BMT Ukraynaya görə Rusiyadan təzminat tələb edir - bəs Ermənistan?!

BMT Ukraynaya görə Rusiyadan təzminat tələb edir - bəs Ermənistan?!
Qurum Ermənistanın Azərbaycana qarşı cinayətlərinə, vandallığına göz yumur; deputat: "Gec-tez onlar da maddi təzminat ödəyəcək”

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası iki gün öncə Rusiyanın Ukraynaya müharibə təzminatı ödəməsini tələb edən qətnamə qəbul etdi.

Səsvermə zamanı 93 səslə qətnamə qəbul olunub.

Qətnamə Rusiyanın Ukraynaya qarşı "səhv hərəkətləri” nəticəsində bu ölkəyə vurduğu zərərin, itkilərin və ya zədələrin ödənilməsi üçün beynəlxalq mexanizmin yaradılmasının zəruriliyini əks etdirir.

Qətnamə özlüyündə normaldır, presedentdir və Rusiyanın Ukraynaya hücumu, işğalı nəticəsində vurduğu ziyanları ödəməlidir. Bu, həm də işğalçı niyyətli ölkələri gələcəkdə bu davranışlarından müəyyən qədər çəkindirə bilər.

Eyni zamanda burada ortaya bir sual çıxır: BMT niyə Ermənistanın Azərbaycana 30 illik işğal dövründə vurduğu ziyanlara, milyardlarla zərərə görə təzminat ödəməsinə dair qətnamə çıxarmır? Azərbaycan özü bununla bağlı beynəlxalq aləmdə dəfələrlə hüquqi iddialar qaldırıb, eləcə də BMT-dən istənilib. Ancaq Ermənistana qarşı heç bir təzminat qətnaməsi qəbul olunmayıb. Bu ikili yanaşmanın səbəbi nədir? Ukrayna ilə bağlı çıxarılan qətnamədən Azərbaycan presedent kimi istifadə edib, yenidən tələb qoya bilərmi?
Onlar daim kiminsə cibində, ətəyində gizləniblər

 Elşən Musayev 

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev gec-tez Ermənistanın Azərbaycana təzminat ödəməyə məcbur olacağını qeyd etdi. Onun sözlərinə görə, BMT Baş Assambleyasının qətnaməsi əslində gözlənilən idi: "Hazırda bütün beynəlxalq təşkilatların Ukraynaya dəstək məsələsi prioritetdir. Sadəcə, burada 2 sual meydana çıxır. Birinci sual ondan ibarətdir ki, qətnamədə əks olunan təzminat hansı mexanizmlə ödəniləcək? Çünki bu, sadə prosedur deyil. Onun üçün ya tribunal çağırılmalıdır, ya da başqa format düşünülməlidir. Yəni qətnamə qəbul etdim və iş bitdi deyə bir şey yoxdur. Hərbi tribunalın yaradılması üçünsə ən azından müharibə və onun fonunda hərbi cinayətlər, müharibə cinayətləri də bitməlidir ki, yekun nəticəyə uyğun qərar verilsin. İkinci sual isə ondan ibarətdir ki, görəsən, BMT həmin qətnaməni bu günə qədər Ermənistanla bağlı niyə qəbul etməyib? Çünki Ermənistan da göz görəsi terrorlara imza atıb, vandalizm aktları törədib, ancaq dağıdıcılıq işləri ilə məşğul olub, Azərbaycana nə qədər maddi ziyan vurub. Belə olan halda Ermənistana qarşı da eyni siyasət yürüdülməli, Ermənistanın  da təzminat ödəməsi ilə bağlı qətnamə qəbul edilməli deyildimi? Əlbəttə ki, edilməli idi. Amma bu məsələ uzun illər boyunca heç BMT-nin yadına da düşmədi və ona görə düşmədi ki, BMT-nin şəxsi marağında deyildi. Və indi düşünsək ki, Ukrayna məsələsi hansısa presedenti yarada bilər, təki yaratsın. Təki gecindən də olsa BMT ədalətlə davransın, hamıya eyni gözlə baxsın və  Ermənistanı da təzminat ödəməyə məcbur edən qətnamə qəbul etsin. Bunun üçün bütün əsaslar və hüquqi sənədlər var və Azərbaycan tərəfi həmin sənəd və sübutları zaman-zaman beynəlxalq təşkilatlara təqdim edib. Sadəcə, həmin sənədlərə baxış prosesi yenidən aktivləşdirilməli, Azərbaycanın haqqı da Ukraynanın haqqı kimi beynəlxalq müstəvidə qorunmalıdır. Üstəlik, bir məqamı da qeyd edim ki, məlum kontekstdə və təzminatın ödətdirilməsi prosesində BMT yeganə vasitə deyil. Başqa üsullar da var. Yəni hər nə olursa-olsun, gec-tez Ermənistan da maddi təzminatı ödəyəcək, ödəməyə məcbur ediləcək. Ya qətnamə formasında, ya da başqa təsir mexanizmi ilə. Amma bu proses mütləq baş verəcək”.

