Aparıcı gənclər təşkilatlarının Ağdam səfəri baş tutub - FOTO

Aparıcı gənclər təşkilatlarının Ağdam səfəri baş tutub - FOTO

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən bir sıra aparıcı gənclər təşkilatlarının nümayəndə heyətinin işğaldan azad olunmuş Ağdam şəhərinə səfərləri baş tutub.

Avqustun 14-ü baş tutan səfərdə 20 gənclər təşkilatının 40-dək nümayəndəsi Ağdam rayonunda Pənahəli xanın evi, İmarət stadionu, Ağdam Cümə və Qiyaslı məscidləri və Ağdam Dövlət Dram Teatrına ziyarət edərək, Ağdam şəhərinin tarixi, mədəniyyət abidələri ilə tanış olublar. 

Səfərdə iştirak edənlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin qəhrəmanlarının ruhlarını ehtiramla yad edib, işğaldan azad olunmuş torpaqlarımızın dirçəlməsində hər bir Azərbaycan gəncinin səfərbər olacağını vurğulayıblar.

 

Gənclər ölkə başçısının Ağdama səfəri zamanı vurğuladığı "Qırx dörd günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, hər gün. Bir gün də geri addım atmamışıq” sözləri xatırlanıb.

Daha sonra gənclər Ağdamın Baş Planı ilə tanış olublar.

Səfərdə iştirak edən nümayəndələr Qarabağ torpağının ölkəmiz üçün əhəmiyyətini, regionun zəngin tarixi və mədəni irsini dünyaya çatdırmaq, bundan sonra da haqq səsimizin geniş miqyasda duyurmaq üçün gənclərin fəaliyyətinin artacağını qeyd ediblər.

Qeyd edək ki, gənclər təşkilatları Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında hər zaman fəal iştirak ediblər.

 


Xəbər lenti