“44 günlük Vətən savaşında Azərbaycan gəncliyi bütün dünyaya vətənpərvərlik dərsi keçdi” - ÖZƏL

“44 günlük Vətən savaşında Azərbaycan gəncliyi bütün dünyaya vətənpərvərlik dərsi keçdi” - ÖZƏL

"44 günlük Vətən savaşında Azərbaycan gəncliyi bütün dünyaya vətənpərvərlik dərsi keçdi” - ÖZƏL

 

 

32 illik müstəqillik tarixində gənclər siyasəti hər zaman dövlət siyasətinin ayrılmaz, prioritet istiqamətini təşkil edib. Yeni Gənclər və İdman nazirliyinə Fərid Qayıbovun təyin edilməsi bu sahədə ciddi canlanmaya səbəb oldu. Ümumilikdə, Azərbaycan dövləti vətəndaşlarının uğurlu gələcəyini təmin etmək üçün onların milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində məqsədyönlü siyasət aparır. Bu gün milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz yüksək səviyyədə qorunur, tariximiz dərindən öyrənilir. Bəşəriyyətin yeni dəyərlər qazandığı XXI əsr və onun reallıqları xalqımızın, millətimizin və müstəqil dövlətimizin qarşısında müəyyən vəzifələr qoyur. Heç şübhəsiz, bunlardan biri, bəlkə də, ən vacibi gənc nəslin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsidir. Bu gün Azərbaycan dövlətinin apardığı gənclər siyasəti ölkənin gənc vətəndaşlarının siyasi və iqtisadi hüquqlarını müdafiə eməklə yanaşı, şəxsiyyətin özünü təsdiq etməsi üçün onun əmək, məişət və sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

Dövlət gənclərin sosial və mədəni həyatın bütün sahələrində sərbəst, fəal iştirakı üçün lazımi şəraitin yaradılmasını öz üzərinə götürüb. Müasir dövrümüzdə gənclərin cəmiyyətdə özünə yer tapması, vətəni müdafiəyə hazır olması, eləcə də onlarda vətəndaşlıq mövqeyinin formalaşması Azərbaycan dövlətini ciddi düşündürür. Məhz buna görədir ki, bu gün uşaqlarımız və gənclərimiz milli ruhda tərbiyə olunur, tariximiz dərindən öyrənilir. Gənc nəsil vətənə, yurda məhəbbət ruhunda tərbiyələndirilir. Ümumiyyətlə, millətin, xalqın tarixinin, mədəni irsinin, adət-ənənələrinin dərindən öyrənilməsi və qorunması hər bir azərbaycanlıda milli mənlik şüurunu, vicdanlı olmaq və vətənpərvərlik hissini daha da gücləndirir. Araşdırmalar göstərir ki, doğma torpağa bağlılıq, milli adət-ənənələrə hörmət və qayğı gənclərdə mənəvi və emosional hisslərin formalaşmasında əvəzsiz rol oynayır.

Bu hisslər olmadan əsl insan, vətəndaş, vətənpərvər kimi yetişmək çox çətindir. Öz xalqının tarixini, dilini, mədəniyyətini bilməyən insanda milli mənlik şüurunu inkişaf etdirmək mümkün deyil. Vətəni sevməyən insan heç vaxt vətənpərvər ola bilməz, vətən yolunda qəhrəmanlıq göstərməz.

Ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra xalqımızın qarşısında duran əsas vəzifələrdən biri uşaq və gənclərin sağlam və vətənpərvər ruhda böyüməsi, onların fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyəsi məsələsi oldu. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində gələcəyimiz olan gənc nəslin inkişaf etməsi üçün bütün lazımi tədbirlər həyata keçirildi. Bu gün ulu öndərin uzaqgörən siyasəti onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən mütəşəkkil şəkildə davam etdirilir. Ölkə rəhbəri daim gənclərin problemləri ilə maraqlanır, onlar üçün müvafiq şərait yaradır. Bu gün ölkə gənclərinin beynəlxalq müsabiqələrdə, fesivallarda, olimpiadalarda iştirakı və uğur qazanmaları bu sahəyə olan xüsusi dövlət qayğısından və diqqətdən xəbər verir. Uşaq və gənclərin sağlam böyüməsi, onların fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyələndirilməsi, geniş dünyagörüşlü, çevik və bacarıqları nəslin yetişdirilməsi həmişə ölkə rəhbərliyinin diqqət mərkəzində olub.

