Diaspor Komitəsi heyətinin Baltikyanı ölkələrə səfəri başa çatıb - Foto

Diaspor Komitəsi heyətinin Baltikyanı ölkələrə səfəri başa çatıb - Foto

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Baltikyanı ölkələrə səfəri başa çatıb.

7News.Az xəbər verir ki, nümayəndə heyətinin Baltikyanı ölkələrə səfəri Litvada Vilnüs Universiteti ilə tanışlıqdan başlayıb. Komitə sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətini və Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevi universitetin rəhbərliyi qarşılayıb. Universitetin tarixi, strukturu, müəllim-tələbə heyəti barədə qısa məlumat verildikdən sonra qonaqlar burada fəaliyyət göstərən Azərbaycan auditoriyası ilə tanış olublar. Tanışlıq zamanı azərbaycanlı tələbə və müəllimlər haqqında məlumat verilib, gələcəkdə daha çox soydaşımızın bu tədris ocağında təhsil almasına dair fikir mübadiləsi aparılıb, auditoriyaya kitablar hədiyyə olunub.

Daha sonra bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılarla görüş keçirilib. Səfir Tamerlan Qarayev çıxış edərək, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib, diqqəti diaspor hərəkatında canlanmanın müşahidə olunduğuna cəlb edib.

Azərbaycan və Litva arasında ikitərəfli münasibətlərin qarşılıqlı anlaşmaya və dostluğa söykəndiyini xatırladan Dövlət Komitəsinin sədri bildirib ki, soydaşlarımız diaspor hərəkatının gücləndirilməsi, birgə fəaliyyətin təmin olunması naminə müxtəlif ölkələrdə Koordinasiya Şuraları təsis edirlər. 

Qeyd edək ki, Baltikyanı ölkələrdə yaşayan soydaşlarımızın birgə toplantısı keçirilib. Riqada keçirilən toplantıda soydaşlarımız Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təsis edilməsi ilə bağlı qərar qəbul ediblər.

Konfransda Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti, Baltikyanı ölkələrdə yaşayan 100-ə yaxın soydaşımız və diaspor rəhbərləri iştirak edib. 

 



LOBBI.Az

Xəbər lenti