Prezident İlham Əliyev qlobal təşəbbüslərin beynəlxalq praktikada tətbiqini uğurla realizə edir - MİLLƏT VƏKİLİ YAZIR

Prezident İlham Əliyev qlobal təşəbbüslərin beynəlxalq praktikada tətbiqini uğurla realizə edir - MİLLƏT VƏKİLİ YAZIR

10 aprel tarixində videokonfrans vasitəsilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fövqəladə Zirvə görüşündən sonra bilavasitə fəaliyyətdə olan sədr kimi, cənab Prezident İlham Əliyevin təlimatları və təşəbbüsü ilə hökumətin müvafiq strukturları arasında da əməkdaşlığın konkret istiqamətləri üzrə nəticələr alınması məqsədi ilə bir-birinin ardınca Türk Şurasının müxtəlif istiqamətli toplantıları baş tutmuşdur.

Bunlar 28 aprel tarixində keçirilmiş Türk Şurasının Səhiyyə nazirlərinin toplantısı, 30 aprel tarixində keçirilmiş Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin toplantısı, daha sonra isə 6 may tarixində keçirilmiş üzv ölkələrin İqtisadiyyat nazirləri və Gömrük İdarələri rəhbərlərinin toplantısı və dünən 7 may tarixində baş tutmuş Miqrasiya sahəsindəki dövlət qurumu rəhbərlərinin toplantısı olmuşdur.

Bütün qeyd olunanlara nəzər yetirdiyimiz zaman biz görürük ki, cənab Prezidentin bilavasitə qlobal lider olaraq dünya səviyyəsində irəli sürdüyü təşəbbüslər, pandemiyaya qarşı birgə mübarizə, qlobal bəladan birgə çıxış yollarının axtarılıb araşdırılması və tapılması, eyni zamanda, ortaq mübarizə proqramlarının ortaya qoyulması, həmçinin iqtisadi tənəzzüldən və bir çox sahələrdəki çətinliklərdən çıxmaqla bağlı birgə konkret tədbirlər planının hazırlanması, ortaq xartiyanın qəbul olunması, bununla bağlı Dünya Səhiyyə Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa Birliyi, BMT, Qoşulmama Hərəkatı kimi dünyanın bir çox aparıcı və nüfuzlu beynəlxalq təşkilatları və qurumları ilə əməkdaşlığa çağırışların elan olunması və bu çağırışlara dünya liderləri və beynəlxalq təşkilatlatlar tərəfindən müsbət rəy və dəstək verilərək sahib çıxılması, cənab Prezidentin bu istiqamətdə atdığı xüsusi addımların əsas tərkib hissəsidir. Burada əsas məqsəd qlobal idarəetmə mexanizmində konkret hədəflərin müəyyənləşdirilməsi və bu hədəflərə doğru birgə fəaliyyət müxanizminin işlənib hazırlanmasıdır. Əlbəttə ki, baxdığımız zaman burada çox vacib və lazımlı faktları görə bilirik.

Bütün bu beynəlxalq təşəbbüslər içərisində ən sürətli şəkildə reaksiya verən və konkret istiqamətlərdə hökumətlərarası çalışma qruplarını işə salaraq konkret addımlar atan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası xüsusilə fərqlənməkdədir. Eyni zamanda, digər beynəlxalq təşkilatlar üçün nümunə və model rolunu oynamaqdadır. Ümumiyyətlə, böhrana qarşı mübarizədə Azərbaycan modelinin ortaya çıxmasının əsas təşəbbüskarı qlobal təşəbbüslərin memarı olaraq cənab Prezident İlham Əliyevdir.

Məlum olduğu kimi, İqtisadiyyat, Ticarət nazirləri və Gömrük İdarələri rəhbərlərinin Türk Şurası çərçivəsindəki toplantısında çox önəmli qərarlar qəbul edilmişdir. Həmin qərarlar Azərbaycan dövlət rəhbərinin bu sahədə nə qədər uzunmüddətli və konkret hədəfə yönəlmiş təşəbbüslər irəli sürdüyünü bir daha göstərməkdədir.

