“Bu məfkurə Azərbaycanın müasir dünyada bir millət və bir dövlət kimi yerini müəyyən etdi” - TƏHLİL

“Bu məfkurə Azərbaycanın müasir dünyada bir millət və bir dövlət kimi yerini müəyyən etdi” - TƏHLİL

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xalqa müraciət edib.”

 

 

Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Kəmaləddin Qafarov deyib Bu müraciətin paytaxt Bakıdan deyil, qədim Şuşadan səslənməsi böyük məna kəsb edir. Dövlət başçısının da qeyd etdiyi kimi, Şuşa Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbənin tacıdır. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. 2020-ci ilin sentyabr-noyabr aylarında şanlı Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi möhtəşəm Zəfərlə Ümummilli Liderimizin və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının ən böyük arzusunu çin etdi. Bu gün isə, işğaldan azad olmuş torpaqlarımız sürətlə yenidən qurulur, dirçəlir. Bu il mayın 2-dən bu günə qədər Qarabağda və Şərqi Zəngəzurda birbaşa Prezident İlham Əliyevin iştirakı ilə 10 kəndin təməli qoyulmuş, bir çox açılışlar həyata keçirilmişdir”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov söyləyib.

Deputat deyib: "Ulu Öndər Heydər Əliyev bütün ömrünü öz doğma xalqına xidmətə həsr etmişdir.

"İstər 1969-1982-ci, istərsə də 1993-2003-cü illərdə Ümummilli Liderin bütün çoxşaxəli və gərgin fəaliyyətinin əsasında yalnız xalqımızın maraqları, dövlətimizin milli mənafeləri durmuşdur. Məhz bu fəaliyyət müasir müstəqil Azərbaycan dövlətinin qurulması üçün dayanıqlı əsasların yaradılmasını təmin etmişdir. Hər zaman prinsipiallığı və qətiyyəti ilə seçilən Ulu Öndər 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermişdir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqının faciələri də məhz Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. Ulu Öndərin 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar. Əgər Ulu Öndər hakimiyyətdə təmsil olunsaydı, erməni millətçiləri heç vaxt bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bütün qadağalara rəğmən, hətta özü və ailəsi üçün yaranmış həyati təhlükəni belə gözə alaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlmiş və burdan bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. 1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşmüş, burada Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilmişdir. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilmiş və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Həmin dövrdə tam blokadada olan Naxçıvanın da ağır günləri davam edirdi. Naxçıvanın gələcəkdə yaşaması ilə bağlı çox böyük təhlükələr var idi. Ermənilər Qarabağ kimi, Naxçıvanı da ələ keçirməyi planlaşdırırdılar. Məhz belə bir dövrdə Heydər Əliyev Naxçıvanı qorudu və Naxçıvan çətin də olsa, blokada şəraitində də olsa yaşadı, ayaqda qaldı”.

Deputat daha sonra bildirib: "Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra keçən iki il ərzində respublikada sürətlə davam edən mürtəce, dağıdıcı proseslər 1993-cü ilin may-iyun aylarında ölkəni vətəndaş müharibəsinin başlanması ərəfəsinə gətirmiş və müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu.

"Belə bir mürəkkəb dövrdə Azərbaycan xalqı dövlətin və millətin başı üzərini almış ölümcül təhlükələrdən yeganə xilas yolunun yalnız Ulu Öndərin ölkəyə rəhbərliyi öz üzərinə götürməsində olduğunu düzgün müəyyən etdi və Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. Bundan sonra ölkənin o dövrkü rəhbərliyi Ulu Öndəri Bakıya dəvət etməyə məcbur oldu. Ölkənin, xalqın, Azərbaycan dövlətçiliyinin taleyinin həll olunduğu ağır bir zamanda xalqın çağırışına səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü. Bu yolda atılan ən mühüm addımlardan biri də 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi” oldu. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu sazişin imzalanması növbəti bir dönüş nöqtəsi idi. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün bizim iqtisadiyyatımızı gücləndirir. Azərbaycan dövləti "Əsrin müqaviləsi”nin icrasına bir manat vəsait qoymayıb. Ancaq mənfəət neftinin 75 faizi Azərbaycana gəlir. Bu gün xarici şirkətlərlə aparılan neft-qaz əməliyyatları çərçivəsində minlərlə milli kadr yetişib. Bu gün "Əsrin müqaviləsi”nin icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır”.

