"Dayı, əmi olmadan öz gücümüz və bacarığımızla bu yerə gəlmişik" - Ramil Həsən "Onun 10 cavabı"nda

AZXEBER.COM-un "Onun 10 cavabı” rubrikasının növbəti qonağı millət vəkili Ramil Həsəndir.

O, müxtəlif media qurumlarında çalışan 10 jurnalistin suallarını cavablandırıb.
 


1. Məhərrəm Əliyev

- Tam səmimiyyətlə deyə bilərsinizmi, millət vəkili kimi vəzifənizin öhdəsindən layiqincə gəlirsiniz?

- Mənim onu deməyim çətin olar, çünki layiqincə gəlib-gəlməməyimlə bağlı suala seçicilər cavab verə bilər. Buna Ucar əhalisi daha doğru cavab verər. Amma mən deputat olaraq çalışıram ki, öhdəsindən gəlim.

2. Kamran Ədalət

- Məlum olduğu kimi, son bir neçə ayda ölkədə ərzaq məhsulları, kommunal xidmətlərin qiymətində bahalaşma qeydə alınıb. Bu da pandemiyadan çıxan əhalinin rifah vəziyyətinə çox böyük zərbədir. Bununla bağlı siz, o cümlədən digər deputat həmkarlarınız hər hansı təklif və ya iradla çıxış etmisiniz?

- Mən bununla bağlı Azərbaycan hökümətinə bir neçə təkliflər paketini təqdim etmişəm. Bu gün də, bilavasitə bu məsələ ilə bağlı əhalinin tələbata ehtiyacı olan hissəsinin sosial cəhətdən daha geniş formatda müdafiə olunması ilə bağlı konkret təkliflərimiz var. Bu, bir neçə istiqamətdə ola bilər. Təbii ki, hökümət bunu qiymətləndirəcək. Mənim vermiş olduğum təkliflər əsasən ondan ibarətdir ki, maddi cəhətdən aztəminatlı ailələrin bu çətinlikdən çıxmaları üçün müxtlif kompensasiyaların və ya sosial ödənişlərin həyata keçirilməsi baş tutsun. Dünyada bunlar mövcuddur. Azərbaycan da qlobal dünyanın bir tərkib hissəsi olduğu üçün düşünürəm ki, bununla bağlı Azərbaycan höküməti də müsbət qərar verəcək.

3. Turan Şirəliyeva

- Ramil bəy, Daxili İşlər Nazirliyi sizi maskaya görə cərimələdi. Bunu nə qədər haqlı hesab edirsiniz?

- Bu məsələ ilə bağlı çox polemikalar var, müzakirələr aparılır. Mənim şəxsi düşüncəm belədir ki, maska taxmaqla bağlı bir qərar qəbul olunubsa, bu qərar hamı üçün keçərlidir. Sadəcə orada həssas bir nüans var, əgər biz yemək masası ətrafında əyləşiriksə, o masa ətrafında oturduğumuz zaman maskaları çıxarırıqsa, təbii ki, orada müəyyən suallar meydana çıxa bilər. Biz masadan qalxdığımız anda maska üzərimizdə deyilsə, bizim üz qismimizi bağlamayıbsa, bununla bağlı cəza olmalıdır, ya yox? Eyni zamanda Milli Məclisin deputatları ilə bağlı olan bir qanun var, müvafiq olaraq Milli Məclisin deputatları bütün inzibati məsuliyyətdən azaddırlar. Amma bir fərd, bir vətəndaş kimi hər bir Azərbaycan vətəndaşı qanun qarşısında bərabər olmalıdır. Müvafiq qurumlar hesab edirlər ki, millət vəkili kimi mənim atdığım addımlarda da bir məsuliyyət hissi var və ona görə bu qərarı veriblər, biz də onu qəbul etmişik.

4. Günel Hüseynli

- Gənc yaşda deputat olmusunuz, mühüm vəzifələrdə çalışmısınız. Bu, şansla bağlı məsələdir, yoxsa necə?