COVID-19-a qarşı mübarizə çərçivəsində onun təsirlərinin azaldılması üçün ortaq fəaliyyət strategiyasının həyata keçirilməsi, hökumətlər arasında keçirilən toplantılarda alınmış qərarlardan biri olaraq daxili və xarici idxal və ixracın stabilləşdirilməsi, hökumətlərimizin bu sahədə müvafiq nazirlikləri və qurumlarının birgə əməkdaşlıq prinsiplərinin meydana çıxması, daha sonra qida təhlükəsizliyinin çox əhəmiyyət kəsb etdiyi vurğulanaraq zəruri məhsulların üzv və müşahidəçi ölkələr arasında ortaq siyahısının təsdiq edilməsi və əlbəttə ki, dərman və tibbi ləvazimatların, humanitar yardımların və əsas istehlak mallarının gömrüklərdən sürətli keçirilməsi, qeydiyyatının aparılması məqsədi ilə yeni bir sistemin, elektron ön məlumat vermə informasiya paylaşma sisteminin yaradılması işi bu istiqamətdəki malların, yüklərin daşınması və lazımi nöqtələrə çatdırılmasında çox mühüm rol oynayacaqdır. Bununla bağlı Türk Şurasının İqtisadiyyat nazirlərnin toplantısında qərarlar qəbul edilmişdir.

Eyni zamanda, idxal vergi dərəcələrinin aşağı salınması, yuxarıda adı keçən məhsulların sürətli keçidinin təmin edilməsi məqsədilə Türkdilli dövlətlərin üzv və müşahidəçi ölkələri arasında yeni bir Yaşıl Dəhliz (Green Corridor) sisteminin tətbiq edilməsi, bir daha cənab Prezident İlham Əliyevin qlobal pandemiyaya və krizisə qarşı mübarizə çərçivəsində verdiyi qlobal təşəbbüslərin həyatda tətbiqini göstərməkdədir.

Tərəflər ilk dəfə olaraq qida təhlükəsizliyi istiqamətində ortaq çalışma platformasının yaradılmasına qərar vermişlər. Bu çox önəmli və vacib faktorlardan biridir. Çünki bütün ölkələrin təhlükəsizlik prinsiplərinin içərisində qida təhlükəsizliyi ən önəmli yerlərdən birini tutmaqdadır.

Eyni zamanda, 28 aprel tarixində keçirilmiş Səhiyyə nazirlərinin toplantısında ortaq tədarük sisteminin qurulması, dərman və tibbi materialların ortaq istehsalı, həmçinin, bu sahədə atılan addımlara və digər struktur sahələrinə tam dəstək verilməsi qərara alınmışdır. Bununla yanaşı, məlum olduğu kimi, 30 aprel tarixində Türk Şurası Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin toplantısı keçirilmiş və bu istiqamətdə Nəqliyyat Koordinasiya Mərkəzinin gücləndirilməsi məqsədilə İqtisadiyyat, Ticarət və Gömrük İdarələri sahəsində məsul olan nazirlərin və rəhbərlərin də bu koordinasiya qrupuna əlavə olunması qərara alınmışdır ki, işin sürəti artsın, həmçinin xidmət keyfiyyəti yüksəldilsin.

Mal və xidmət dövriyyəsinin dayanıqlılığını daha güclü şəkildə təmin etmək məqsədi ilə belə bir Nəqliyyat Koordinasiya Mərkəzinin yaradılması və gücləndirilməsi çox mühüm bir əhəmiyyət kəsb etməkdədir.

Eyni zamanda tərəflər sənaye bölgələrinin, texnoparkların və ticarət yerlərinin qurulması, bu sahədə mövcud strukturların inkişafı və onların birgə istifadəsi ilə bağlı birgə razılıq əldə etmişlər. Misal üçün, Türkiyəyə aid olan bir sənaye parkından birgə istifadə və ya Azərbaycana aid olan bir ticarət evindən birgə istifadə, üzv ölkələrin birgə fəaliyyəti, əslində Avropa Birliyi modelinin Türk Dövlətləri arasında tətbiqinə böyük bir şərait yaradır. Bu çevikliyi artırır, üzv ölkələrin biri-biriləri ilə iqtisadi, ticarət, enerji, nəqliyyat, vergi və gömrük sahəsindəki münasibətlərinin daha da gücləndirilməsinə və aktivliyinə çox böyük imkanlar yaradır.