K.Qafarov açıqlamasının sonunda deyib: "Ölkə Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu hər gün daha da yüksəlir. Azərbaycan Avropa üçün çox önəmli ölkəyə çevrilib və Avropa İttifaqına üzv ölkələrin üçdə biri - doqquz ölkə ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. Azərbaycan beynəlxalq müstəvidə özünə lazım olan bütün sənədləri, qətnamələri qəbul etdirə bilib və bu, İkinci Qarabağ müharibəsinin uğurla aparılması üçün öz mühüm rolunu oynamışdır. Bütün bunlar onun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyev düşünülmüş, uğurlu xarici siyasət yürüdərək, bütün beynəlxalq təşkilatlar çərçivəsində lazım olan hüquqi və siyasi bazanı yarada bilib. Azərbaycan xalqı Ulu Öndərin vəsiyyətini yerinə yetirərək Vətən torpaqlarını azad etdiyi kimi, Qarabağın və Şərqi Zəngəzurun bərpası missiyasını da şərəflə yerinə yetirəcək”.

"Heydər Əliyev kimi siyasət nəhəngi, tarixin yüz ildən bir yetişdirdiyi dahi şəxsiyyət haqqında yazmaq çox çətindir.


Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev deyib: "Ona görə ki, Heydər Əliyev kimi siyasət ustadlarının və dövlət xadimlərinin milli və qlobal düçüncələrini, mənsub olduğu xalqı və dövləti üçün gördüyü işləri, özündən sonra miras qoyduğu siyasi irsi və milli məfkurəni tam dərk etmək və mahiyyətini olduğu kimi izah etmək asan məsələ deyil.

Heydər Əliyev dövrünün yeganə siyasətçisi və dövlət xadimi idi ki, hər iki ictimai-iqtisadi formasiyada, yəni, həm sovetlər dönəminin, həm də müstəqillik illərinin taleyüklü anlarında bütün məsuliyyəti üzərinə götürərək xalqını üzləşdiyi bəlalardan və çətinliklərdən xilas etməyi, ölkəsinin müstəqilliyini, inkişafını və təhlükəsizliyini təmin etməyi bacarmışdır.

Başqa sözlə desək, Heydər Əliyevin zəngin həyat yolu və siyasi fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqına ömürünün sonunadək sədaqətlə xidmət etmiş, apardığı hər bir milli mücadilənin mütləq Qalibi və Qəhrəmanı olmuşdur.

Azərbaycanı hələ sovetlər dönəmində geridə qalmış aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevirən, kommunist ideologiyasının qadağalarına baxmayaraq dövlətimizin müstəqillik sütunlarını hələ o zaman çox böyük usaqgörənliklə formalaşdıran Heydər Əliyevin gördüyü möhtəşəm işləri və nail olduğu tarixi uğurları bir yazıya sığışdırmaq mümkün deyil, lakin bu yazıda Ulu Öndərin milli qurtuluş missiyasının, yeni millət və dövlət quruculuğu konsepsiyasının çox qısa xülasəsini ümumiləşdirməyə çalışacam.

Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində həm Mütəllibov, həm də AXC-Müsavat iqtidarının səriştəsizliyi ölkəni ictimai-siyasi pərakəndəliyə, anarxiyaya sürükləmiş, ayrı-ayrı bölgələrdə genişlənən separatçılıq və parçalanma meylləri, o cümlədən başlanmaqda olan qardaş qırğını və vətəndaş müharibəsi Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

Bir millət və dövlət olaraq taleyimizin həll olunduğu həmin ağır zamanlarda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın əsl xilaskarına çevrildi. Dövlətimizi dağılmaqdan və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtaran Heydər Əliyev sonrakı mərhələdə də müstəqilliyimizə qarşı yönələn silahlı çevriliş cəhdlərinin qarşısını uğurla aldı, ölkədə ictimai siyasi sabitliyi bərqərar etdi, bütün sahələrdə köklü islahatlar apardı, qısa müddət ərzində iqtisadiyyatı dirçəltməyə, nizami ordu yaratmağa və demokratik - hüquqi dövlət quruculuğu prosesinə başladı.

