“Ordu tənqid edilə bilməz, ancaq sevilə bilər” - Deputat

“Ordu tənqid edilə bilməz, ancaq sevilə bilər” - Deputat
"Ordu tənqid edilə bilməz, ancaq sevilə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə son vaxtlar sosial şəbəkələrdə orduya, ordu rəhbərliyinə qarşı qarayaxma kampaniyalarının aparılması ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib. Deputat bildirib ki, Azərbaycan silahlı qüvvələrinin cəbhə xəttində döyüş hazırlığı çox yüksək səviyyədədir:



"Ermənistan fərqinə varır ki, Azərbaycan torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Hətta sabiq prezident Serj Sarkisyan son bəyanatında bildirib ki, Azərbaycan heç zaman o torpaqların müstəqilliyinə razılıq verməyəcək. Azərbaycan silahlı qüvvələrinin həm cəbhə xəttində, həm  Ermənistanla sərhəd xəttində döyüş hazırlığı çox yüksək səviyyədədir. Ermənistanın cavabı isə sadəcə olaraq özünün mövcudluğunu yada salmaqdır. Ermənistanın nə hərbi hazırlığı, nə silah-sursat təhcizatı Azərbaycana çata bilər. Ara-sıra baş verən döyüşlərdə, hərbi toqquşmalarda da Ermənistan bunu bütün gücü ilə hiss edir”.

Sosial şəbəkələrdə ordu və ordu rəhbərliyinə qarşı aparılan qarayaxma kampaniyasına gəlincə, Aydın Mirzəzadə buna təəssüf etdiyini vurğulayıb:

"Sosial şəbəkə izləyiciləri yazılarının, rəylərinin Azərbaycanın təhlükəsizliyinə nə dərəcədə təsir etməyin fərqinə varmalıdır. Bizim hansısa bir məlumatı yazmağımız təhlükəsizliyimizə ciddi təsir edə bilər. Düşmən ayıqdır, bizim sosial şəbəkələri, medianı, televiziyaları izləyir. Bu gün Ermənistan xüsusi xidmət orqanlarında Azərbaycan dilini bilən, Azərbaycan içində gedən prosesləri izləyən çox sayda mütəxəssisləri var. Eyni zamanda sadə vətəndaş da diqqətli olmalıdır. Ordumuzla bağlı hər hansı ehtiyyatsız fikirin səslənməsi də öz mənfi təsirini göstərə bilər. Mən buna təəssüflənirəm və hər bir kəsi diqqətli olmağa çağırıram. Bu, şəxsi məsələ deyil, ölkənin milli təhlükəsizlik məsələsidir. Mən bu məsələdə cəmiyyəti diqqətli olmağa səsləyirəm”.

LOBBI.Az

Xəbər lenti