Eyni zamanda, məlum olduğu kimi, neçə illərdir Azərbaycan Prezidenti cənab İlham Əliyevin bilavasitə təşəbbüsü ilə Ortaq Türk Sərmayə (İnvestisiya) Fondunun yaradılması ilə bağlı işlər aparılmaqdadır. Qlobal çağırışlar zəmnində cənab Prezidentin verdiyi tapşırıqlara əsasən İqtisadiyyat nazirlərinin toplantısında bu məsələ xüsusi müzakirə olunmuş və Ortaq Türk İnvestisiya Fondunun sürətlə qurulması üçün nazir müavinləri səviyyəsində xüsusi komitənin yaradılması qərara alınmışdır.

Milli valyutaların birgə istifadəsi və qarşılıqlı ticarət dövriyyələri içərisində milli (yerli) valyutalardan istifadə olunması və bununla bağlı ortaq strategiyanın tətbiqi də alınan qərarlar içərisində xüsusi yer tutmaqdadır. Bu məsələ iqtisadi dayanıqlılığın artırılması, tənəzzülün qarşısının alınması və pandemiya sonrakı dövrdəki iqtisadi inkişaf və dirçəlişə mühüm töhfə verə biləcək əsas amillərdən biridir.

Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmiryolunun imkanlarından maksimum şəkildə istifadənin təşviq olunması, ortaq koridora yükdaşımalar istiqamətində dəstəyin verilməsi və Avropa-Asiya, Şərq və Qərb arasındakı yükdaşımalarda Bakı-Tbilisi-Qars dəmiryolunun rentabelliliyinin, dayanıqlılığının və marağın artırılması ilə bağlı üzv ölkələrin birgə təbliğat və birgə addımlar atması ilə əlaqədar qəbul etdikləri qərarlar da bu istiqamətdəki konkret təşəbbüslərin praktik həyatda təsdiqini tapmasının bariz nümunəsi olaraq qəbul oluna bilər.

Həmçinin buradakı çox önəmli məsələlərdən biri də 21-ci əsrdəki müasir texnologiyalar və innovativ yanaşmalara üzv ölkələrimizin hökumətlərinin sürətli reaksiya verməsi və yanaşması əsas alınmaqdadır ki, burada rəqəmsal iqtisadiyyatın və onlayn ticarət sahələri üçün ortaq bir sistemin yaradılması meyarları yer tutmaqdadır. Bu məqsədlə onlayn ticarət sahələrinin genişləndirilməsi, əhalimiz və üzv ölkələrdəki vətəndaşlar arasında bu ticarət sahəsinin inkişaf etdirilməsi həm əsas məqsəd daşıyır, həm də rəqəmsal iqtisadiyyatın gücləndirilməsi və keçidi ilə bağlı mühüm münbit şərait yaradılmasına kömək edir.

Eyni zamanda, məlum olduğu kimi, Avropa Birliyinin üzvü Macarıstan Türk Şurasının tam hüquqlu müşahidəçi üzvüdür. Macarıstanın bilavasitə təklifi ilə maraqlı bir ideya ortaya çıxmışdır. Deməli, Macarıstan vasitəsilə Türk Şurası üzv ölkələrinin, iş adamlarının iştirakını təşviq edərək ortaq şirkətlərin qurulması ideyası. Macarıstanın Avropa Birliyinə tam hüquqlu üzvlüyünü vurğulayaraq, oradakı qanuni və hüquqi imkanlarından istifadə edərək, imtiyazlı sərmayə imkanlarından Avropa Birliyi çərçivəsində faydalanması üçün ortaq fəaliyyət planının hazırlanması ilə bağlı məsələlər də üzv ölkələrin nazirləri arasındakı iclasda razılaşdırılmışdır.

Həmçinin, burada Türk Odaları və Borsalar Birliyi olaraq tanıdığımız Türk Birjaları Assosiasiyalarının təcrübəsindən də istifadə olunması haqqında qərar qəbul edilmişdir.

Məlum olduğu kimi, Miqrasiya sahəsindəki dövlət qurumu rəhbərlərinin toplantısı 7 may tarixində baş tutmuş və pandemiyadan yaranan səbəblərə görə üzv ölkələrdə qalmış, hərəkət məhdudiyyəti ilə qarşılaşmış vətəndaşların müvəqqəti qeydiyyat proseslərində xüsusi yanaşmanın tətbiq olunması və onların bütün əngəllərdən və bürokratik problemlərdən qurtarılaraq pandemiya üzv ölkələrdə bitənə qədər orada rahat yaşaya bilmələri üçün müvafiq qanuni şəraitin və dəstəyin təmin edilməsi də qardaş dövlətlərin miqrasiya sahəsində birlikdə və bərabər fəaliyyətinin əsas nəticəsi kimi ortaya çıxa bilər.