Müstəqil Azərbaycanın yeni, demokratik və müasir Konstitusiyasının qəbul edilməsi, ölüm hökmünün və mətbuatda senzuranın ləğv edilməsi, Konstitusiya Məhkəməsinin, bələdiyyə institutunun və Ombudsman təsisatının yaradılması, Azərbaycanın neft strategiyasının və iqtisadi inkişaf konsepsiyasının müəyyən edilməsi, "əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum və Bakı-Supsa qaz kəmərlərinin çəkilişinın əsasının qoyulması yalnız Ulu Öndər Heydər Əliyevin siyasi dühası, qətiyyəti və əzmkarlığı hesabına mümkün oldu.

Azərbaycan Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi – qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı, ölkəmizin beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qalxdı, fəal diplomatiyanın nəticəsində Ermənistanın işğalçılıq siyasəti ifşa olundu, dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi.

Cəmi 4 ay Milli Məclisin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə müstəqil Azərbaycanda müasir parlamentarizmin əsasını qoydu, parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Ulu Öndərin iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, dəyərli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi. Milli Məclisin iclaslarının, mətbuat konfranslarının, respublika əhəmiyyətli müşavirələrin birbaşa yayımla televiziya ekranlarından xalqa çatdırılması isə Heydər Əliyevin bir tərəfdən özünəinamın ifadəsi idisə, digər tərəfdən xalqla birbaşa dialoqun qurulmasının təzahürü kimi də çox mühüm əhəmiyyətə malik idi.

Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq məfkurəsi Azərbaycanın müasir dünyada bir millət və bir dövlət kimi yerini müəyyən etdi, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi.

Heydər Əliyevin "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – kəlamı hər bir həmvətənimizin ürəyindən xəbər verən milli vəhdət rəmzi kimi tarixə düşdü.

Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında mühüm xidmətlərindən biri də Azərbaycanın müstəqillik və inkişaf yolunu əzmlə davam etdirən, 44 günlük Vətən müharibəsində şanlı və tarixi Zəfəri xalqımıza yaşadan, Ulu Öndər və Ata vəsiyyətini fədakarlıqla yerinə yetirən İlham Əliyev kimi layiqli siyasi varisin, qətiyyətli və müdrik Liderin yetişdirməsi idi.

Düşünürsən ki, Heydər Əliyevi hər zaman müvəffəq və qalib edən, qarşısında duran bütün çətinlikləri və maneləri ağılla və eyni zamanda cəsarətlə dəf etməyə güc verən əsas amillər nə idi?

Birinci amil, xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı və dəstəyi idi. Ən çətin və məşəqqətli anlarda xalq yalnız və yalnız Heydər Əliyevə üz tutur və Onu köməyə çağırırdı.

İkinci amil, siyasət nəhəngi olan Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti və əzəməti idi. Bu əzəmət Onun siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, cəsarət və qətiyyətində, güclü siyasi iradəsində, dərin zəkasında, geniş dünyagörüşündə, analitik təfəkküründə, tarixi şəraiti düzgün qiymətləndirməsində, dözüm və səbrliliyində, sadəliyində və bir çox digər ali mənəvi keyfiyyətlərində özünü büruzə verirdi.

Üçüncü amil, Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi idi. Onun bütün qərarları milli maraqlara və dövlətçilik ideyalarına söykənirdi.

Banisi olduğu müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanəti, Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq isə hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Əminəm ki, dünya siyasət tarixinə adını qızıl hərflərlə yazdırmış, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev xalqımızın qəlbində daim yaşayacaq, Heydər Əliyev siyasəti Azərbaycanın müstəqlliyinə və inkişafına əbədiyyən xidmət edəcəkdir.”

Mənsur Mustafayev

7NEWS.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.8

 

Xəbər lenti