Bütün həll yolları Bakıya aparır - Rusiyanın bir şansı qalıb

Bütün həll yolları Bakıya aparır - Rusiyanın bir şansı qalıb
Moskvanın "sülh göyərçini” kimi özünü göstərməsi get-gedə çətinləşir; Ermənistan Rusiya və Qərb arasında "seysmik geosiyasi çat”a çevrilir - təhlükə
Rusiya baş diplomatı Sergey Lavrovun Bakı səfəri yəqin ki, həftənin ən mühüm siyasi olaylarından biri kimi yadda qalacaq. Səfər həmçinin forpost Ermənistanın son zamanlar Rusiyanın "kürəyi” arxasından Avropa Birliyi (AB) ilə təhlükəli həddədək yaxınlaşdığı və öz ərazisinə AB-nin uzunmüddətli missiyasını çağırdığı dövrə təsadüf eləməsi ilə diqqət çəkir. Hansı ki, rəsmi Kremlin sərt reaksiyasına səbəb olub. Hətta Dövlət Dumasının sədri Vyaçeslav Volodinin dilindən Ermənistan adlı ölkənin yox ola biləcəyi hədəsi səslənib.     

S.Lavrovun Bakı ziyarətinin Azərbaycan üçün önəmi isə ən əvvəl belə bir suala cavabdan asılı olacaq: Kreml gerçəkdənmi Bakı və İrəvan arasında tezliklə sülh müqaviləsinin imzalanmasında maraqlıdır, yoxsa o da Ermənistan kimi imitasiya kursunu davam etdirəcək?

Qoyulan suala aydınlıq gətirilməsinin vaxtı artıq çatıb. Hər halda, 2025-ci il yaxınlaşdıqca özünü "sülh göyərçini” kimi göstərmək getdikcə çətinləşir. Rusiya ciddi və pozitiv nəsə bir iş görməlidir. Üstəgəl, Qərb, özəlliklə ABŞ və AB (Brüssel) təşəbbüsü ələ almağa başlayıb. Moskva bunun qarşısını yalnız daha praqmatik və daha obyektiv təkliflə ala və önə çıxa bilər. Əks təqdirdə, proses Rusiyasız qabağa aparılacaq və şimal qonşumuz onun arxasınca baxmaqla kifayətlənməli olacaq.       

Sözsüz ki, bu prosesdə hamı, o cümlədən Qərb öz maraqlarına işləyən oyunu oynayır. Amma Vaşinqton və Brüssel hələlik daha səmimi görünür. Hərçənd başı Ukraynaya qarışsa da, Moskvanın əlində sülh gündəliyinə praktik məzmun vermək üçün mühüm təsir rıçaqları qalır. Söhbət satellit Ermənistana təsir imkanlarından gedir.
Kreml: Moskva İrəvana və Bakıdan cavab gözləyir - AÇIQLAMA
Bir şeyi əminliklə söyləmək olar ki, Güney Qafqaz olduqca həssas bir dönəmə girib. Ancaq regionda Azərbaycanın köklü maraqları ciddiyə alınmadan heç bir xarici güc uğur əldə edə bilməyəcək. Bütün sülh, barışıq yolları Bakıya aparır. Odur ki, yaxşı olar, xarici güclər yalnızca pozitiv işlər naminə və Bakının razılığını almaq üçün yarışsınlar, sülhə ortaq töhfələr versinlər, nəinki Rusiya kimi, sülh prosesinin sürətlənməsini özünə təhlükə hesab edərək, əks yöndə fəaliyyətə keçsinlər, prosesə pəl vursunlar. 

O Rusiya ki, hazırda istər Qərb, istərsə də forpost Ermənistanla münasibətləri gərgindir. Lavrovun Bakı səfərinin siyasi effekti də daxil, ilk baxışda Moskvanın Azərbaycanın yanında olduğu görüntüsü yarana bilər. Ancaq həqiqət belə deyil. Çünki Rusiya Bakının 5 məlum baza prinsipi əsasında sülh sazişinin imzalanmasında hələ ki, maraqlı görünmür. Bu azmış kimi, digər vasitəçilərin diplomatik aktivliyinə qısqanc yanaşır. Ancaq bunun bir sonu gələcək. 

