44 günlük Savaş Azərbaycan gəncliyinin gücünü bütün dünyaya bəyan elədi

44 günlük Savaş Azərbaycan gəncliyinin gücünü bütün dünyaya bəyan elədi

Bütün cəmiyyətlərdə bu ali hissin yüksək səviyyədə tərbiyə edilməsi tələb olunur. Azərbaycan da istisna deyil. Azərbaycan gəncliyi bölgədə öz vətənpərvərliyi, milli mənlik şüuruna sahib olan gənclər kimi həmişə sayılıb-seçilib. Deyərdik ki, çox zaman başqalarına nümunə olub.

Baxmayaraq ki, maddiyyatın mənəviyyatı ötüb keçdiyi bir dövrdə yaşayırıq. Ancaq gənclərimizin heç də hamısı pul qazanmaq naminə dəyərlərimizin üstündən xətt çəkmir. Sağlam ruhlu gəncləri cəmiyyət yetişdirir, ictimaiyyət tərbiyə edir. Cəmiyyətdə nöqsan varsa, bu istər-istəməz, gənclərin əxlaqına, onların vətənpərvərlik hisslərinin zədələnməsinə səbəb olur. Hər bir gənc öz doğulduğu ailənin, yaşadığı mühitin ab-havasına uyğun böyüyüb tərbiyə alır.

Tərbiyə insanın bütün yaş dövrləri üçün gərək olan yüksək bir keyfiyyətdir. Övladlarının tərbiyəli böyüməsi, vətənpərvər, yurdsevər olması hər bir valideynlərin arzusudur.

Azərbaycan xalqı milli adət-ənənələrə, dəyərlərə sadiq qalmağı sevir. Yəni həyat tərzi də, vətənpərvərlik hissləri də, milli mənlik şüurunun inkişaf etdirilməsi də ənənəvilik çərçivəsində həyata keçirilir. Daha doğrusu, yaşlılar bunu təlqin edir.

Azərbaycanın dövlət müstəqilliyini qazanmasında gənclərimizin rolu az olmayıb. Milli Azadlıq Hərkatında yüzlərlə gənc Azərbaycan Respublikasının SSRİ-nin tərkibindən çıxarılmasına çalışıb və bunun üçün meydanlara axışıb. Günlərlə, aylarla mitnq və piketlər keçirib.

Qonşu respublikalarla müqayisədə Azərbaycanda həmişə gənc nəslin tərbiyəsinə xüsusi önəm verilib. Azərbaycan Xalq Cumhuriyyəti dövründə gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin tərbiyə edilməsi istiqamətində böyük işlər görülürdü. Gənclərin mədəni səviyyəsinin yüksəldilməsi, onların təhsilə, idmana, musiqiyə cəlb edilməsi üçün cəhdlər edilirdi. Bu dövrdə çoxlu sayda milli mənlik şüurunun və yüksək vətənpərvərlik tərbiyəsinin daşıyıcıları olan gənclər yetişib. Gənclərin yaradıcılığının məhsulu olan böyük ədəbiyyat yaranıb bu illərdə. Orada həm milli şüur hissi, həm də Azərbaycan sevgisi var.

Sovet dönəmində milli şüurun inkişafına çalışanlar barmaqla sayılacaq qədər idi. Bu da milli şüurun formalaşdırılmasının Sovet ideologiyası ilə ziddiyyət təşkil etməsindən irəli gəlirdi. Amma vətənpərvərlik məktəbi olduqca ciddi şəkildə formalaşmışdı. Bu tərbiyəni daşıyan gənclər çox böyük uğurlara imza atıb. Onların nailiyyətlərilə indinin özündə də öyünürük.

XX əsrin sonlarında Azərbaycan cəmiyyətində ciddi dəyişikliklər nəzərə çarpmağa başladı. Yeni nəsil gənclər özlərilə yeni nəfəs gətirmişdi. Orta ümumtəhsil məktəblərində, texnikumlarda, ali məktəblərdə vətənpərvərlik təbliğ olunurdu. Kimdə vətənpərvərlik hissi zəif nəzərə çarpırdısa, ona qarşı qınaq kampaniyası başlanırdı.

Vətənini sevən, öz xalqına və vətəninə sadiq və onların mənafeyi yolunda canından keçməyə hazır olan insan birmənalı olaraq vətənpərvərdir. Vətən böyüyüb, boya-başa çatdığımız, suyunu içib, havasını udduğumuz diyardır. Hər kəs öz varlığıyla Vətənininə bağlı olmalı, onu sevməli, göz bəbəyi kimi qorumalıdır. Vətənpərvərlik isə özü üçün deyil, eli üçün yaşamaqdır. Necə ki, Ulu Öndərimiz Heydər Əliyev bütün ömrünü ancaq xalqına və dövlətinə həsr etdi.

Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi istər 1969-1982, istərsə də 1993-2003-cü illərdə gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Onun potenisal güc mənbəyi kimi elmi-fiziki güclərinə üstünlük verdiyi, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər olub. Ulu Öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib. İkinci dəfə xalqın çağırışı ilə hakimiyyətə gəldikdən sonra diqqət ayırdığı mühüm sahələrdən biri də gənclər siyasəti olub. Bu baxımdan Onun Fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib və Dahi Öndər tədbirdə şəxsən iştirak və çıxış edərək gənclərə öz tövsiyələrini, məsləhətlərini verib. 1 fevral 1997-ci il tarixində forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ümummilli Lider Heydər Əliyev "2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

Bu gün Azərbaycan əhalisinin mühüm bir hissəsi gənclərdən ibarətdir. Hər keçən gün onların cəmiyyətdə çəkisi və rolu artır. İndiki dövrdə gənclərin dinamikliyi daha çox diqqəti cəlb edir. Xüsusən, də müasir informasiya-kommunikasiya texnologiyalarının timsalında bu özünü daha qabarıq göstərir. Belə bir dövrdə Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması qarşıda duran mühüm vəzifələrdən hesab olunur. Xüsusilə müstəqil Azərbaycan üçün bu, məlum səbəblər üzündən vacib əhəmiyyət kəsb edir. Digər tərəfdən, gənclər aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacaqlar. Gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin yüksək səviyyədə inkişaf etdirilməsi Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələdir. Prezident İlham Əliyevin təbirincə desək, "Bizə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi və savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır”. Aydın məsələdir ki, bunları dərk edən gənclərdə milli mənlik şüurunun inkişafı yüksək səviyyədə olacaq. Hər bir vətəndaşın milli mənlik şüurunun formalaşdırılması onun cəmiyyətdə, ictimai münasibətlərin bütün sistemində tutduğu və oynadığı rolu müəyyənləşdirir, onun mənəvi keyfiyyətlərinin qabarıq ifadəsinə çevirir. Maddi və mənəvi zəmində tərbiyə olunan gənc özünün, xalqının varlığını dərk edir, torpaq, Vətən, xalq, millət kimi böyük arzular və müqəddəs amallar dünyasına daxil olur. Bu, çox mürəkkəb prosesdə onun mənəviyyatı, əqidəsi, dünyagörüşü formalaşır. Hər bir gənc aydın şəkildə dərk edir ki, əzəmətli ağaclar öz kökləri üzərində dayandığı kimi fərdlər də öz xalqı, öz milləti içərisində təşəkkül tapır, öz xalqına, öz millətinə xidmət edir. Milli şüur formalaşdıqca insanlarda milli ləyaqət tərbiyə olunur. Nəhayətdə belə bir həqiqəti dərk edir ki, millət və xalqın, Vətənin, doğma yurdun taleyi onun taleyinə qovuşur, şəxsi ideal və arzuların tərkib hissəsinə çevrilir. Belə bir şəraitdə Azərbaycanda böyüməkdə olan nəslin milli şüurunun və milli ləyaqətinin tərbiyə edilməsində, mədəniyyətimizin, tariximizin, ədəbiyyatımızın onlara düzgün öyrədilməsində aydınların üzərinə böyük vəzifələr düşür.

Milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Belə ki, milli şüurun inkişafında bütün ictimai-siyasi hadisələr-sosial sarsıntılar, milli mübarizə motivləri öz izini qoyur. Məhz bu səbədən erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsi nəticəsində ölkəmizə vurulan ziyanlar milli şüurun inkişaf etdirilməsini tələb edir. Məlum olduğu kimi, milli mənlik milli şüurun bir komponentidir. Milli mənliyin əsasını insanın-hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaqla bağlı olan sosial keyfiyyətlər daxildir. Odur ki, milli mənlik şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşında olmalıdır. Çünki milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud ola bilməz. Milli mənlik şüuru insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Bu halda insanın daxili aləmi şüurun obyekti kimi çıxış edir. Mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini ifadə edir. Sosial şəratidən asılı olaraq mənlik şüuru dəyişir, insanın öz hərəkət və davranışını sərbəst surətdə seçir, başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Təsadüfi deyil ki, Azərbaycan gənclərinin milli kimlik şüurunun inkişaf etdirilməsi həm də onların məsuliyyətinin artırılması ilə nəticələnib.

Sonda isə 44 günlük Vətən Savaşını qeyd etmək tam yerinə düşərdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 30 illik həsrətə son qoydu və Qarabağımız işğaldan azad olundu. Bu müharibədə gənclərin rolu əvəzsizdir və xüsusi vurğulanmalıdır. Bütün dünya gördü ki, illər keçsə belə Azərbaycan gəncliyi öz vətənini nəinki qorumağa, işğaldan azad etməyə belə qadirdir. Bu, bütün dünya azərbaycanlı gənclərinin qürurunun bərpası demək idi, bu, xalqımızın bütövləşməsinin məntiqi nəticəsi idi.

Mənsur Mustafayev

7NEWS.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İstiqamətin kodu 6.3.10

 

 

 

Xəbər lenti