Bu gün artıq Ermənistanda hamı başa düşür ki, qarşılarında qüdrətli lideri olan güclü bir Azərbaycan durur - DEPUTAT

Bu gün artıq Ermənistanda hamı başa düşür ki, qarşılarında qüdrətli lideri olan güclü bir Azərbaycan durur - DEPUTAT
"Prezident İlham Əliyevin Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı bir daha regionda baş verən proseslərin hazırki vəziyyəti və gələcək nəticələrinə işıq salmış oldu. Bir daha hər kəs əmin oldu ki, Azərbaycan öz haqq yolundan dönməyəcək və daha güclü Azərbaycan olma yolunda inamla addımlayacaq”. 
Bunu 7NEWS.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.
"Azərbaycan hazırda regionun güclü və açar dövləti olduğu üçün burada baş verən hadisələr əlbəttə ki regionda baş verən proseslərə də təsir edəcək. Biz heç vaxt müharibə tərəfdarı bir xalq olmamışıq. Ancaq zamanı gələndə 44 günlük Vətən müharibəsində nələrə qadir olduğumuzu da dünyaya göstərə bilmişik. Bu gün isə biz sülh tərəfdarıyıq. Təsadüfi deyil ki, Azərbaycan inteqrasiya olunmuş Cənub Qafqaz, regional əməkdaşlıq, münasibətlərin normallaşması istqiamətində addımlar atıb. Buna görə Azərbaycan sülh danışıqlarına başlamaq təşəbbüsünü irəli sürüb. Ancaq görünür hələ də bəzi Azərbaycanın güclənməyini istəməyən tərəflər bizim haqlı mübarizəmizi həzm etməkdə çətinlik çəkir. Azərbaycan xalqı beynəlxalq ictimaiyyətin, BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin görməli olduğu işi özü görüb və Təhlükəsizlik Şurasının qətnamələrini icra edib. Ancaq Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik var və müəyyən mənada keçmiş sovet ölkələrinin ərazi bütövlüyü məsələlərinə metodoloji yanaşmada yenidən ayırıcı xətt çəkmək cəhdi var. Cənab prezidentin də qeyd etdiyi kimi iş o yerə çatıb ki, dünyada heç bir ölkənin, o cümlədən Ermənistanın tanımadığı qondarma "Dağlıq Qarabağ”ı Fransa parlamentinin iki palatası tanıyıb. Lakin bütün bu atılan addımlar prezident İlham Əliyevi və Azərbaycan xalqını öz haqlı mübarizəsindən döndərə bilməz. Biz haqq yolu ilə gedirik. Maraqlı məqam odur ki, Ermənistan özü indi Ermənistanın Qərbdəki bəzi dostlarından daha açıq şəkildə deyir ki, onlar Azərbaycanın ərazi bütövlüyünü de-fakto tanıyırlar, çünki ötən ilin oktyabrında onlar Praqa Bəyannaməsini, yenə də ötən ilin oktyabrında Soçi Bəyannaməsini imzalayıblar. Orada razılıq əldə olunub ki, 1991-ci il Almatı Bəyannaməsi normallaşma üçün əsas kimi götürülməlidir. Almatı Bəyannaməsi faktiki olaraq keçmiş respublikaların sərhədlərini müəyyənləşdirib və onları rəsmi sərhədlər hesab edib. Bu, o deməkdir ki, onlar artıq razılaşıblar ki, Qarabağ Azərbaycandır”. 
Deputat qeyd edib ki, Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq. "Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi açıq şəkildə qəbul etməyə yaxınlaşması qismən geosiyasi dəyişiklik, qismən də "kimsə gəlib onların yerinə döyüşəcək” illüziyalarının çökməsi ilə əlaqədardır. Bu gün artıq Ermənistanda hamı başa düşür ki, qarşılarında 90-cı illərin əvvəlinin Azərbaycanı yox, qüdrətli lideri olan güclü bir Azərbaycan durur.

Xəbər lenti