Putin İrəvana niyə gedib: Paşinyan üçün sürprizlər

Putin İrəvana niyə gedib: Paşinyan üçün sürprizlər
Ermənistan uzun fasilədən sonra ilk dəfə idi ki, hansısa tədbirə ev sahibliyi edirdi. Hətta son günlərədək İrəvanda keçiriləcək Avrasiya İqtisadi İttifaqı sammitinin baş tutması da sual altındaydı. Əgər Rusiya prezidenti son anda Ermənistana gəlməsəydi...

Prezident Putin İrəvana, hətta Ermənistanın ən yaxın qonşusu və Ter-Petrosyan demişkən, "nəfəsliyi” olan İranın prezidenti Həsən Ruhanidən də gec gəldi. Əvvəlcədən ehtimal olunduğu kimi, sammitə dəqiqələr qalmış təyyarədən endi, özünün Moskvadan gətirdiyi (!) zirehli limuzinə oturub toplantı məkanına yollandı.

Putin-Paşinyan münasibətlərinin gerçək üzünü öyrənməkdən ötrü Rusiya prezidentinin İrəvana bir neçə saatlıq səfərini müşahidə etmək yetərli idi. Üstəlik, heç bəlkə xəbərləri oxumağa sərf olunan vaxt da artıq olardı. Rusiya prezidentinin "Zvartnots” hava limanına enməsindən sonra çəkilən fotolarda çox şey var idi.



Əslində ötən il münasibətlər qurulmamış pozulmuşdu, bunu bilməyən yoxdur. Nikol Paşinyan baş nazir seçiləndən bəri onu təbrik belə etməyən Rusiya lideri əvəzində həbsdəki dostu Robert Köçəryana ad günü və bayramlarla əlaqədar azı üç təbrik yollayıb. Sonuncu təbrik məktubunu isə Putin İrəvana gəlməzdən bir ay əvvəl göndərmişdi. Ardınca da Paşinyana Köçəryanın qollarından qandalları açmaq üçün 10 gün vaxt vermişdi.

Ermənistan hökuməti isə nəinki Putini eşitmədi (əslində yaxşı ki, eşitmədi. Xocalı canisi həbsxanada çürüsə, daha yaxşıdır, amma bu, başqa mövzudur-E.P.) hətta Putinin səfərindən bir gün qabaq səhhəti pisləşən Köçəryanı tibb müəssisəsinə aparıb dərhal da təcridxanaya qaytardılar. Putin İrəvan səmasından enər-enməz Apelyasiya Məhkəməsi Köçəryanın vəkillərinin şikayətinə baxmaqdan belə imtina etdi! Bu, Paşinyanın ona 10 gün vaxt verən Putinə cavabı idi!

Düzdür, Köçəryan Putin üçün vazkeçilməz şəxs deyil, amma Rusiya boyda nəhəngin liderinin qarşısında Paşinyanın dirəniş göstərməsi, bax, Putinə bu məsələ təsir etməyə bilməzdi. Sanki bir az pərt, həm də sərt idi. Elə bil ki, sadəcə Ermənistanı itirməmək, Qərbin ixtiyarına verməmək üçün gəmişdi bu ölkəyə...



Sammitdən əvvəlki foto mərasimində də Putin Paşinyandan "bir tin” kənarda dayanmışdı. Əslində Ermənistanın varlığında müstəsna rolu olan dövlətin rəhbəri onunla yanaşı dayanmalı idi. Münasibətlər artıq bunu diktə edir. Təsəvvür edin, Paşinyan avtobusda şelfi edir, Putin ən arxa oturacaqda əyləşib, yenə də ciddi əhəmiyyət vermir. Daha sonra Nikol Rusiya prezidentinə telefonundakı fotonu göstərir, Putin etika xatirinə qımışır, amma nəzərləri ilə sanki baş nazir deyil, telefon aludəçisi olan birinə ironiya edir.

