44 günlük Vətən müharibəsi günlərində hər bir əsgərimiz bir qəhrəman idi- MÜSAHİBƏ-ÖZƏL

44 günlük Vətən müharibəsi günlərində hər bir əsgərimiz bir qəhrəman idi- MÜSAHİBƏ-ÖZƏL

Azər Verdiyev: "Hərbi komissarlıqdan avtobusla döyüşə gedəndə zəng edib bildirdim ki, haqqınızı halal edin, mən artıq arzuma çatdım"

Gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, onlarda milli şüurunun formalaşdırılması bütün dövrlədə aktual və prioritet məsələlərdəndir. Sevindirici hal ondan ibarətdir ki, bu istiqamətə diqqət Azərbaycanda hər zaman yüksək səviyyədə olub. Hazırda da bu müsbət tendensiya davam etməkdədir. Elə 44 günlük Vətən müharibəsində tarixi zəfər əldə etməyimizin kökündə dayanan əsas amillərdən biri də budur desək yanılmarıq.  Açıq şəkildə etiraf etmək lazımdır ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının, vətənpərvər gənclərimizin qəhrəmanlıq dastanı oldu. Məhz onıların Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi uğurlu əməliyyat, göstərdikləri şücaət Azərbaycana tarixi qələbə sevincini yaşatdı. 30 ilə yaxın düşmən işğalı altında olan torpaqlarımızı azadlığa qovuşdurdu.

Onu da etiraf etmək lazımdır ki, 44 günlük Vətən müharibəsində igid oğullarımızın qəhrəmanlıq nümayiş etdirməsi, zəfər əldə etməsində eyni zamanda onlarda tarixi qəhrəmanlarımız, sərkərdələrimiz barədə geniş və ətraflı bilgilərin formalaşmasının müəyyən mənada təsiri var. Çünki qəhrəman əsgər və zabitlərimiz 44 günlük Vətən müharibəsinə Ramil Səfərov, Mübariz İbrahimov, Polad Həşimov, həmçinin 2016-ci ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olmuş Vətən övladlarının igidliklərindən ruhlanaraq, onların yazdığı tarixi, göstərdikləri şücaəti təkrar etmək əzmi, iradəsi və cəsarəti ilə getmişdilər. Məhz bu amil də 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi qələbə əldə etməsini şərtləndirdi. Necə ki, 44 günlük Vətən müharibəsinin qəhrəmanları yaxın tariximizdə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş igidlərimizlə fəxr edib, onlardan örnək götürüb döyüşə atılmışdı, eləcə də yetişməkdə olan gənc nəsil 44 günlük Vətən müharibəsi qəhrəmanları barədə ətraflı, müfəssəl bilgilərə sahib olmalı, onların döyüş yolu barədə maarifləndirilməlidirlər. Bu amil yetişməkdə olan gənc nəslin daha vətənpərvər olmasına yol açacaq. Bu iş isə heç şübhəsiz ki, kütləvi informasiya vasitələrinin üzərinə düşür və media, ayrı-ayrı mətbuat orqanıları davamlı olaraq 44 günlük Vətən müharibəsinin qəhrəmanlarının keçdiyi döyüş yolunu Azərbaycan cəmiyyətinə, onun yetişməkdəı olan gənc nəslinə çatdırmalıdır. Bu mənada bu dəfıki qonağımız 44 günlük Vətən müharibəsinin iştirakçısı, 6 övladı olmasına baxmayaraq ərizə yazıb könüllü şəkildə döyüş bölgəsinə gedən Azər Verdiyevdir. Onunla söhbətimizdə 44 günlük Vətən müharibəsində qarşılaşdığı təhlükələr, döyüşlər zamanı əsgər və zabitlərimiz arasındakı əhval-ruhiyyə barədə danışdıq.

 

-Azər bəy, Siz də tarixi qələbəmizə yol açan 44 günlük Vətən müharibəsinin iştirakçısı olmusunuz. Öncəliklə sualım bundan ibarətdir, döyüşə hansı hisslərlə, həyəcanla yollanmışdınız?