Neqativ məqamlardan biri də Ermənistanın Qərb və Rusiya arasında oynamağa çalışması, hər iki tərəfə reverans eləməsidir. Paşinyan iqtidarının taktikası bəlli: kim daha dadlı "konfet” versə, onunla olmaq. Təəssüf ki, İrəvan bu xüsusda Qərbin də, Rusiyanın da diqqətini cəlb edə bilir. İrəvana isə "konfet” yox, təzyiq lazımdır. Kapitulyant ölkə kimi, həlledici söz sahibliyini itirmiş tərəf kimi.

Bəzi təhlilçilərə görə, Rusiya son vaxtlar ciddi şəkildə narazı olduğu Ermənistanı Azərbaycanın əli ilə cəzalandıra bilər. Ancaq bizə kapitulyant ölkənin cəzalandırılmasından çox, onun sülh müqaviləsinə məcbur edilməsi lazımdır. Çünki bölgəyə məhz bundan sonra uzunmüddətli sabitlik gələ, yeni müharibədən hamı yalnız o halda zəmanətli şəkildə yayına bilər. Hər şey ondan - Azərbaycan və Ermənistan arasında sərhədləri rəsmiləşdirəcək sülh sazişindən, "erməni kartı”ndan həmişəlik imtinadan başlayacaq...

*****

Bölgə üçün təhlükəli məqam həmçinin Nikol Paşinyan hökumətinin "iki stul” siyasəti nəticəsində Ermənistanın Rusiya və Qərb arasında "seysmik geosiyasi çat”a çevrilmək üzrə olmasıdır. Bölgə xalqlarına isə burada "fillərin” davası yox, əməkdaşlığı lazımdır - daimi sülh və sabitlik naminə.  

"Azərbaycan və Rusiyanın mövqeləri praktiki olaraq üst-üstə düşür. Azərbaycan da Rusiya kimi AB missiyasının Ermənistana gəlməsi faktına mənfi münasibət bildirib. Bakının mövqeyinin nədən qaynaqlandığı bəllidir. Rusiyanın mövqeyinin də səbəbi var: Moskva AB-nin fəaliyyətini istənilən yerdə, o cümlədən Cənubi Qafqazda Rusiyanın təsirini minimuma endirmək cəhdi kimi qəbul edir”.

"Yeni Müsavat”ın məlumatına görə, bunu Calıbvier.az-a açıqlamasında rusiyalı analitik Stanislav Mitraxoviç deyib.

"Baxaq görək, bu missiya nə ilə bitəcək. Görək o, Paşinyanı KTMT və Avrasiya İqtisadi Birliyindən çıxmaq proseduruna başlamağa inandıra biləcəkmi? Bəs AB Ermənistanın iqtisadi və hərbi ehtiyaclarını təmin edə biləcəkmi? Düşünmürəm. AB öz sülhməramlılarını Azərbaycan-Ermənistan sərhədi zonasında hərbi əməliyyatların bərpa oluna biləcəyi bəzi ərazilərə göndərməyə necə, hazır olacaqmı? Əlbəttə yox”, - deyə o qeyd edib.
Stanislav Mitraxoviç:
Stanislav Mitraxoviç

Onun sözlərinə görə, Ermənistanın AB-yə iqtisadi inteqrasiyası da inandırıcı deyil: "Avropa İttifaqı hələ Moldovanı belə tam inteqrasiya edə bilmir. Ona görə də Rusiya ilə əlaqələr əvəzinə Avropa İttifaqı ilə belə bir formata ümid bəsləmək, birini tamamilə digəri ilə əvəz etməyə çalışmaq, təbii ki, Ermənistan üçün son dərəcə risklidir. Amma bu, AB üçün də risklidir. Bu zəmində Bakı və Moskvanın mövqeləri üst-üstə düşür - bəzi ekspertlər və müşahidəçilər üçün nə qədər təəccüblü olsa da”, - deyə rusiyalı analitik fikrini yekunlaşdırıb.

Lakin maraqlıdır ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bölgədə Qərb-Rusiya qarşıdurmasının real olduğuna inanmır. "Yəni söhbət ondan gedir ki, hansısa mərhələdə onlar Azərbaycan və Qarabağla bağlı öz aralarında dil tapa bilərlər. Bu baxımdan bəziləri deyir ki, guya Rusiya bizim tərəfimizdədir. Bu düzgün deyil. Kremldən bu cür münasibət olsa da belə, müvəqqətidir”, - deyə o vurğulayıb.

Bu da bir mövqe. Hansının dominant olduğu isə yəqin ki, tezliklə bilinəcək.../Yeni Müsavat

Xəbər lenti