44 günlük Vətən Müharibəsi – Zəfərə gedən yolun finişi: RAMİZ GÖYÜŞOV YAZIR

44 günlük Vətən Müharibəsi – Zəfərə gedən yolun finişi: RAMİZ GÖYÜŞOV YAZIR

Bu günlər bütün Azərbaycan, azərbaycanlılar və azərbaycansevərlər Qarabağda Böyük Qələbəmizin birinci ildönümünü qeyd etməyə hazırlaşır. Düşünürəm ki, bu çətin, möhtəşəm və misilsiz qələbəyə təkcə 44 günlük Vətən Müharibəsi kontekstində baxmaq düzgün olmazdı. Vətən Müharibəsində qazanılmış Zəfər, bu Zəfərə aparan yolun finişi idi. Elə bu səbəbdən də bu uzun yola bütölükdə nəzər salmaq ehtiyacı yarandı və bu yazı da həmin zərurətdən yarandı.

Müasir Azərbaycanın memarı və qurucusu, ümumilli liderimiz Heydər Əliyev Azərbaycanda 2-ci dəfə hakimiyyətə gələndə Qarabağ problemini Azərbaycan dövlətinin bir nömrəli problemi elan etdi. Hakimiyyətdə olduğu 10 il ərzində o, ümümmilli problemin həlli üçün çox işlər gördü. Lakin mövcud reallıqlar və zaman ona, problemi həll etməyə imkan vermədi.

2003-cü ilin prezident seçkiləri ərəfəsində Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan xalqına müraciət etdi. Həmin tarixi müraciətdə deyilirdi: "Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son 10 ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyiniz ilə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. O günlərdən bizi düz 18 il ayırır. Bu illər ərzində İlham Əliyev, Ulu Öndərin siyasətini davam etdirərək bu yolda inamla, qətiyyətlə addımlamaqda, dövlət siyasətində, idarəetmədə, beynəlxalq siyasətdə uğurlar qazanmaqdadır. ...İlham Əliyevə - bu gənc dövlət başçısına, Sovet İttifaqından, təkcə Sovetlərdən yox, kökü 200 ildən çox zamana gedib çıxan bir dövrdən dərin bir yara, ağır bir problem miras qalmışdı. Bu problemi yaradanlar onu elə bir düyünə salmışdılar ki, artıq onun həlli iki ölkənin səlahiyyət dairəsindən çıxaraq beynəlxalq problemə çevrilmişdi. Qarabağ düyününün həlli BMT-də, onun Təhlükəsizlik Şurasında müzakirə olunsa da, işğalçı erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması barədə Təhlükəsizlik Şurasını 4 qətnaməsi olmasına baxmayaraq, dünyanı idarə edən bu boyda təşkilat bu problemi həll edə bilməmiş və ya həll etmək istəməmişdi.

Nəhayət bu problemin həlli ATƏT-ə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, 1992-ci ildə bu təşkilat tərəfindən yaradılan on bir dövlətin təmsil olunduğu Minsk qrupuna həvalə edilmişdi.

...Bu yerlərə gəlmə olan Qarabağ erməniləri son yüz ildə bir neçə dəfə Azərbaycandan ayrılmaq barədə məsələ qaldıraraq ixtişaşlar törətmişdilər. Onların sonuncu dalğası 1988-ci ilin fevralından başlamışdı. Bu, o zaman idi ki, Azərbaycan xalqının son yüz ildə yetirdiyi ən böyük tarixi şəxsiyyət, ictimai-siyasi və dövlət xadimi olan Heydər Əliyev artıq mənfur Mixail Qorbaçov tərəfindən hakimiyyətdən kənarlaşdırılmışdı. Qorbaçovun ətrafına toplanmış daşnak ermənilər bundan istifadə edərək Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birləşdirilməsi fikrini səsləndirməyə başlamışdılar. Bu fikir səslənəndə hələ Sovet İttifaqı sağ idi. Həm də bu fikirlərin məhz Fransada səslənməsi təsadüfi deyildi. Qarabağda baş verən hadisələr çox sürətlə cərəyan edirdi. 1988-1993-cü illəri Azərbaycan tarixinin faciələrlə dolu ən ağır illəri idi və əslində Qarabağın son taleyi də o illərdə həll edildi. Həmin illərdə hakimiyyət başında olan başsız, səriştəsiz, milli heysiyyatlardan uzaq olan rəhbərlərin məsuliyyətsizliyi, hakimiyyət uğurunda mübarizələr, orduda başıpozuqluq, torpaqlarımızın itirilməsi ilə nəticələnmişdi. Ölkənin Cənub və Şimal bölgələrində baş qaldıran seperatçılıq hərəkatı, ölkənin vətəndaş müharibəsi həddinə gətirib çıxarmış, ölkə parçalanmaq təhlükəsi ilə üzləşmişdi. ...İlham Əliyevin dövlət başçısı kimi qarşısında çox ağır bir problem dururdu. O, hakimiyyətdə olduğu 17 il ərzində Qarabağ problemin həllinə doğru hər gün bir addım atdı.

