Bu qanun siyasi partiyaların yerinin və rolunun güclənməsinə səbəb olacaq - TƏHLİL

Bu qanun siyasi partiyaların yerinin və rolunun güclənməsinə səbəb olacaq - TƏHLİL

 

"Yeni qanunun hazırlanmasınə zəruri edən digər amillər də var”


7NEWS.AZ xəbər verir ki, bu fikirləri Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli deyib: "2020-ci il il martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı prezident İlham Əliyevin milli və siyasi həmrəyliyin daha da gücləndirilməsini anons edən nitqində siyasi islahatlar və siyasi dialoq mühüm yer tuturdu. Məhz bu çıxışdan sonra Azərbaycanda çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulması, dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin strateji vəzifələrindən birinə çevrilmişdir. Bu günlərdə geniş ictimai müzakirəyə təqdim edilən "Siyasi partiyalar haqqında” qanun layihəsi də sözügedən islahatlarin vacib elementidir.

Yeni qanunun hazırlanmasınə zəruri edən digər amillər də var. Məlumdur ki, "Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub və bunun üzərindən 30 il keçir. Hazırda Azərbaycanın siyasi sistemində və bu sistemdə partiyaların fəaliyyətində ciddi yeniliklərin, irəliləyişlərin olduğunu nəzərə alsaq hazırda qüvvədə olan qanun müasir dövlətimizin, cəmiyyətimizin inkişafına adekvat deyil. Bu mənada, siyasi partiyaların fəaliyyətinin daha yüksək səviyyədə qurulması, genişlənməsi üçün yeni qanuna ehtiyac vardı. Digər bir tərəfdən Vətən müharibəsi dönəmindəki milli həmrəylik, siyasi partiyaların 44 gün ərzində siyasi maraqlarını bir kənara qoyaraq ümummilli mövqedən çıxış etməsi və bundan sonrakı dönəmdə diplomatik cəbhədə dövlətimizin mövqeyinin qətiyyətlə müdafiə edilməsi ölkədə yeni bir siyasi mühitin formalaşdığının göstəricisidir ki, bu yeni düzən də yeni qanunun qəbulunu zəruri edir. Zaman yeni qanunun qəbulunu qaçılmaz etmişdi. Söhbət müasir dövrün tələblərinə uyğun olan və siyasi partiyaların hüquqlarını daha doğru ifadə edən qanunun qəbulundan gedirdi ki, bu da böyük məsuliyyət tələb edir..

"Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı daha bir diqqətçəkən məqam bu qanunun hazırlanması zamanı ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların təklifləri ilə yanaşı, beynəlxalq təcrübə də öyrənilməsidir. Məsələn, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirilib. Bundan başqa ictimaiyyətin, siyasi partiyaların, vətəndaş cəmiyyəti təşkilatlarının, ekspertlərin, dövlət orqan və qurumlarının sənədlə tanış olması, ictimai dinləmə üçün qanun layihəsinin ilkin variantının Milli Məclisin saytında yerləşdirilməsi qanunvericilik prosesində təqdirəlayiq bir hadisə oldu. Bunun ardınca aparılan aktiv müzakirələr yeni siyasi konfiqurasiyanın yüksək səviyyədə qurulmasında əhəmiyyətli rol oynayan qanunun qəbul ediləcəyinə böyük inam yaradır. Siyasi partiyaların təkliflərinin, beynəlxalq təcrübənin, eləcə də keçiriləcək ictimai dinləmələrin kompleks halda nəzərə alınması nəticəsində müasir dövrümüzün tələblərinə cavab verəcək "Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanacaqdır ki, bu da siyasi sistemimizin daha da təkmilləşdirilməsi işinə verilmiş növbəti töhfə olacaqdır.

Layihəyə əsasən, siyasi partiya digər ölkələrin siyasi partiyaları ilə əməkdaşlıq edə, o cümlədən sazişlər bağlaya bilər. Siyasi partiya siyasi partiyaların beynəlxalq ittifaqlarına üzv ola bilər. "Siyasi partiyalar haqqında” yeni qanun layihəsində göstərilir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər siyasi partiyanın üzvü ola bilməyəcəklər. Həmçinin siyasi partiyaya üzvlük irqi, etnik, dini, dil, cinsi, mənşə, əqidə və sosial mənsubiyyətinə görə məhdudlaşdırıla bilməz.

