Azərbaycan və Özbəkistanın kənd təsərrüfatı nazirləri arasında görüş keçirilib

Azərbaycan və Özbəkistanın kənd təsərrüfatı nazirləri arasında görüş keçirilib
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Özbəkistanda rəsmi səfərdədir. Səfər çərçivəsində nazir Məcnun Məmmədov və Özbəkistanın kənd təsərrüfatı naziri Əziz Voitov arasında ikitərəfli görüş keçirilib.

Görüşdə Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı rəsmi səfərlər zamanı iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı qarşıya qoyduqları tapşırıqların yerinə yetirilməsi, əməkdaşlığın gələcək fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.

Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Hər iki ölkə bütün sahələrdə əməkdaşlığı gücləndirmək istiqamətində təşəbbüsləri dəstəkləyir.

Görüşdə Azərbaycanla Özbəkistan arasında hazırlanan Kənd Təsərrüfatı sahəsində Əməkdaşlıq üzrə Yol Xəritəsinin icrası ətraflı müzakirə olunub. Tərəflər əsas əməkdaşlıq istiqamətlərinin Yol Xəritəsi üzrə müəyyənləşdirilməsinin təqdirəlayiq olduğunu vurğulayıblar.

Görüşdə Azərbaycanla Özbəkistan arasında kənd təsərrüfatının ipəkçilik, fındıqçılıq, şərabçılıq, kənd təsərrüfatı maşınqayırması və digər sahələrdə ən qısa zamanda konkret addımların atılması ilə bağlı razılığa gəlinib.

Eyni zamanda, görüşdə sentyabrın 26-da Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirləri 2-ci Toplantısı və "Aqrobiznes forumu” tədbiri ilə bağlı məsələlər də müzakirə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.



 

Xəbər lenti