Avropanın gənc liderləri sülh üçün Azərbaycanda toplanacaqlar

Avropanın gənc liderləri sülh üçün Azərbaycanda toplanacaqlar
"Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və birgə təşkilatçılığı ilə tarixi qələbəmiz - 8 noyabr Zəfər Günü münasibətilə ölkəmizin ədalətli mövqeyinin beynəlxalq arenada təbliği məqsədilə "Avropa Gəncləri Sülh Naminə” Beynəlxalq Gənclər Forumu adlı beynəlxalq layihənin icrasına başlamışdır.

Avropanın 21 ölkəsindən, o cümlədən, Avropa İttifaqının (Aİ) 16 üzv və namizəd dövlətini təmsil edəcək 30-dan artıq nüfuzlu gənclər təşkilatları rəhbərlərinin, gənc liderlərin və fəal gənc ekspertlərin qatılacağı tədbirlər Azərbaycanda, Bakı və Gəncə şəhərində və eləcədə işğaldan azad edilmiş və böyük quruculuğuna başlanılan Ağdam şəhərində təşkil olunacaqdır.

5-9 noyabr 2021-ci il tarixində həyata keçiriləcək bu əhəmiyyətli layihə çərçivəsində xarici qonaqlar Şəhidlər Xiyabanı və I və II Fəxri Xiyabanaları ziyarət edəcək, milli gənclər təşkilatları rəhbərləri, gənc liderlər, ekspert, hökumət rəsmiləri, millət vəkilləri və media təmsilçiləri ilə birlikdə Bakı Konqres Mərkəzində Beynəlxalq Gənclər Forumunun rəsmi açılış mərasiminə qatılacaq və yerli həmkarları ilə birgə sülh, təhlükəsizlik və münaqişələrin həllində gənclərin roluna dair 3 mövzuda panel müzakirəsində iştirak edəcəklər.

Müxtəlif rəsmi qurumlarda və hökumət rəsmilərilə görüşlər keçirəcək əcnəbi gənc liderlər erməni aqressorları tərəfindən vandalcasına dağıdılan Ağdam şəhərinə və eləcədə mülki əhalimizin erməni terror aktına, müharibə cinayətinə məruz qaldığı Gəncə şəhərinə səfərlər edəcək və burada da mülki əhaliyə qarşı terror aktlarına gənclərin seyrçi qalmaması mövzusunda panel müzakrəsində iştirak edəcəklər.

Forum adından Azərbaycanın Cənubi Qafqazda və regionda sülh, təhlükəsizlik mehriban və birgə yaşam çağırışlarını dəstəkləyən Bəyannamənin qəbulu və 21 ölkənin gənclər təşkilatları rəhbərlərinin imzalaması və qoşulması ilə Bakıda mərkəzi olmaqla "Avropa Gənclərinin Davamlı Sülh Şəbəkəsi” adlı geniş tərkibli əməkdaşlıq platformasının təsis olunması da nəzərdə tutulur.

Xəbər lenti