Belə ki, toplantı çərçivəsində iştirakçılar viza və yaşayış-iş icazələrinin verilməsi üçün görülən tədbirlər, tətbiq olunan prosedurlar və statistika haqqında məlumat mübadiləsi həyata keçirməklə, təhsil almaq və işləmək kimi bir-birlərinin torpaqlarında müxtəlif səbəblərə görə müvəqqəti qalan üzv və müşahidəçi ölkələrin vətəndaşlarına dəstək və kömək yollarını müzakirə etmişlər.

Tərəflər bu müddətdə viza və yaşayış icazəsini pozan vətəndaşlara qarşı hər hansı bir inzibati və ya cinayət işi qaldırılmayacağı haqqında razılığa gəlmişlər.

Toplantının sonunda tərəflər bir-birlərinin torpaqlarında yaşayan çox sayda vətəndaşı nəzərə alaraq, zamanında qarşılıqlı məlumat mübadiləsi, vətəndaşların viza və miqrasiya problemlərinin həlli üçün lazımlı tədbirlərin əlaqələndirilməsi, eyni zamanda qəbul edilmiş qərarların icrası, epidemiya və ondan sonrakı dövrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün Miqrasiya Koordinasiya Qrupunun yaradılması haqqında razılığa gəlmişlər.

Bütün yuxarıda qeyd olunanların fonunda və eyni zamanda, yaxın günlərdə Qoşulmama Hərəkatının Səhiyyə nazirlərinin ortaq toplantısının keçirilməsi ilə bağlı alınan qərar da Azərbaycan Prezidenti cənab İlham Əliyevin bilavasitə qlobal lider olaraq verdiyi dünya səviyyəsindəki təşəbbüslərin, təkliflərin, ideyaların konkret nəticələri olaraq göz önünə çıxmaqdadır. Əlbəttə ki, biz bunların hamısını yüksək dəyərləndirməklə yanaşı, bu fəaliyyətin hər birini xüsusi analiz və təhlil etməli, bununla bərabər Azərbaycan cəmiyyətinə geniş, çoxşaxəli və ətraflı məlumatlar verməliyik. Ən çətin və idarə olunması müəyyən ciddi maneələrlə qarşılaşan bütün dünyanın bu bəla ilə mübarizə etdiyi, ABŞ, Rusiya kimi dünyanın super güclərinin belə pandemiyaya qarşı mübarizədə çətinliklərlə üzləşdiyi bir dövrdə Azərbaycan Prezidentinin xüsusi təşəbbüslərlə çıxış edib dünyanın bu bəladan qurtarılması ilə bağlı konkret hədəflərə söykənən ideyalar verməsi, dünyada hər zaman qeyd etdiyimiz kimi, idarə edilənlər deyil idarə edənlər siyahısındakı liderləri içərisinə daxil olmasının çox böyük bir əsasını və təməlini qoymuşdur. Bu gün ona görə də bütün dünya liderləri, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan Prezidentinə çox hörmətlə, diqqətlə, yüksək dəyərlə yanaşmaqdadırlar və Azərbaycan Prezidentinin verdiyi ideyaların və təşəbbüslərinin sadəcə bir sözlə deyil, arxasında konkret məqsədlər, səbəblər və dünya birliyinin daha da güclənməsinə, iqtisadi tənəzzülün qarşısının alınmasına, siyasi, humanitar və sosial həmrəyliyə yönəlmiş konkret addımlarla təmin olunmasına şərait yaradan tarixi təşəbbüslər olduğunu görməkdə və dəstəkləməkdədir. Biz əminik ki, yaxın dövrdə, pandemiyaya qarşı mübarizə çərçivəsində bu addımların hər biri yüksək nəticələrini verəcəkdir və dünyanın bu bəladan qurtarılması, krizisin idarə olunması və pandemiya sonrası dövrdəki iqtisadi dirçəlişdə Azərbaycan Prezidentinin tarixi təşəbbüsləri, qlobal lider olaraq verdiyi təşəbbüslər xüsusi yerini alacaq və konkret nəticələr verəcəkdir.

 

 

 

 

Azərbaycan Respublikası Milli Məclisinin

deputatı Ramil Həsən


 

Xəbər lenti