- Şansa buraxsanız, necə olacaq onu Allah bilər. Hətta bizim dinimizdə də var ki, Allah buyurur ki, sizdən hərəkət, məndən bərəkət. Nəticə etibarı ilə, əvvəla gənc yaşda millət vəkili olmamışam, 42 yaşında olmuşam, bu yaşda əgər məni gənc olaraq qeyd edirlərsə, bu, mənim üçün böyük şərəfdir. Təbii ki, gənc yaşlarında diplomatik postlar tutmuşam. Hesab edirəm ki, gənc kadrların önə çəkilməsi Cənab Prezidentin həyata keçirdiyi bir siyasətdir. Bunu fəxrlə qeyd edə bilərəm ki, dayısı, əmisi olmadan, hər hansı bir şəxsin qohumu olmadan, öz gücümüz, bacarığımızla bu yerə gəlmişik. Mərhələ-mərhələ, əziyyət çəkərək, təcrübə toplayaraq qazandığım uğurların cüzi bir hissəsi şans ola bilər. Önəmli hissəsi isə dövlətin yaratdığı şəraitdir.

5. Tural Tağıyev

- Həmkarlarınızın, xüsusən də gənc deputatların hazırki fəaliyyətindən razısınızmı? Əvvəlki Parlamentlə yeni formalaşan Parlament arasında nə kimi ciddi fərqlər var?

- Ən önəmli fərqlərdən biri ondan ibarətdir ki, siyasi, iqtisadi və ictimai həyatda aktiv və fəal olan bir çox insanlar Milli Məclisdə təmsil olunmaqdadır. Müqayisə üçün qeyd edə bilərəm ki, indiki çağırış deputatları içərisində yetərincə bacarqlı və qabiliyyətli insanlar var. Biz bundan məmnunluq duymalıyıq. Bir şeyi qeyd etmək lazımdır ki, bəzən vətəndaşlar da, seçicilər də deputat tribunada çıxış edir, ya yox, ona baxırlar. Halbuki deputatın fəaliyyəti təkcə tribunadan çıxış, ya sayta müsahibə vermək deyil. Eyni zamanda konkret nəticələr əldə edə biləcək fəaliyyətdir. Bəzi millət vəkilləri gördükləri işi təqdim etmək bacarıqları olduğu üçün çəkdiyi əziyyət Azərbaycan ictimaiyyətinə təqdim olunur. Bəziləri isə o əziyyəti çəkir, amma onların əziyyəti ictimaiyyətə təqdim olunmur.

6. Famil Fərhadoğlu

- Şuşa bəyənnaməsindən sonra ermənilər yenidən müharibə etmək xülyasına düşsələr, Türkiyə ordusu müharibəyə birbaşa müdaxilə edə biləcəkmi?

- Bilirsiniz ki, Azərbaycan və Türkiyə müttəfiqlik münasibətlərinə sahibdir. Bəyənnamə hüquqi cəhətdən hələ tam yerinə oturmasa, tarixi və siyasi cəhətdən mühüm əhəmiyyət kəsb edir. Bu bəyənnamənin Şuşada imzalanması bütün dünyaya bir mesajdır və tarixi hadisədir. Biz bu bəyənnaməni imzalamaqla əcdadlarımıza sadiqlik, gələcək nəsillərə örnək olmasını istəyirik, bunu Prezident İlham Əliyev söylədi. Yaxın gələcəkdə yeni müqavilələr də imzalanacaq və Parlamentdə də ona uyğun uyğunlaşmalar həyata keçiriləcək. Bəyənnamədəki maddədən də görünür ki, iki dövlətdən birinə təcavüz olduğu halda bir-birilərindən yardım istəyə bilərlər.

7. Briliyant Rəsulova

- Moldovalı biznesmenin qızını evinizdə gizlətmənizlə bağlı iddialara aydınlıq gətirmənizi istəyərdim. Doğrudursa, səbəb nədir?