-Çox sağ olun dəvət etdiyiniz üçün. Sizi və bütün redaksiyanı salamlayıram. Məni tanıyanlar bilirlər ki, mən bu müharibəni gözləyirdüm və necə səbrsizliklə gözlədiyimi yaxınlarım, doğmaların, dostlarım yaxşı bilir. Hələ 2016-cı il aprel hadisələri olanda da mən döyüşlərə qatılmaq üçün müraciət etmişdim.  2020-çi il iyun hadisələri zamanı hərbi xidmətə ilk könüllü yazılanlardan biri də mən idim. Mən bu müharibəni özümün iştirakı olmadan təsəvvür edə bilmirdim. O qələbə sevincini mən həmişə döyüşlərdə yaşamaq istəmişəm. Şükürlər olsun ki, bu hadisəni yaşamaq mənə qismət oldu.

-Yaxın tariximizdə, daha doğrusu müstəqilliyin ilk illərində üzləşdiyimiz məğlubiyyət sindromu sizdə yenidən məğlub ola bilərik şübhəsi yaratmışdımı?

-Doğru buyurursunuz ki, birinci Qarabağ müharibəsində məğlubiyyətə uğradıq. Amma bu məğlubiyyət bizlərə böyük bir dərs və daha da inkişaf edib dirçəlişimiz üçün bir təkan oldu. Mənim hər zaman işlətdiyim bir söz var "Müharibələr sərhədlər üzündən başlayıb, sərhədlər üzərində bitər".

Ali Baş Komandanımız bu müharibəni bir zərgər dəqiqliyi ilə başa vurub qələbəmizin təməlini qoydu. Bu müharibənin taktikasını, strategiyasını  hələ çox ölkələrdə, yığıncaqlarda danışıb müzakirə edəcəklər.

-Bildiyimiz qədər Sizin 6 övladınız var, Allah onları qorusun. O da bəllidir ki, müharibə zamanı 3 övladı olanları belə döyüşə aparmırdılar. Hər halda yaxın ətrafımda olan və 3 övlad atası dost, tanışlarıma belə demişdilər. O zaman belə düşünürəm ki, Siz təkidlə, könüllü olaraq döyüşlərə getmisiniz.

-Çox sağ olun. Allah bütün övladları qorusun. Bəli, 6 övlad atasıyam 3 qız və 3 oğlan. Sözün düzü onlar da elə fikirləşirdilər ki, məni aparmayacaqlar. Amma çox şükürlər olsun ki, israrım nəticəsində döyüşlərə gedə bildim. Mən özüm hərbiçi olmuşam. Hərbi xidmətdə olan zaman  xəstəlik üzündən ordudan təxris olunmuşdum. Amma bu da mənim getməyimə mane ola bilməzdi. Mən evimdə 3 əsgər böyüdüb tərbiyə edirəm. Bu cür hallar onların daha da vətənpərvər ruhda böyüməsi üçün bir stimul olmalıydı.

-Bəs döyüşə gedərkən ailə üzvləriniz, övladlarınız hansı hisslər keçirdi, Sizi bu istəyinizdən çəkindirməyə çalışdılarmı?

-Dediyim kimi bilirdilər ki, könüllü yazılmışam və müsbət cavab almışam. Amma yenə də inanmırdılar ki, məni aparacaqlar. Mən də son ana kimi bildirmədim. Ən son anda artıq Mingəçevir şəhər hərbi komissarlığından avtobusla döyüşə gedəndə zəng edib bildirdim ki, haqqınızı halal edin, mən artıq arzuma çatdım. Düzdür, əvvəlcə caşqınlıqla və təəccüblə qarşıladılar. Ancaq sonra anlayış və qurürla bu hissi yaşadılar. Bildirdilər ki, sən bu döyüşlərə qatılmasaydın daha çox  əziyyət çəkəsiydin.

-Yeri gəlmişkən hansı istiqamətlərdə gedən döyüşlərdə iştirakçı olmusunuz?

-İlk günlər Goranboy rayonunun Ballı Qaya kəndində yerləşən "N" saylı hərbi hissəsində olduq. Orda komplekləşib Murov və Suqovuşan istiqamətində yollandıq.

-Əsgər və zabitlərimizin, ümumilikdə Azərbaycan Ordusunun döyüş ruhu, əzmi hansı səviyyədə idi, Silahlı Qüvvələr qarşıya qoyulan məqsədə nail olacağına ümidli idimi?