İndi Azərbaycan gəncləri dünyanın ən qabaqcıl gəncləri sırasındadırlar. Müxtəlif sahələrdə, o cümlədən idmanda gənc nəslin nümayəndələri özlərinin bacarıqlı, güclü olduqlarını bütün dünyaya bəyan ediblər. Müstəqil Azərbaycanda son illər inşa edilən idman qurğuları, Olimpiya idman kompleksləri, stadionlar, zallar, uşaq və yeniyetmələrimizin sağlamlığının daha da inkişaf etdirilməsinə xidmət edir. Azərbaycanın nüfuzunu günbəgün artıran, onu dünyaya geniş miqyasda tanıtdıran amillərdən biri də idmançılarımızın mötəbər beynəlxalq turnirlərdə qazandıqları nailiyyətlərdir. Ümumiyyətlə, idman hər bir ölkənin dünya miqyasında tanınmasında, onun beynəlxalq səviyyədə nüfuzunun artmasında mühüm rol oynayan amillərdən biridir.

Dünyanın idman arenalarında Azərbaycan atletlərinin qazandıqları qələbələrdən sonra ölkəmizin bayrağının qaldırılması, Dövlət himnimizin səsləndirilməsi ölkəmizin beynəlxalq aləmdə daha da yaxından tanınmasına zəmin yaradır. Dünya arenasında bayrağımızın yüksəklərə qaldırılması, himnimizin səsləndirilməsi həm də ölkənin yeniyetmə və gənclərinin vətənə olan məhəbbətini təcəssüm etdirir.

ətənpərvərliyin mühüm əlamətlərindən biri olan hərbi-vətənpərvərlik tərbiyəsi məktəblilərə doğma vətəni dərin məhəbbətlə sevməyi öyrədir. Eyni zamanda, məktəblilərdə vətən torpaqlarına göz dikənlərə qarşı amansız olmaq, vətən uğrunda sona kimi döyüşmək kimi keyfiyyətləri tərbiyə edir. Hərbi-vətənpərvərlik tərbiyəsi tələb edir ki, gənc nəsil, xüsusilə yuxarı sinif şagirdləri vətənin xidmətində dayanmağa orta məktəb illərində hazırlansınlar. Bu istiqamətdə aparılan tərbiyəvi işlər elə qurulmalıdır ki, hərbi xidmətə hazırlaşan hər bir gənc bunun üçün iftixar hissi duysun. Şagirdlərdə milli mənlik şüurunun inkişaf etdirilməsi onların müstəqil dövlətimizə sadiq vətəndaş kimi yetişməsinə zəmin yaradır. Unutmaq olmaz ki, vətənin taleyi üçün məsuliyyət hissinə sahib olmaq, hərbi bilik və vərdişlərə yiyələnərək iradəlik, mərdlik və qəhrəmanlıq kimi xüsusiyyətlərə yiyələnmək hər bir gəncin müqəddəs vəzifəsidir.

Bəli, bu gün biz qəhrəman xalqıq, xəsur xalqıq və bunu bütün dünyaya 44 günlük savaşda sübut elədik. Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuz işğalda olan torpaqlarımız azad etdi, qısa zamanda bayrağımızı Qarabağda sancdı. Məhz 44 günlük Vətən savaşında Azərbaycan gəncliyi bütün dünyaya vətənpərvərlik dərsi keçdi. Allah Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin.

Amil Qurbanov

7NEWS.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.10

Xəbər lenti