yerini hər zaman saxlamağa qadir olduğunun göstəricisi və ölkəmizin ərazi bütövlüyünə mümkün təhdidlərin müəlliflərinə tutarlı cavabdır.

Xəbər lenti