-İlk növbədə bildirim ki, Vətən müharibəsi dövründə çox güclü ordumuz və güclü savadlı zabit heyəti ilə rastlaşdım. Çox mükəmməl, yeni texnalogiyalarla və ən müasir silahlarla təchiz olunmuş bir ordumuzla qarşılaşdım. Ona görə də ermənilər məğlub olmağa məhkum idilər. Ümumiyyətlə qələbəni hər zaman ən çox istəyən qazanır. Biz tək döyüşlərdə yox,  həm də siyasi müstəvidə qələbə qazandıq. Bu qələbənin müəllifi başda Ali Baş komandanımız olmaqla 10 milyonluq Azərbaycan xalqıdır. Biz döyüşdə tək ermənilərlə mübarizə aparırdıqsa, Ali Baş Komandan bir neçə dost ölkələrı ćıxmaq şərtilə bütün ölkələrə qarşı siyasi müstəvidə mübarizə aparıb qələbə qazandı.

-Adətən müharibədən bir müddət sonra həmin döyüş səhnələri, o odlu -alovlu, hər an ölümlə üz-üzə qaldığın situasiyaları unutmaq olmur. Bəzi hallarda insanda sarsıntı da yaradır. Siz necə, həmin anları tez-tezmi xatırlayırsınız, hansı hisslər keçirirsiniz o zaman?

-Çox doğru buyurursunuz ki, müharibədən sonra bu cür hallar tez-tez yaşanır və məndə də eyni hallar olurdu. Gecələr yata bilmirsən. Yuxularda ancaq müharibələri görürsən, od-alov, qışqırıq səsləri, erməni leşleri və s yuxuna girir. Bir az adaptasiya olmaq çətin olur. Ancaq qələbə sevinci və müharibədən sonra işğal olunmuş ərazilərdə inkişafın sürətini görüb, abadlaşmanı müşayət edib sevinməmək olmur.

-Qalib ordunun əsgəri, zabiti kimi doğma elinə, evinə, yaxınlarına, övladlarına dönmək nə dərəcədə qürurlu bir haldır və övladlarınız Sizi geri dönərkən necə qarşıladı?

-İnanırsız bu sevinc və qürur hissini sözlə ifadə etmək çətindir. Bu qələbəni bizə yaşadan hər kəsə, Ali Baş Komandana, Şəhidlərimizə, Müzəffər ordumuza, xalqımıza minnətdaram. Ailəm, dostlarım və tanışlarım məni müharibədən qayıdarkən  çox sevinclə qürurla qarşıladılar. Onu da qeyd edim ki, bu müharibədə çoxlu dost və silahdaşlarım oldu. İlk növbədə mənim uşaqlıq dostum, tələbə yoldaşım mayor Novruzov Mübarizi vurğulamaq istərdim. İnsan qorxu nədi bilmirdi,  elə hey fikri öndə olmaq idi. Həmçinin mayor Bəşirov Mamedi də qeyd edərdim. Ümumiyyətlə o, başqa bir hekayə, mövzudur. İnsan ancaq irəlidə olmaq və qisas almağı düşünürdü. Adam bir çox hallarda gecələr belə  yatmırdı. Qarşısına çıxan hər əsgəri təlimatlandırırdı. Deyirdi ki, birdən mənim bir sözüm, bir məsləhətim onları ölümdən qurtarar. Bundan başqa sizə çox danışardım Ceyhun, Şamxal, baş leytenant Atayev Dasqın, Oruc, Anar, Cəlal, Rüfət, İlyas və digərləri barədə.  Mən çoxlarını əlavə etmək istərdim və bu zabitlərin hər birinin bir günü bir kitab qədər uzun uzadı olardı. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi günlərində hər bir əsgərimiz bir qəhrəman idi.

-Bəs döyşlərdə iştirakınıza görə, təltif edilmsinizmi?

-Bəli bir neçə dəfə fəxri fərmanla, hərbi hissə komandiri tərəfindən təşəkkürlərlə təltif olunmuşam. Bununla yanaşı Ali Baş Komandanımız Cənab İlham Əliyev  tərəfindən Vətən müharibəsi iştirakçısı medali ilə təltif edilmişəm.


Xəbər lenti