Editor.az Ukraynanın “Qolos” Media Qrupu ilə əməkdaşlığa başlayır-FOTOLAR

Editor.az Ukraynanın “Qolos” Media Qrupu ilə əməkdaşlığa başlayır-FOTOLAR

 

Azərbaycanın Editor.az İnformasiya Portalı ilə Ukraynanın "Qolos” Media Qrupu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu onlayn rejimdə Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı və "Qolos” Media Qrupunun baş redaktoru Viktoria Poluşkina imzalayıb.

Memorandum çərçivəsində iki ölkənin media qurumları arasında qarşılıqlı səfərlər baş tutacaq, bu KİV-lərin əməkdaşları arasında təcrübə mübadiləsi həyata keçiriləcək.

Anlaşma çərçivəsində Editor.az və Golos.ua qarşılıqlı maraq doğuran məlumatları öz saytlarında, sosial şəbəkə hesablarında dərc edəcək.

Eyni zamanda iki media qurumu Azərbaycan və Ukrayna arasında media müstəvisində peşəkar münasibətlərin və dostluq əlaqələrinin inkişafına töhfə verəcək birgə tədbirlər təşkil edəcək.

İmzalanma mərasimində çıxış edən Fərid Şahbazlı və Viktoria Poluşkina Azərbaycanla Ukrayna arasında tarixi dostluq və strateji əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildiriblər. Baş redaktorlar bildirib ki, hər iki ölkə daima müxtəlif beynəlxalq platformalarda bir-birini dəstəkləyir.

Natiqlər qeyd edib ki, iki ölkə mediası arasında da əməkdaşlığın böyük potensialı var. Bildirilib ki, imzalanan memorandumla iki media qurumu arasında informasiya və təcrübə mübadiləsi həyata keçiriləcək.

Xəbər lenti