Polkovnik: “Ordumuzun gücündən qorxuya düşən ermənilər sərsəm bəyanatlar verirlər”

Polkovnik: “Ordumuzun gücündən qorxuya düşən ermənilər sərsəm bəyanatlar verirlər”

"Son günlər Ermənistan rəhbərliyi ölkədəki problemlərdən, koronavirus pandemiyasının yaratdığı acınacaqlı durumdan və iqtisadi böhrandan diqqəti yayındırmaq üçün Dağlıq Qarabağ mövzusunu yenidən aktivləşdirib”.

Bunu "MediaPost”a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun sonuncu genişmiqyaslı təlimləri Ermənistanda təşviş yaradıb. Ş.Ramaldanov vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Azərbaycan Ordusunun son təlimlərinə münasibət bildirmək məcburiyyətində qalıb: "O, ordumuzun təlimlərini hazırlıqsız olmaqla "güc nümayişi” və "psixoloji təyziq” kimi qiymətləndirib. Erməni tərəfinin bu sərsəmləmələrinin səbəbi nədir? Əvvəla, ermənilərin Azərbaycan Ordusu barədə nə deməkləri qətiyyən maraqlı deyil və heç bir əhəmiyyət kəsb etmir. Amma baş qərargah rəisi bununla erməni ictimaiyyətini sakitləşdirməyə çalışır.

Ümumiyyətlə, Ermənistanda genişmiqyaslı təlimin nə olduğunu, necə keçirildiyini bilmirlər. Çünki bunun üçün nə maliyyə, nə texniki resursları var. Maksimum tabor təlimləri təşkil edirlər. Əgər Ermənistan ordusu genişmiqyaslı təlimlər keçmədən, bizim təlimlərə qiymət verirlərsə, təbii ki, gülüncdür. Onların hərbi rəhbərləri gülünc duruma düşüb”.

Ehtiyatda olan polkovnik vurğulayıb ki, Azərbaycan Ordusunun gücü Ermənistan ordusu ilə müqayisə oluna bilməz. İşğalçı ölkənin ordusu acınacaqlı vəziyyətdədir: "Prezident İlham Əliyev bu yaxınlarda Tərtərdə bildirdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov isə bildirib ki, Ali Baş Komandanın bu sözlərini şəxsi heyət əmr kimi qəbul edir və istənilən vaxt düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır. Düşmən bilməlidir ki, bu dəfə bizim vuracağımız zərbə Aprel döyüşlərindən fərqlənəcək və ölkəsinin iqtisadi, siyasi, hərbi dağılmasına gətirəcək. Azərbaycan Prezidentinin və Müdafiə nazirinin bu bəyanatları Ermənistanda həyəcan yaradıb. Düşmən ölkənin rəhbərliyi həyəcan və qorxu altında müxtəlif bəyanatlar veriblər”.

Polkovnik:

Ş.Ramaldanov vurğulayıb ki, sonuncu genişmiqyaslı təlimlər Azərbaycan Ordusunun hətta koronavirus pandemiya dövründə də istənilən tapşırığı yerinə yetirməyə qadir olan sağlam orqanizm olduğunu göstərdi: "Ordumuzun şəxsi heyətini virusdan qorumaq mümkün oldu. Əvvəlcədən hazırlıq görüldü və sanitar-epidemioloji tələblər qorunmaqla təlimlər təşkil olundu.

Təlimlərdə şəxsi heyət yüksək peşəkarlıq nümayiş etdirdi. Komanda heyəti göstərdi ki, hətta çətin şəraitlərdə də öz hərbi birləşmələrini dəqiq idarə edə bilirlər. Texnika saz vəziyyətdədir, onu idarə edən heyət ustalıq nümayiş etdirdi.

Belə kütləvi, plan üzrə olan təlimlər- bütün şəxsi heyətin hazırlıq səviyyəsinin yüksək olduğuna əminlik yaratdı. Hələ təlimlər başlamamışdan əvvəl erməni tərəfi hay-küy qoparmışdı. Deyirdilər ki, Azərbaycan təlimlər zamanı tankların lüləsini Ermənistana tərəf çevirəcək. Əlbəttə, nə zamansa Azərbaycan tankları düşmənin üzərinə gedəcək. Amma bu indi yox, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına ümid tükənəndə baş verəcək. Onda tanklar da, toplar da, raketlər də işə düşəcək. Sonuncu genişmiqyaslı təlimlər göstərdi ki, Azərbaycan Ordusu necə vəhdət içindədir”.

Polkovnik:

Ehtiyatda olan polkovnik hesab edir ki, Ermənistan rəhbərliyi indiki mərhələdə əbəs yerə həyəcanlanıb, çünki Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir müddət əvvəl Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonun işğaldan azad olunması və Azərbaycana qaytarılması ilə bağlı bəyanat verib: "Bəlkə də, bu bəyanatı başqa bir dövlətin rəsmisi səsləndirsəydi, əhəmiyyət verməmək olardı. Lakin bunu Rusiya XİN rəhbəri deyirsə və ernməni tərəfi razılaşmırsa, bu, bizə güc tətbiq etmək üçün əsas verir.

Ermənilər də bu yaxınlarda "andiçməni” Şuşada təşkil etməklə Azərbaycan tərəfini qıcıqlandıraraq hərbi əməliyyata təhrik etmək istədilər. Onlar bununla Sergey Lavrova nümayiş etdirmək istəyirdilər ki, Azərbayucanla danışıqlar aparmaq olmaz. Lakin Prezident İlham Əliyevin müdrik siyasəti onların planını pozdu.

Azərbaycan xalqı əmin olmalıdır ki, ermənilər konstruktiv mövqeyə gəlməsə, hərbi güc tətbiq olunacaq. Biz öz torpaqlarımızı azad edəcəyik və hər şey buna doğru gedir”.


Xəbər lenti