- Mən bir şeyi qeyd edim ki, belə hadisələrin heç birinin əsası yoxdur. Birincisi, heç kəs heç kəsi evində gizlətmir. Qanuni əsasla bir insan digəri ilə ailə qurursa, həmin ana öz doğma övladını hara gətirməlidir? Təbii ki, evlənib ərə getmiş olduğu həyat yoldaşının yanına getməlidir. Guya ki, filankəs evində kimisə gizlədir, Azərbaycanda bu tip ailələr yetərincədir. Çünki hər kəsin ailə qurmaq, ərə getmək hüququ var. Onda belə çıxır ki, Azərbaycanda boşanaraq yenidən ailə qurmuş xanım övladları ilə bərabər qanun çərçivəsində öz həyat yoldaşının yanına gələndə o uşaqlarını evdə gizlədir. Belə məntiqlə yanaşsaq, bu, qanundan kənara çıxmaqdır. Mətbuat nümayəndələri də nəzərə almalıdırlar ki, kimsə kimisə evində gizlətmir. Ana öz övladı ilə bərabər qanun çərçivəsində heç bir maneə ilə üzləşmədən vətəndaşı olmuş olduğu ölkəni tərk edərək millət vəkili seçilmiş həyat yoldaşının yanına gəlib. Nə mən, nə də ana övladının atası ilə görüşməsinə heç bir zaman nə etiraz edib, nə də mane olub. Bu sualı ataya vermək lazımdır ki, ata nə zaman övladı ilə görüşmək istəyib və ona kimsə mane olub?

8. Gülşən Şərif

- Bu yaxınlarda bir neçə deputat özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılmasının tərəfdarı olduqlarını bildiriblər. Sizcə, bu məsələ Parlamentdə müzakirəyə çıxarılarsa, özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması mümkündürmü?

- Mənim bu suala cavab verməyim üçün araşdırmağım lazımdır. Ona görə də bu suala hələ ki, cavab verə bilməyəcəm.

9. Gülayə Məcidova

- Ramil bəy, hər hansı bir yerdə vəkil Muxtar Mustafayevlə ünsiyyət qurmanız lazım gələrsə, ilkin söhbətiniz nə olar?

- Belə məsələlərə artıq mənim reaksiya verməyimin mənası olmaz. Çünki mən qanun çərçivəsində addım atan bir insanam. Bu günə qədər də qanundan kənara çıxmamışam. Bəhsi keçən şəxslə bağlı da hüquq-mühafizə orqanlarına artıq müraciət etmişəm. Hər kəs qanun qarşısında bərabərdir. Ona görə də qanundan kənara çıxmaq olmaz. Kiminsə hüququ kimdənsə çoxdur düşüncəsi yanlışdır. Necə ki, bəhsi keçən şəxsin hüququ varsa, mənim də hüququm var. Qanun qarşısında bu proseslərin cavabı veriləcək.

10. Aydın Nuri

- Ramil bəy, Azərbaycan mediasının bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?

- Maraqlı sualdır, Azərbaycan mediası bir tərəfdən inkişaf edir və bu çox önəmli nüansdır. Həm rəqəmsal medianın, həm internet resursları üzərində işləyən medianın, həm də çap mediasının prosesinə baxsaq, bir çoxunda irəliləyiş var, bəzilərində isə geriyə addımlar var. Çap mediasına maraq azalır. Amma eyni zamanda Medianın İnkişafı Agentliyinin həyata keçirmiş olduğu uğurlu layihələri də qeyd etmək lazımdır. Bu, sağlam media təfəkkürünün formalaşdırılmasına kömük edir. Azərbaycan cəmiyyəti və mediası özü-özünü təmizləməlidir. Heç də bütün media strukturları və qurumları sağlam təfəkkürlə fəaliyyət göstərmir. Bəziləri reketliklə məşğuldur, bəziləri kimlərisə şantaj etməklə məşğuldur. Bunların şahidi oluruq, amma bunu hamıya aid etmək olmaz. Ona görə də dəryada damla kimi olan belə zərərli ünsürləri elə media özü zamanla süzgəcdən keçirəcək və təmizləyəcək. Yaxın gələcəkdə biz bir neçə media qurumunu silinib yox olduğunu görsək, heç də bundan təəccüblənməyəcəyik.
 

Xəbər lenti