"Sorosun uşaqlarını” komandasına yığan Paşinyan da dirəniş göstərir, heç nə olmamış kimi. İrəvanın mərkəzində Avrasiya İqtisadi İttifaqı sammitinin reallaşmasına və Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfərinə etiraz olaraq aksiya keçirildi! Vətəndaş cəmiyyətinin adı hallansa da, bu aksiyaya imkan və stimul verən Paşinyandır, heç şübhəsiz! Nikol bu yaz baş nazir Dmitri Medvedevi evinə qonaq aparmışdı. Amma səhəri gün Medvedev onu hamının gözü qarşısında ələ saldı. Bu dəfə isə Paşinyan Putinə qarşı sayğısızlıq etdi, yəqin ki, cavabı sərt olacaq, Rusiya prezidenti belə məsələləri heç Trampa bağışlamır, o ki qaldı nikollara...



Budur, erməni ekspertlər də vəziyyətdən narahatdırlar. "Hələ heç kim, heç nə ilə Rusiya-Ermənistan münasibətlərinə "zati ailələri” Nikol Paşinyan qədər zərər vurmayıb”, yazır erməni şərhçilərdən biri. Ekspert açıq şəkildə bəyan edir ki, Paşinyan hakimiyyəti uğursuz oldu. "O, öz cılızlığının nəticələrini öz "dərisində” yaşamalıdır, ya Ermənistan, ya Nikol-sualın qiyməti budur”-yazır Vardqes Sarqsyan. Əlavə edir ki, təkcə son zamanlarda 40 min erməni Rusiyaya köçüb, ölkənin və vətəndaşın xilası isə Paşinyanın istefasından keçir!
**

İşğalçı ölkədə vəziyyət belədir! Bu durum isə Azərbaycanın faydasınadır. Başları nə qədər özlərinə qarışsa, yaxşıdır. Digər tərəfdən də Qarabağ separatçıları, konkret olaraq general Vitali Balasanyan "Ermənistanın baş naziri Nikol Paşinyan və hökuməti dərhal istefa verməli, ölkə parlamentinin üzvləri dərhal evlərinə dağılışmalıdır. Çünki onların idarəçiliyi bütün erməniliyi təhdid edir” deyə, ultimatum verib, "Paşinyan böyük antierməni layihəsi” adlandıran və tərəfdarlarına "rədd olun” deyən bu adam sözsüz ki, təsadüfən danışmadı bu gün, Putinin Paşinyana sərt, ironik və qəzəbli baxışları separatçıları da hərəkətə gətirib. Qarabağ klanı ilə Ermənistan arasındakı savaş unikal vəziyyət yaradar bizimçün.



Və...Budur. Artıq Rusiyadan ilk zərbənin anonsu tirajlanmaqdadır. Artıq erməni mediası yazıb ki, yaxın gələcəkdə Rusiya Ermənistana satdığı qazın qiymətini 30 faiz qaldıracaq. Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan da məsələyə münasibət bildirib. Moskva İrəvana satdığı qazın qiymətini 150 dollardan 165 dollara keçən il, Paşinyanın "gəlişi münasibətilə” qaldırdı. Gözlənti var idi ki, bu dəfə Nikol məsələni Putinlə müzakirə edəcək və qiymətləri endirməklə xal toplayacaq. Amma görünür Putin Paşinyana sürpriz edib...

**

Bir məqam nədənsə diqqətdən kənarda qaldı. Rusiya prezidenti Ermənistana səfər etdiyi gün Xəzərin statusuna dair Konvensiyanı imzaladı. Düz 1 il sonra! Təsadüf deyil. 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Konvensiya məhz İrəvan yolçuluq ərəfəsində imzalandı və bununla Rusiyanın önəm verdiyi ölkə, yaxud ölkələr Paşinyan hakimiyyətinə də nişan verildi.

Başqa bir mühüm detal. Kremlin rəsmi saytı Rusiya təyyarəsinin fotosunu yayımlayıb, Ağrı dağının fonunda! Sıradan məsələ deyil! Bir vaxtlar XİN başçısı Sergey Lavrov da İrəvanda olarkən ermənilərin ən böyük sərsəm xəyalı olan Ağrı dağının fotosunu telefonu ilə çəkmişdi. Bu dəfə də Kreml Paşinyana demək istəyir ki, çox atlanıb-düşmə, əlimi çəkərəm üstündən, Türkiyənin ayağı altında qalarsan! Erməni mediası bu fotoya diqqət çəkərək Qars müqaviləsini xatırladıblar...
 
LOBBI.Az

Xəbər lenti