Ümumilli liderimiz Heydər Əliyev deyirdi: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. İlham Əliyev də hər zaman vurğulayırdı: "İqtisadi güc ilk növbədə ona görə lazımdır ki, ölkə daha da qüdrətli olsun, öz maraqların təmin etsin və insanlar daha da yaxşı yaşasın”. Məhz elə bu məqsədlə də prezident kimi fəaliyyətə başladığı ilk günlərdən, 2003-cü ilin 24 noyabrında sonralar Azərbaycanın sosial iqtisadi inkişafında müstəsna əhəmiyyət kəsb edən tarixi fərmanı – "Azərbaycanda sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanını imzalamışdı.

Ulu Öndərimizin müəllifi olduğu Azərbaycanın neft strategiyasını davam və inkişaf etdirmək istər strateji, istər siyasi, istərsə də iqtisadi aspektdə Qarabağ probleminin həlli istiqamətində atılan ən mühüm addımlar idi. Sənayenin şaxələndirilməsi, müasir sənaye sahələrinin yaradılması, Azərbaycanın bu günkü taleyi üçün müstəsna əhəmiyyət kəsb edən, bir zamanlar çox adamların, siyasətçilərin dodaq büzdüyü süni peyklərin orbitə buraxılması, xüsusilə yer səthinin müşahidə edən "Azərspace” və "Azersky” peyklərinin orbitdə dövrə vurması Qarabağ probleminin həllində nə qədər müstəsna əhəmiyyət kəsb etdiyi indi hər kəsə məlumdur.

Ölkənin beynəlxalq nüfuzunun artırılmasının Qarabağ probleminin həllində mühüm amil olduğunu nəzərə alan Prezident İlham Əliyev bu istiqamətdə misli görünməyən addımlar atdı: 2011- ci ildə Qoşulmama Hərəkatına üzv olanda çoxları burnunun ucundan uzağı görə bilmədiyi halda (Yəni bu Azərbaycana nə verəcək?) Cənab Prezidentə istehza ilə baxırdılar. Lakin heç bir il keçməmiş, müstəqilliyinin 20 ilini yaşayan gənc respublikanın BMT TŞ-nin qeyri - daimi üzvü seçilməsində bu Hərəkatın üzvləri Azərbaycana səs verəndə opponentlərimiz başa düşdülər ki, nə üçün İlham Əliyev QH-na üzv olmaq üçün müraciət edib. Bu gün Azərbaycan BMT-dən sonra dünyanın ən böyük ikinci beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etməsi Azərbaycanın beynəlxalq nüfuzunun parlaq nümayişidir.

Yaxın qonşularla mehriban qonşuluq siyasətinin aparılması, dünyanın aparıcı dövlətləri ilə balanslaşdırılmış, qarşılıqlı hörmət və bərabər tərəfli münasibətlərinin qurulması dünyanın aparıcı beynəlxalq təşkilatlarına üzv olan ölkələr ilə həm birliklər, həm də ikitərəfli səviyyədə yüksək səviyyəli əməkdaşlıq, ən yaxın qonşularımız olan Rusiya, İran, Türkiyə və Gürcüstan ilə 3 tərəfli formatda yüksək səviyyəli münasibətlərin qurulması, qardaş Türkiyə ilə münasibətlərin dərinləşməsi, beynəlxalq və regional transimilli layihələr olan, - Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Qars qaz kəməri, Cənub Qaz Dəhlizi, Bakı - Tbilisi - Qars Dəmir yol xəttinin çəkilişi, Şərq - Qərb və Şimal - Cənub nəqliyyat dəhlizləri, Azərbaycan regionun mühüm nəqliyyat və logistik mərkəzə çevrilməsi Azərbaycanın beynəlxalq nüfuzunu artırmış, onu dünyaya regionun aparıcı dövləti, etibarlı tərəfdaş, kimi təqdim edir. Azərbaycan xeyli müddətdir ki, Avropanın və regionun enerji təhlükəsizliyində mühüm rol oynayır. Bütün bunlara dövlət başçısı cənab İlham Əliyevin uzaqgörənliyi, strateji düşünmə, məqsədyönlü, davamlı, yorulmaz və gərgin fəaliyyəti sayəsində nail olunmuş və hamsı ölkənin bir nömrəli probleminin - Qarabağ probleminin həllinə yönəlmişdi.