Bu qanunun konsepsiyası siyasi sistemimizdə siyasi partiyaların yerinin və rolunun güclənməsinə, onların Azərbaycan dövlətçiliyinə daha ciddi töhfələr verməsinə yönəlib. Bu baxımdan yeni qanun layihəsinin konsepsiyası Prezident İlham Əliyevin apardığı siyasi islahatların tərkib hissəsi kimi dəyərləndirilməli və qəbul edilməlidir. Biz həm bu günün, həm də gələcəyin tələblərinə cavab verə biləcək qanun layihəsi hazırlamalıyıq. Ümidvaram ki, bunun öhdəsindən həm parlament olaraq gələcəyik, həm də cəmiyyətdən gələn müsbət fikirləri, təklifləri, rəyləri almaqla yüksək səviyyəsi qanun layihəsi qəbul edəcəyik. Beləliklə də bu, ölkə Prezidentinin aparmış olduğu siyasi islahatların tərkib hissəsi kimi önə çıxacaq və partiyaların Azərbaycanın siyasi həyatında yer və rolunun artmasına geniş imkanlar yaranacaq.

Əminliklə demək olar ki, ictimaiyyətin açıq müzakirəsinə verilən, demokartik prinsiplərə uyğun hazırlanan "Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ölkəmizdə siyasi münasibətlər sisteminə modernləşmə, rasionallıq gətirərək siyasi sistemin palitrasını daha da zəngiləşdirəcək.”

 

"Siyasi partiyalar haqqında yeni qanun layihəsi demokratik və şəffaf hazırlanıb”


7NEWS.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov saytımıza açıqlamasında deyib: "Qanun layihəsi bağlı Milli Məclisdə ictimai dinləmələr keçirilib. Bu dinləmələrdə ictimai müzakirələrin aktivliyi, buna marağın yüksək olması nəticəsində layihəyə müxtəlif dəyişikliklər edilib.

Layihənin qarşısında çox mühüm istiqamətlər durur. Belə ki, "Siyasi partiyalar haqqında" qanun layihəsinin həyata keçirilməsi ilə Azərbaycanda çoxpartiyalı sistemin təkmilləşdirilməsi, partiyaların ictimai-siyasi proseslərdə rolunun gücləndirilməsi nəzərdə tutulub.

Müzakirələr nəticəsində layihədə aparılan dəyişikliklər ilə bir çox məhdudiyyətlər və problem yaradacaq məqamlar aradan qaldırılıb. Eyni zamanda partiyanın təsis olunması və sənədlər ilə bağlı göstəricilər dəyişdirilib. Layihə beynəlxalq hüquqa və Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun şəkildə hazırlanıb. İctimai müzakirələr davam etdikcə layihə dahada təkmilləşdiriləcək və yüksək səviyyəyə çatdırılacaq. İctimai dinləmələrdə siyasi partiyaların iştirakı, onların irad və təkliflərinin nəzərə alınması Azərbaycanda mövcud demokratik mühitin yüksək səviyyədə olduğunun göstəricisidir.”

 

"Yeni qanun qəbul edildikdən sonra siyasi partiyaların fəaliyyətində canlanma olacaq”


"Siyasi partiyalar haqqında” yeni qanun layihəsi olduqca önəmli bir layihədir və heç şübhə etmirəm ki, həmin layihə 3 oxunuşda qəbul edildikdən sonra siyasi partiyaların fəaliyyətində nəzərəçarpan bir canlanma müşahidə olunacaq” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Artıq komitələrin birgə iclasında birinci oxunuşun müzakirələri oldu və məlum qanun layihəsi Plenar iclasa tövsiyyə edildi. Eyni zamanda bir məsələni xüsusi qeyd etmək istəyirəm: Komitə iclasından əvvəl keçirilən ictimai dinləmələr zamanı partiya sədrləri tərəfindən vurğulanan, onlarda narahatlıq doğuran bütün məsələlərə yekun variantda aydınlıq gətirilib. Daha dəqiq söyləsəm, həmin narahatlıq doğuran məsələlər öz həllini tapıb. Bu məsələlər içində partiya təsisi üçün tələb edilən üzv sayının azaldılmasını, seçkidə iştirak etməməyə görə siyasi partiyanın ləğvi ilə bağlı müddəanın tamamən layihədən çıxarılmasını nümunə kimi göstərmək olar.

Hesab edirəm ki, Plenar iclasda da hörmətli millət vəkilləri tərəfindən növbəti, maraqlı təkliflər səslənəcək və qanun layihəsi ən ideal formada qəbul ediləcək” – deyə Partiya sədri fikirlərinə davam edib.


 

Nail Qurbanov

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.4

 

 

Xəbər lenti