Erməni cinayətləri sistemləşdirildi – İlk dəfə
 Əlövsət Allahverdiyev

Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev məsələni beynəlxalq hüquq kontekstindən şərh etdi. O hesab edir ki, belə qətnamələrin icrası bir qədər çətin olur: "Rusiyanın Ukrayna siyasəti beynəlxalq aləmdə birmənalı olaraq təcavüzkarlığı özündə əks etdirən bir siyasət kimi dəyərləndirilir. Təbii ki, dünyada heç bir dövlət təcavüzkar bir əmələ haqq qazandırmaz. Bu səbəbdən də əksər dövlətlər Rusiyanın bu siyasətinə qarşıdır və Rusiyanın cəzalandırılmasında maraqlıdırlar. BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməni də gedən proseslərin davamı hesab etmək olar. Təxminən 50 ölkə zərərin, itkilərin və zədələrin ödənilməsi üçün beynəlxalq mexanizmin, habelə sübut və iddiaların sənədləşdirilməsi üçün reyestr yaradılmasına dair qətnamənin həmmüəllifi olub.

Baş Assambleya BMT-nin ən nümayəndəli orqanıdır və bütün 193 üzv dövləti əhatə edir.

94 ölkə qətnamənin lehinə, 14 ölkə əleyhinə, 73 ölkə isə bitərəf olub. Bununla da qətnamənin qəbuluna nail olunub.

Qətnamənin qəbulu təbii ki, sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edir, təcavüzkarın cinayətkar əməlləri pislənir, dağıdılmış infrastruktur və  kommunikasiyaların bərpası üçün belə bir qətnamənin qəbuluna dəstək verilməlidir. Bu qətnamə Dağlıq Qarabağla bağlı presedent rolunu oynaya bilərmi, oynasa belə nə dəyişəcək? Belə bir qətnamənin istər Ukrayna, istərsə də Azərbaycan üçün reallıqda tətbiqində çətinliklər olacaq. Ona görə ki, Baş Assambleyanın qətnamələri məcburi deyil, tövsiyə xarakteri daşıyır, bir sözlə, assambleyanın məcburetmə mexanizmi yoxdur, yalnız tövsiyə xarakterlidir. Nəzərə alsaq ki, qərarları imperativ xarakter daşıyan Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi icra olunmadan qalır. Halbuki şuranın qərarları məcburi xarakterə malikdir. Qərarları məcburi xarakter daşıyan bir orqanın qəbul etdiyi qətnamələr icra olunmursa, Baş Assambleyanın presedent tipli qətnamələrinin nəyisə dəyişəcəyi o qədər də real görünmür. Belə bir qətnamənin qəbul olunmaması isə ayrı bir mövzudur. Bu, təbii ki, tam siyasi bir məsələdir. Məhz ikili standartlar da buradan doğur. Hesab edirəm ki, İkinci Qarabağ  savaşında bu, tam çılpaqlığı ilə özünü büruzə verdi. Ölkə Prezidenti də bunları açıq şəkildə söylədi". 

Xəbər lenti