Cənab Prezident İlham Əliyev dəfələrlə Azərbaycan tərəfindən Ermənistanı təcrid siyasətini bütün dünya ictimaiyyətinə bəyan etmişdir. Ermənistan məhz cənab İlham Əliyevin təcrid siyasəti nəticəsində regionun bütün layihələrindən kənarda qalmışdır, Azərbaycan razılığı olmadan Ermənistan heç bir regional layihəyə cəlb edilə bilməz və bu siyasət Qarabağ probleminin Azərbaycan şərtlərinə uyğun həlli tapılmayınca Ermənistan kasıb, səfil, dilənçi bir ölkə kimi qalacaqdır.

Ordu quruculuğu ölkə Prezidenti Cənab İlham Əliyevin Prezident kmimi fəaliyyətə başladığı ilk andan dövlət siyasətinin bir nömrəli məsələsi olmuşdur. Nəticədə yeni şəraitə uyğun, müasir hərb elminin tələblərinə cavab verən, güclü ordu qurulmuşdur... Arsenalında yüksək dəqiqlikli ən müasir silahlara, yüksək texnologiyaların tələblərinə cavab verən, mühəndis - texniki qurğulara malik Azərbaycan Ordusu həm də bu silahları taktiki döyüş təlimlərində sınaqdan keçirmiş, onların idarə ediməsinə yiyələnmiş peşəkar zabit korpusuna, dünyanın ən qabaqcıl hərbi məktəblərində və ordularında müasir hərb elminin sirlərinə yiyələnmiş hərbi elitaya malikdir. Və 44 günlük Vətən Müharibəsi göstərdi ki, Cənab Ali Baş Komandan İlham Əliyevin dediyi kimi - "Azərbaycan ordusu nəinki bölgədə, həm hərbi potensialına, həm döyüş qabilyyətinə, həm də təhcizatına görə dünya miqyasında güclü ordular sırasındadır”.

Cənab Ali Baş Komandanın bu kəlamlarını Azərbaycan Ordusu Vətən Müharibəsində, döyüş meydanında öz möhtəşəm qələbələri ilə sübut etdi.

Xalqımızı Zəfərə aparan yolda cənab prezidentimiz İlham Əliyevin son illərdə keçirdiyi tədbirlərini qeyd etməmək mümkün deyil. Sonuncu prezident və parlament seçkilərinin irəli çəkilməsi, idarəetmə sahəsində aparılan struktur dəyişiklikləri, hakimiyyətin bütün vəsilələrində aparılan kadr islahatları, kadrların seçilib yerləşdirilməsində keyfiyyət amili, müxalifət düşərgəsi ilə siyasi dialoqun qurulması, korrupsiyaya qarşı mübarizə sahəsində aparılan instutisional və inzibati tədbirlər, ölkənin idarə edilməsində əsaslı dəyişikliklərin aparılmasına yönəlmiş və dəqiq hesablanmış çox ciddi tədbirlərdir və bütün bu tədbirlər həm də xalqda iqtidar birliyinin daha da möhkəm və monolit şəkildə birləşməsinə yönəlmişdi. Ölkədə yaradılmış möhkəm xalq-iqtidar, xalq-ordu və Ali Baş Komandan Birliyi qələbəni şərtləndirən əsas amillərdən idi. Lakin sadaladıqlarım Zəfəri şərtləndirən amillərin heç də hamısı deyil və onları saymaqla bitməz.

