Sağlamlıq imkanları məhdud olan uşaqların valideynləri üçün məlumat-tematik toplantı təşkil edilib

Sağlamlıq imkanları məhdud olan uşaqların valideynləri üçün məlumat-tematik toplantı təşkil edilib
Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planının "Sağlamlıq imkanları məhdud olan uşaqların ailələrinə tibbi-sosial dəstək göstərilməsi üçün beynəlxalq və yerli səviyyədə fəaliyyət göstərən ictimai birliklər və xeyriyyə fondları ilə əməkdaşlığın genişləndirilməsi” bəndinə uyğun olaraq bu istiqamətdə mütəmadi tədbirlər həyata keçirilir. Bu məqsədlə 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi ilə birgə "Loqos” un Azadlıq filialında sağlamlıq imkanları məhdud 30 nəfərə yaxın uşağın təmənnasız müayinəsi, həmçinin onların valideynləri üçün məlumat-tematik toplantı təşkil edilmişdir. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, səhiyyə üzrə mütəxəssislər, həkimlər, Mərkəzin psixoloqları, aidiyyəti mövzular üzrə təqdimatlar nümayişi olunub və maarifləndirici materiallar paylanılıb. Görüşdə iştirakçılara əvvəlcə Mərkəzin fəaliyyəti haqqında məlumat verilmişdir, və bildirilmişdir ki, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün onlara digər vətəndaşlarla bərabər imkanların yaradılması hər zaman olduğu kimi bu gün də mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Tədbirdə Mərkəzin mütəxəssisləri "Sağlamlıq İmkanları məhdud uşaqların valideynlərinə psixoloji dəstək” mövzusunda, "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin uşaq psixoloqu Anara Quliyeva "Sağlamlıq İmkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda təqdimatlarla çıxış edərək, sağlamlıq imkanlar məhdud uşaqlarla həyata keçirilən psixoloji və digər müvafiq xidmətlərin əhəmiyyətini qeyd ediblər. Tədbirdə "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqları tərəfindən sağlamlıq imkanları məhdud uşaqların təmənnasız diaqnostik terapiyası keçirilib. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün hədiyyələr paylanılıb. Tədbir zamanı sağlamlıq imkanları məhdud olan uşaqların valideynləri üçün bildirilmişdir ki, bu cür məlumat-tematik toplantılar mütəmadi olaraq təşkil ediləcəkdir.
Bu məqsədlə 11 dekabr 2019-cu il tarixində Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi ilə birgə "Loqos” un Azadlıq filialında Mərkəzin baş psixoloqu, psixologiya üzrə fəlsəfə dokturu Elmira Mirzəyeva "Sağlamlıq imkanları məhdud uşaqların valideynlərinə psixoloji dəstək” mövzusunda söhbət aparıb, valideynlərdən ibarət qrup yaradılıb, qrupda psixoterapiya seansı və relaks məşğələ keçirilib. Görüşün sonunda hər ayda bir dəfə valideynlər ilə psixoterapiya seanslarının keçirilməsi planlaşdırılır.
 
LOBBI.Az

Xəbər lenti