Aprelin 2-də QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçiriləcək

Aprelin 2-də QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçiriləcək
Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransının keçirilməsi ilə bağlı müraciət edib. 
Müraciətdə deyilir:
 
"Bildiyimiz kimi, Koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınmasına dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən əlavə tədbirlər müəyyənləşdirilib. İnsanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılıb.
 
Bu gündən etibarən koronavirusla mübarizədə ölkəmiz üçün yeni və daha məsuliyyətli mərhələ başlayır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qurumlarının həyata keçirdiyi qabaqlayıcı tədbirlər öz müsbət nəticəsini versə də, çox sürətlə yayılma qabiliyyətinə malik koronavirusa yoluxanların sayı hər gün artmaqda davam edir. Karantin rejiminin sərtləşdirilməsi bir daha bu təhlükənin nə qədər real olduğunu göstərir. Pandemiyanın yayılmasının qarşısının alınmasında hər bir vətəndaşın üzərinə düşən məsuliyyəti və vəzifəni anlaması çox vacibdir. Təbii ki hazırkı vəziyyətdə dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatları da bütün imkanlarını bu istiqamətdə səfərbər etməlidir.
 
Martın 27-dən etibarən Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və REAL TV-nin birgə keçirdiyi "Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulan QHT-lərin sayı hər gün artmaqdadır. Kampaniya çərçivəsində QHT-lərin fəal şəkildə iştirak etməsinə, Koronovirusla Mübarizəyə Dəstək Fonduna davamlı şəkildə vəsait köçürmələrinə və ölkədə həmrəyliyin güclənməsi işinə verdiyi digər töhfələrə baxmayaraq hələ də həyata keçirilməsi vacib olan xeyli işlər var.
 
Şura həmçinin, müvafiq dövlət qurumları ilə birgə həyata keçirdiyi 9 qrant müsabiqəsinin qalibi olan 56 layihənin mövzularını və fəaliyyət planını dəyişərək koronavirusla mübarizə tədbirlərinə yönəldəcəyini elan edib.
 
Şura qeyd olunan məsələləri və pandemiya təhlükəsinin aradan qalxacağı ilə bağlı yekun tarixin bəlli olmamasını nəzərə alaraq üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək, mövcud vəziyyətdə QHT-lərin fəaliyyətinin çevik əlaqələndirilməsini və bu istiqamətdə görüləcək işlərin effektivliyinin daha da artırılması məqsədi ilə 2 aprel 2020-ci il, saat 15:00-da "QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı”nı keçirməyi planlaşdırır.
 
Konfransda aşağıdakı mövzular müzakirə olunacaq:
 
1) QHT-lərin ölkə üzrə karantin rejiminin tələblərinin yerinə yetirilməsində rolu, "Evdə qal, cəmiyyəti qoru” ictimai monitorinq və məlumatlandırma kampaniyasında iştirakının hazırkı vəziyyəti;
2) Şuranın 2020-ci il qrant müsabiqəsinin qalibi olan QHT layihələrinin mövzularının dəyişdirilərək koronavirusla mübarizə tədbirlərinə yönəldilməsi və bununla bağlı onların ideya və təkliflərinin dinlənilməsi;
3) Koronavirusla bağlı mübarizədə ümummilli həmrəyliyin gücləndirilməsində QHT-lərin rolu və vəzifələri;
4) Koronovirusla mübarizədə QHT sektorunun töhvəsi ilə bağlı ən yaxşı xarici təcrübə.
 
Konfransda iştirak etmək istəyən QHT təmsilçiləri həm android, həm iOS-dan "Zoom cloud meeting App proqramını endirməklə qeydiyyatdan keçə bilərlər.
Onlayn konfransda iştirak etmək üçün aşağıdakı təlimatda ətraflı məlumat əksini tapıb.
 
Konfransla bağlı sualları Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanova (050 330 76 01), mətbuat xidmətinin rəhbəri Elməddin Behbuda(055 78847 67) və İT üzrə mütəxəssis Bəhram Bayramova (051 700 8592) ünvanlaya bilərsiniz.
 
Hamınızı onlayn konfransda fəal iştiraka dəvət edirəm.

Xəbər lenti