...Cənab İlham Əliyev sülh danışıqlarına sadiq qalaraq 17 il düşmənin bütün kaprizlərinə, yalanlarına, riyakarlıqlarına səbrlə, təmkinlə dözdü. Hətta alçaq, yaramaz Paşinyan bütün azərbaycanlılar üçün müqəddəs sayılan Şuşada qondarma prezidentin inaqurasiya mərasimini keçirəndə də, Azərbaycan xalqının milli heysiyyat hissini təhqir edərək Cıdır Düzündə yallı gedəndə də, Şuşanı qondarma respublikanın paytaxtı etmək fikrini açıqlayanda da, hər il 8 mayı - Şuşanın işğal gününü, Şuşanın "azadlıq günü” kimi qeyd edəndə də, danışıqların formatını dəyişdirəndə də, yeni ərazilər işğal etmək xülyası ilə Tovuzda təxribat törədən də səbrlə, təmkinlə dözdü. İtkilər verməmək xatirinə erməni kaprizlərinin sonunu gözlədi. Prezident İlham Əliyev dünya ictimaiyyətinə, beynəlxalq birliklərə, təşkilatlara dəfələrlə müraciət edərək Ermənistanın və onun liderlərinin bu özbaşınalıqlarının dayandırılmasını tələb etmişdi. Nəhayət 2020-ci il senytabr ayının 21-də BMT-nin 75 illiyinə həsr olunmuş sessiyasında bütün dünya ictimaiyyətinə bir daha bəyan etdi: "Ermənistanın Baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun "Qarabağ Ermənistandır.” bəyənatı danışıqlar prosesinə ciddi zərbədir. Ermənistanın Baş Naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşlardan ibarət könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Ermənistan müdafiə naziri Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir. Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik.Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”.

Lakin qulağı kar, gözü kor oldu ermniləri dəstəkləyən dövlətlərin başçılarının, beynəlxalq ictimaiyyətin.

Sentyabr ayının 27-də növbəti erməni təxribatının qarşısını almaq məqsədilə Azərbaycan ordusu bütün cəbhə boyu əks hücuma keçdi... ...Azərbaycan dövlətçilik və hərb tarixində öz adını tarixə şərəflə yazmış dövlət başçılarımız və sərkərdələrimiz çox olmuşdur. Lakin onu da təəssüflə qeyd etmək lazımdır ki, tariximizin son yüzillikləri torpaqlarımızın itirilməsi ilə müşayət olunmuşdur...

.....Təbii ki, 2016-cı ilin "dörd günlük” Aprel döyüşlərində ordumuzun misilsiz qəhrəmanlığını Vətən müharibəsindəki Zəfərin başlanğıcı kimi də hesab etmək olar. Və güman edirəm ki, səlnaməçilərimiz Vətən müharibəsindəki qələbəmizin tarixini yazanda bu döyüşləri hökmən xatırlayacaqlar.

44 günlük Vətən Müharibəsi isə qələbəyə gedən uzun yolun finişi idi.

Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tarix yazdı. Əsgərlərimizin misilsiz rəşadəti və igidliyi nəticəsində 30 il əsarətdə olan Dağlıq Qarabağ və onun ətrafı işğaldan azad edildi. Azərbaycan xalqının şərəf tarixi yazıldı. Azərbaycan əsgəri bu tarixi misilsiz şücayəti, rəşadəti, igidliyi ilə, qanı və canı ilə yazdı, millətin mənliyini, milli qürur hissini özünə qaytardı.

Himnimizin 100 il bundan əvvəl yazılmış mətnində səslənən kimi Azərbaycan əsgəri, Azərbaycan gənci Vətən üçün, bayraq üçün, torpaq üçün "can verməyə hazır, qan tökməyə qadir” olduğunu qəhrəmanlıqla nümayiş etdirdi.

Ali Baş Komandan İlham Əliyev bir neçə cəbhədə döyüşür, hər gün döyüşün nəticələrini təhlil edir, hücum planını özü qurur, komandanı özü verir, döyüşü özü idarə edir, qələbə müjdəsini xaqla özü çatdırırdı. Onun bir sıra dövlət başçıları ilə aprdığı danışıqlar və dünyanın aparıcı KİV-lərinə verdiyi müsahibələr nəinki ona rəğbəti olanları, hətta rəqiblərini və opponentlərini, onu tənqid edənləri öz biliyi, informasiyası, analitik təfəkkürü, diplomatik gedişləri və sərkərdəlik bacarığı ilə heyran və mat qoyurdu. Qarabağ problemlərinin tarixi barədə gerçək məlumatları, bu barədə erməni uydurmalarını, problemin həllinə yönəlmiş cəhdlərin və danışıqların xronologiyasını, problemin həlli ilə əlaqədar BMT-Təhlükəsizlik Şurasının ATƏT-in və onun Minsk Qrupunun həmsədrlərinin, beynəlxalq ictimaiyyətin mövqeyini, uzun illər ərzində Ermənistan dövləti tərəfindən Azərbaycan üçün yaradılmış problemləri, Qarabağ probleminin və Ermənistanın istər regionda, istərsə də bütövlükdə dünyada sülh üçün nə qədər təhlükəli olduğunu aydın şəkildə, faktlarla izah edir, erməni yalanlarını, onların riyakarlıqlarını ikiüzlülüyünü, faşist mahiyyətini dünya ictimaiyyətini çatdıraraq onları ifşa edirdi. Riyakar, satqın, ikiüzlü, xəyanətkar Ermənistan dövlətinin əsl mahiyyəti cənab İlham Əliyevin verdiyi müsahıbələr nəticəsində hətta onlara rəğbət göstərən dövlətlər tərəfindən anlaşıqlıqla qarşılanırdı.

Müzəffər Ali Baş Komandan eyni zamanda bu müsahibələrdə Azərbaycan Dövlətinin gücünü, qüdrətini, Azərbaycan Xalqının döyüş ruhunu, qələbə əzmini dünyaya təqdim edirdi.

O günlər ölkəmizdə Azərbaycan tarixinin heç vaxt görmədiyi misilsiz bir xalq-ordu və dövlət birliyi hökm sürməkdə idi. Bu birlik qarşısında nəinki Ermənistan, erməni diasporu, hətta onların havadarları olan böyük dövlətlər aciz durumda idilər və Azərbaycanla razılaşmaq məcburiyyətində qalmışdılar.

Bu günlərdə cənab Prezidentimiz İlham Əliyevin istər müharibə dövründə, istərsə də müharibədən sonra müxtəlif tədbirlərdə, Qarabağa səfərləri zamanı verdiyi müjdələrini, bəyanatlarını, çıxışlarını, çağırışlarını yenidən dinlədikcə, təhlil etdikcə, onun həmin anlarda hansı hisslər keçirdiyini duyduqca bu möhtəşəm şəxsiyyətin nə qədər uca, nə qədər böyük, müdrik,qətiyyətli bir dövlət başçısı, sərkərdə olduğunu dönə-dönə təsdiq etməli olursan. Təkcə özünün Prezidentlik fəaliyyəti dövründə Cənab İlham Əliyev Azərbaycanımız üçün, onun tərəqqisi, inkişafı, beynəlxalq nüfuzu, xalqımızın həyat səviyyəsinin yaxşılaşması üçün çox işlər görüb. Lakin bu işlərin içində ən möhtəşəmi Qarabağın qaytarılması, ərazi bütölüyümüzün bərpasıdır. Zaman keçəcək, illər ötəcək, İlham Əliyevin adı və əməlləri yüz illər, min illər- əbədiyyətəcən Qarabağla qoşa çəkiləcək, hallanacaq, bu müqəddəs işlə birbaşa bağlı olacaqdır. Bu tarix həm də ona görə əlamətdardır ki, Azərbaycan, Prezidentı, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Azərbaycan Xalqı ”Bir millət, iki dövlət" olan qardaş Türkiyə, Türkiyə xalqı, Türkiyənin Prezidenti Sayin Rəcəb Tayyib Ərdoğanla, tarixdə indiyədək misli olmayan birlik nümayiş etdirməklə, onların mənəvi və siyasi dəstəyi ilə birlikdə yazdılar.

Xalqımız Vətən Müharibəsində Böyük Qələbənin birinci ildönümü astanasındadır. Bu əlamətdar gün ərəfəsində Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, Qazilərimizə sağlamlıq arzulayır, qəhrəman döyüşçülərimizə var olun deyirik.

Qələbən mübarək Azərbaycan! Qarabağ Azərabaycandır!

Ramiz Göyüşov


Xəbər lenti